Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“REAL mitinqlərin əleyhinə deyil, AXCP isə seçki əleyhinə kampaniya aparır”
Azər Qasımlı: “Biz mitinqləri ümumi prosesin tərkib hissəsi kimi görürük”

“REAL” partiyasının sədri İlqar Məmmədov müxalifət partiyalarının mitinqlə bağlı müraciətlərinə icazə verilməməsi barədə status yazıb. O, mitinq yolu ilə deyil, seçkilərdə iştirakla dəyişiklik etməyin mümkün olduğunu vurğulayaraq, siyasi partiyaları seçki məsələsində əməkdaşlığa dəvət edib.

Onun bu çağırışına Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli belə reaksiya verib: “Mitinq üçün özünün ayırdığı qapalı stadionda belə mitinq keçirilməsinə razılıq verməyən bir hakimiyyət demokratik seçki keçirərmi? Heç kim özünü aldatmasın. Daha doğrusu, həvəsi varsa, özünü aldatsın, ancaq bizi, xalqı aldatmağa çalışmasın! Xalqımız əvvәlcə bu ölkənin küçə və meydanlarında dinc mitinq, yürüş haqqını təmin edəcək, sonra da demokratik seçkilərlə sülalə rejimini tarixin arxivinə göndərib, haqq etdiyi xalq hakimiyyətini seçəcək!”

İki partiya sədri arasındakı fikir ayrılığı funksionerlərin də müzakirə və mübahisələrinə səbəb olub.

Bizimyol.info məsələ ilə bağlı REAL sədrinin müavini Azər Qasımlının fikirlərini öyrənib.

- Azər bəy, iki partiya arasındakı fikir ayrılığını necə qiymətləndirirsiniz?

- İlqar bəy öz fikrini söylədi, AXCP sədri və nümayəndələri də buna reaksiya verdi. Bu, əslində, normal bir prosesdir. Çoxdandır siyasi partiyalar arasında müzakirələr yox idi. Çünki hamı birlikdən, əməkdaşlıqdan danışır, yaxud da bunu istəyir. Amma bu birlik və əməkdaşlıq olmamışdan əvvəl kim nə istəyir, kimin ideyaları, fikirləri, tutduğu rol daha doğrudur, bunu bir açıqlığa çıxarmaq lazımdır. Təbii ki, bu da müzakirə, mübahisə, debat tələb edir. Ona görə də iki partiya arasındakı müzakirələri ümumilikdə müsbət dəyərləndirirəm. Ümid edirəm ki, bu proses siyasi təşkilatlar arasında uçuruma, həddindən artıq pis nöqtəyə gəlməsinə səbəb olmayacaq.

- Siz partiyanın səlahiyyətli şəxsi və siyasətçi olaraq İlqar Məmmmədovun bu fikirlərini bölüşürsünüzmü? Necə hesab edirsiniz, siyasi dəyişikliyin yolu parlamentə düşməkdən və orada mübarizə aparmaqdan keçir?

- Təbii ki, hakimiyyət dəyişikliyinin yolu tək bundan keçmir. Çünki fərqli ölkələrin təcrübələri, nümunələr var. Məsələn, Tunisdə siyasi müxalifət yox kimi idi, siyasi təşkilatlar çox zəif idi, azad media yox idi, parlamentdə yox idi. Bu ölkədə heç bir siyasi proses, demokratik təsisatlar – siyasi partiyalar, azad media, qeyri-hokumət təşkilatları , parlamentarizm olmasa da, cəmiyyətdə altdan gedən müəyyən dinamikalar vardı. Tunisdə ani bir hadisədən proses yarandı və burada siyasətçilər, siyasi partiyalar iştirak etmədi. Yəni, heç kimin gözləmədiyi bir anda ölkədə vəziyyət dəyişdi və bu, siyasi hakimiyyətin dəyişməsinə gətirib çıxardı. Bunu xalq üsyan şəklində etdi. Yəni siyasi təşkilatlar tərəfindən edilməməsinə baxmayaraq, nəticə hakimiyyət dəyişikliyinə səbəb oldu. Bu da bir variantdır və heç kim bu variantı gözdən qaçırmasın. Bizim ölkədə də Tunis kimi proseslərin baş verməsi mümkündür.

Hakimiyyət dəyişikliyinin digər bir üsuluna Gürcüstanı misal çəkək. Orada Saakaşvili hakimiyyətə gələndə parlament seçkilərində iştirak etdilər. Orada da seçki komissiyaları iqtidaryönlü idi, Şevernadzeyə yaxın idilər. Orda da seçkilər saxtalaşdırıldı. Amma bundan sonra hansı proseslər oldu: insanlar meydana axışdı, etiraz etdi və Şevernadze istefa vermək məcburiyyətində qaldı. Eyni proses vaxtilə Ukraynada da baş verdi. Yanukoviçlə Yuşşenko seçkilərdə iştirak ediurdilər və ölkənin Mərkəzi Seçki Komissiyası birinci turda guya Yanukoviçin qalib gəldiyini elan etmişdi. Amma burada da Gürcüstanda olduğu kimi xalq etiraz etdi, yüz minlərlə insan meydana çıxdı və ikinci turun keçirilməsinə nail ola bildilər. İkinci turda da hakimiyyətin namizədi Yanukoviç uduzdu və hakimiyyətdən getmək məcburiyyətində qaldı. Bu tipli proseslər tək post-sovet ölkələrində deyil, fərqli qitələrdə fərqli ölkələrdə baş verib. Bu nümunələrin hamısı universaldır və heç kim deməsin ki, həmin proseslər Azərbaycanda ola bilməz.

Yaxud da elə Ermənistanda keçən il olan proseslərə, Paşinyanın hakimiyyətə gəlməsinə baxaq. Ortaya sual çıxa bilər ki, 5-10, yaxud 20 mandatla parlamentdə nə etmək olar? Həm Azərbaycanın tarixindən, həm də Ermənistanda ötən il baş verən proseslərdən nümunə gətirim. Paşinyanın parlamentdə 7 mandatı vardı. Seçkilərdə çox az səs toplamışdı. Təbii ki, bunun səbəbləri müxtəlifdir, amma ən əsas səbəb o idi ki, azad, ədalətli və demokratik seçkilər olmamışdı. Ona görə də Paşinyanın cəmi 7-8 mandatı vardı. Amma nəticədə, Paşinyan parlament tribunasından istifadə edərək özünü və partiyasını daha çox tanıtdı, ölkədə dəyişikliklərə nail ola bildi.

Yaxud Azərbaycan Ali Sovetində vaxtilə “Demblok” və “Komblok” vardı. Ali Sovetin 365 deputatında səhv etmirəmsə, yalnız 50 nəfəri “Demblok”a aid idi və bu da 13-14 faiz edir. Amma o deputatlar elə fəaliyyət göstərdilər ki, digər deputatları da öz tərəflərinə çəkə bildilər.

Amma bütün bunların baş verməsi üçün həm dünyada, həm Azərbaycanda ciddi proseslər baş verməlidir. Bu çox önəmlidir və həmin proseslər baş vermədən, siyasətçilər barmaqla yer qazmaqla bir şey əldə edə bilməyəcəklər. Çünki hər şey təkcə siyasətçilərdən asılı deyil. Dünyada gedən proseslərdən də çox şey asılıdır. Mən məsuliyyəti üzərimizdən atmağın tərəfdarı deyiləm. Amma siyasətçi də prosesə uyğun, adekvat hərəkət etməlidir. Biz prosesləri bu cür görürük. Ona görə, əgər parlamentə düşüb, seçicilərin, vətəndaşların istəklərini həmin o parlament tribunasından səsləndirmək mümkündürsə, bunun edilməsi normaldır. Hətta sənin səsləndirdiyin fikirlər, təkliflər keçməsə belə, o tribunadan istifədə edib səsləndirmək vacibdir. Belə deyək ki, ya parlamentdə olub sözünü deyəcəksən, ya da olmayıb deməyəcəksən. Bu halda desən daha yaxşı olar. Guya indi nə edə bilir ki, həmin o müxalifətdə olan şəxslər? Heç nə edə bilmirlər, parlamentin də qapıları onlar üçün bağlıdır.

- Bu müzakirənin qarşı tərəfi olan AXCP-nin isə fikri belədir ki, azad və ədalətli seçkilər olmadan parlamentdə də düşmək mümkün deyil və mitinqlər yolu ilə demokratik seçkilərə olunmalıdır. Siz necə hesab edirsiniz, REAL namizədləri parlamentə düşə biləcəklərmi?

- Biz mitinqlərin keçirilməsinin əleyhinə deyilik. Demirik ki, mitinqlər pisdir, keçirilməməlidir. Amma problem ondadır ki, qarşı tərəf – AXCP seçkiyə, seçki institutuna qarşı təbliğat aparır. Son mitinqlərin heç birinə icazə verilməyib, ona görə də biz əslində olmayan bir şeydən danışırıq. Kimsə mitinq keçirmək istəyirsə, gedib keçirsin. Bu, bizim strategiya deyil. Biz mitinqləri ümumi prosesin tərkib hissəsi kimi görürük və təbii ki, təsirli siyasi alət hesab edirik. Həm də mitinq keçirmək vətəndaşların, o cümlədən də siyasi təşkilatların hüququdur. Biz bunun əleyhinə çıxmırıq, amma qarşı tərəf təəssüf ki, qarşı tərəf seçkilərə qarşı kampaniya aparır. “Seçkilər onsuz da saxtalaşdırılacaq, seçkilərə getmək lazım deyil, kimlərsə saxta seçkilərə gediub mandat qazanmaq istəyir” – tipli fikirlər səsləndirirərək, seçkiyə qarşı mənfi tipli təbliğat aparırlar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »