Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da yaşayan qarabağlı memar-rəssam - Foto
qarabağlı

Daxilən zəngin adamları gözlərindən tanımaq olur. Belə insanların heç zaman dilə gətirməyəcəkləri fikir və düşüncələrini baxışlarından duyub anlayırsan. Əbəs yerə, "gözlər qəlbin aynasıdır", deməyiblər ki. Mən o aynada dərdə, qəmə boyun əyməyən, həyatın çətin imtahanlarından alnıaçıq, üzüağ çıxan bir xoşbəxt insanı gördüm…

Öz mənəvi dünyası var. Haqq, ədalət, dürüstlük, xeyirxahlıq bu dünyanın əsas meyarlarıdır. Heç vaxt heç nəyə təəssüflənmir, çünki qərar verdiyi an şəraitə uyğun qənaətə gəlir. Yalan danışan adamlar gözünün düşmənidir. İnsanda yüksək dəyərləndirdiyi keyfiyyət isə imkansıza təmənnasız yardım etməsidir. Başladığı işi sona çatdırmasa rahat ola bilmir. Yaxın dostlarına hədiyyə verməyi xoşlayır…

Ötən əsrin 60-70-ci illərində çəkilmiş Azərbaycan bədii filmlərində səslənən mahnılara, eləcə də muğamlarımıza qulaq asmaqdan yorulmur. Alim Qasımovun, Aygün Bayramovanın, Mənsum İbrahimovun, Nəzakət Teymurovanın ifasında muğam dinləyərkən xüsusi zövq alır…

…Deyir ki,- "Qarabağ mənim yaralı yerimdir. Gecələr yuxularımda doğulduğum Ağdamı görəndə ürəyim tir-tir əsir. İnşəallah torpaqlarımız işğaldan azad olsun, bölgədəki rayonların yenidən qurulmasında öz layihələrimlə iştirak etməyə hazıram"…

Haqqında söhbət açdığım memar-rəssam Yavər Rzayev 1962-ci ildə Ağdam rayonunda dünyaya gəlib. 1979-cu ildə orada 6 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1980-1982-ci illərdə hərbi xidmətdə olub. 1983-cü ildə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakultəsinə qəbul olunub. İki il sonra təhsilini davam etdirmək üçün onu keçmiş Çexoslavakiyanın Bratislava şəhərindəki Ali Texniki Universitetə göndəriblər. Orada dörd il oxuyaraq memar-mühəndis ixtisasına yiyələnib. 1989-1991-ci illərdə həmin universitetin memarlıq layihəsi kafedrasında müəllim işləyib.

1991-1996-cı illərdə Meksikada yaşayıb. Orada həm memarlıq edib və həm də restoran işlədib. 1996-cı ildə doğma vətənə, Bakıya dönüb. 2000-ci ildə Amerikaya gələnədək Bakıdakı restoranlardan birinə rəhbərlik edib. ABŞ-a köçdükdən sonra isə il yarım Vaşinqtondakı restoranlardan birində çalışıb. Sonradan "The Gate House" adlı tikinti və memarlıq şirkəti yaradıb. Hazırda həmin şirkətə rəhbərlik edir.

2006-cı ildən ABŞ-ın yay paytaxtı sayılan Delever ştatının kurort şəhəri Rehoboz Biçdə yaşayır. Rəhbərlik etdiyi şirkət imkanlı amerikalılar üçün fərdi villaların tikintisi ilə məşğul olur…

…Bir oğlu var, adı Emildir. 27 yaşlı bu gənc Meksika Dövlət Universitetinin musiqi və bəstəkarlıq fakultəsini bitirib. Hazırda magistraturada təhsil alır. Yeri gəlmişkən, Emilin diplom işi muğam, Azərbaycan klassik bəstəkarlarının musiqisi mövzusunda olub…

Yağlı boya ilə kətan üzərində gözəl rəsmlər çəkir. İndiyədək ABŞ-ın bir sıra böyük şəhərlərində sərgiləri də keçirilib. Bu sərgilərdən bəzilərini Azərbaycanın ABŞ-dakı səfirliyi təşkil edib. İndiyədək ən baha satdığı əsər isə otuz min dollar civarında olub. Əsərlərinin bir çoxu Qarabağ mövzusundadır. Tarixi, sənədli filmləri seyr etməyi, məşhur rəssamların, sənət adamlarının həyat və yaradıcılığı haqqında elmi məqalələr oxumağı xoşlayır. İdmanın üzgüçülük növü ilə mütamadi məşğul olur. Böyük tennis oynamaqdan zövq alır...

Sözü bütov, zəngin dünya görüşlü, müdrik, işgüzar insandır. Dostlarının çoxu amerikalılardır. Evində məclislər təşkil edib tez-tez onları qonaq edir. Azərbaycan mətbəxinin təamlarını, mədəniyyət nümunələrimizi dostlarına sevdirməyə çalışır. "Əgər daha böyük uğurlara imza atmaq istəyirsənsə amerikalılara qaynayıb-qarışmağı bacarmalısan. Onda bütün qapılar üzünə açılmış olacaq"- söyləyir…

Söhbətimin əvvəlində əbəs yerə gözlərdən söz açmamışdım. Bəli, onun gözlərinin dərinliyində bir nisgil də gördüm, Qarabağ nisgili. Bu nisgil onu Amerikada da rahat buraxmır…

Elman Eldaroğlu, ABŞ, Miçiqan

Paylaş »
››› Ərdoğan "Suriyaya döyüşə getmək istəyirəm" deyən çempionumuza cavab verdi - Video
››› Erməni batalyonu Türkiyə Ordusuna qarşı döyüşə yollandı
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir
››› Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
Son xəbərlər
Bütün xəbərlər »