Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimdən məktəb direktoruna qarşı ittiham

Yasamal rayon 308 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Nəcəfquliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsindən və məktəb direktorundan şikayətçidir.

O, bu barədə bizimyol.info-ya göndərdiyi müraciətdə qeyd edib.

K.Nəcəfquliyevanın müraciətində bildirilib ki, 2016-cı ildə təyinatla Bakı şəhəri, Yasamal rayonu Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbə göndərilib: “Məktəbin direktoru Təranə Məmmədovanın qanunsuz tələbini yerinə yetirmədiyim üçün mənə qərəzli münasibət bəsləyib, kobud davranıb.

2016-cı ilin dekabr ayının sonunda dərs dediyim 9 “a” və 9 “ç” sinifləri məndən əsassız olaraq alınaraq həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən, məktəbin Azad Həmkarlar Təşkilatının sədri olan, diaqnostik qiymətləndirmədə ümumi ixtisas balı məndən qat-qat aşağı, yəni 25 bal olan Zərifə Hidayətovaya verilib. Onun da dərs dediyi 8 “ç” sinfi mənə verilir.

2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinə şifahi müraciətim əsasında mənə verilmiş 10 “c” sinfi düz 1 ay sonra, yayda isə dərs bölgüsü zamanı 8 “ç” sinfi məndən qanunsuz alınaraq diaqnostik qiymətləndirmədə ümumi ixtisas balı məndən qat-qat aşağı, yəni 22 bal toplayan müəllimə verilir”.

K.Nəcəfquliyevanın sözlərinə görə, 2017-2018-ci tədris ilində isə Səidə Hüseynovanın sinif rəhbəri olduğu 5 “e” sinfində münaqişə yaradılıb: “Qeyd edim ki, ötən illərdə də Səidə Hüseynovanın rəhbərlik etdiyi başqa sinifdə də məktəbin digər bir Azərbaycan dili və ədəbiyyat müəlliminə qarşı şagird və valideynlər belə qaldırılıb. Göründüyü kimi belə hallar məktəbdə artıq adət halını alıb. Bu haqda Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizələrlə müraciət etməyimə və aylarla tələb etməyimə baxmayaraq, işə baxılmır və qərar çıxarılmır. Düzdür, mən sonradan həmin sinfə qayıdıram və dərs ilinin sonunadək fənnimi həmin sinifdə tədris edirəm. Yəni direktor T.Məmmədova adının polisdə hallanacağından çəkinərək həmin sinfi mənə qaytarır. Bu tədris ilində isə “sanki silsiləli şəkildə” dərs dediyim 5 “ə” sinfinin bir qrup valideynləri tərəfindən direktor T.Məmmədovanın otağında heç bir tutarlı səbəb göstərilmədən haqsız yerə təhqir və tənqidlərə məruz qalıram. Sonra T.Məmmədova sinfi üzərimdən götürəcəyi ilə məni hədələyir. Səbəb isə dərs bölgüsü zamanı direktorun qanunsuz tələbini yerinə yetirməməyim idi.

Qeyd edim ki, həmin valideynlər barəsində 30.01.2019-cu il tarixində polisə yazılı müraciət etmişəm. Eyni zamanda 18 saat dərs yükümün 2 saatı (evdə təhsil) məndən alınaraq yenə Zərifə Hidayətovaya verilir. Qeyd edim ki, ötən il də əlil şagirdə fənni mən tədris etmişəm, heç bir narazıçılıq olmayıb, hətta valideyn və şagird özü fənni mənim tədris etməyimi rəhbərlikdən xahiş edib”.

Ceyhun Bayramov

Müəllimə Könül Nəcəfquliyevanın sözlərinə görə, qeyd olunanlar barədə 09.01.2019-cu il tarixində Təhsil naziri Ceyhun Bayramova müraciət edib: “Bundan sonra hər şey daha da kəskinləşdi. Direktor T.Məmmədovanın aqressiyası o həddə çatdı ki, müəllimlərin qarşısında məni əl-qol atıb təhqir etməkdən belə çəkinmədi. Təhsil Nazirliyinin “qaynar xətti”nə zəng edib hadisəni anlatdım və 08.02.2019-cu il tarixinə Ümumtəhsil şöbəsinə qəbula yazıldım. Baş vermiş hadisədən çox təsirləndim, təzyiqim qaxdı, özümü evə güclə çatdırdım, təcili tibbi yardım briqadası çağırmalı oldum qeyd edim ki, həmin ərəfədə məktəbimizin digər bir müəllimi də direktor T.Məmmədova tərəfindən incidilir və elə məktəbə təcili tibbi yardım briqadası çağrılır. Hadisə barəsində 30.01.2019-cu il tarixində polisə yazılı müraciət etməyimə baxmayaraq, polis işlə gec maraqlanıb və göstərdiyi münasibətə görə onun da haqqında əlaqədar təşkilatlara məlumat verdim. Bütün dincliyim pozulub. Direktor hər dəqiqə bir müəllimi üstümə göndərərək polisdən ərizəmi geri götürməyimi tələb edir. Bunun müqabilində 20, hətta istəsəm, 25 saat dərs yükü vəd verir, “arxası” olduğunu bildirərək məni hədələyir. Müəllimləri də qorxudaraq mənə qarşı qaldırmağa çalışır”.

K.Nəcəfquliyeva bildirib ki, 08.02.2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumtəhsil şöbəsinin müdiri Samirə Bektaşinin qəbulunda olub: “Hadisə barədə məlumat verərək onu vəziyyətlə yaxından tanış olması üçün məktəbə dəvət etdim. 11.02.2019-cu il tarixində Samirə Bektaşi məktəbə gələrək 5 “ə” sinfində dərsimi dinləyir, dərs normal qaydada keçir. Daha sonra 20-25 saat dərs yükü götürməklə kompramisə getməyi təklif edir, əks təqdirdə dərsimi bəyənməyəcəyini bildirir. Mən isə şərtlə razılaşmıram və mübarizəmi sonadək davam etdirəcəyimi bildirirəm. Qeyd edim ki, həmin gün şagirdlərini dərsimdə oturmağa qoymurlar. Hətta tanımadığım bir valideyn “Tez olun, uşağımı verin, avara eləmisiniz məni, işə getməliyəm “ – deyərək uşağını aparmaq istəyir. Dərs hissə müdiri vəziyyətin şahidi olduğumu görərək valideynə bir az gözləyəcəyini bildirir”.

Müəllimə Könül Nəcəfquliyeva bildirib ki, Məktəbdə nizam-intizam qaydaları tamamilə pozulub: “Direktor Təranə Məmmədovanın özbaşınalığı o həddə çatıb ki, bir ayda iki dəfə Pedaqoji Şuranın iclasını çağırır. Yəni 1-ci iclas 05.02.2019-cu il tarixində keçirilən iclasda mənim və müəllimlərin etirazına baxmayaraq 5 “ə” sinfinin 5 “c” sinfi ilə əvəz edilməsi haqqında qərar verir. Cəmi 2 dəfə 5 “c” sinfinə girəndən sonra 5 “ə” sinfi yenidən mənə qaytarılır, lakin sinifdə dərs keçməyə əsla imkan verilmir. Gah 5 “f” sinfinə göndərilirəm, gah da 5 “ə” sinfinin şagirdləri otaqdan çıxarılaraq ötən il dərs bölgüsü zamanı qanunsuz üzərimdən götürülən 5 “q”, indi ki 6 “q” sinfinin şagirdlərini otağa salırlar.

12.02.2019-cu il tarixində 5 “ə” sinfinin şagirdləri ümumiyyətlə məktəbə gəlmirlər. Mən öz dərsimin vaxtında sinfə qalxarkən cəmi 2 şagirdin pilləkənlərdən aşağı endiyini görürəm. Hara getdiklərini xəbər alarkən isə onlar deyirlər ki, Xalidə müəllim (sinif rəhbəri) dedi ki, evə gedin.

15.02.2019-cu il tarixində 5 “ə” sinfinə daxil oluram. Hətta artıq dərsə cavab verən şagirdlər də var idi. Sinif rəhbəri Xalidə Məmmədova məni sinifdın çıxarmaq istəyir, lakin mən çıxmıram. Sonra direktoru təlim-tərbiyə işləri üzrə müavini Aytən Baxışovanı çağırır. Aytə Baxışova sinif jurnalını güclə əlimdən alır və şagirdləri sinifdən çıxarır.

19.02.2019-cu il tarixində, eyni ayda artıq 2-ci dəfə Pedaqoji Şuranın iclası keçirilir. İclasda haqsız yerə təhqir olunmağıma dözməyib zalı tərk edirəm, sonra mənə verilən məlumatlara görə həmin gün 5 “ə” sinfi 1 ayda artıq 2-ci dəfə üzərimdən götürülərək 5 “f” sinfi ilə əvəz olunur. Sabahı gün direktorun otağına çağırılaraq 5 “f” sinfinin valideynləri tərəfindən öyrədilmiş şəkildə şərlənilir və şantaj edilirəm.

Hazırda 18 saat dərs yükümün 9 saatı Zərifə Hidayətovaya verilib. Direktor Təranə Məmmədovadan yazılı şəkildə 05.02.2019 və 19.02.2019-cu il tarixlərində keçirilmiş Pedaqoji Şuranın gündəlik məsələlərini tələb etməyimə baxmayaraq T.Məmmədova bundan boyun boyun qaçırır”.

Məsələ ilə bağlı 308 nömrəli tam orta məktəbdən bizimyol.info-ya bildirilib ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Nəcəfquliyeva 14.09.2016-cı il tarixindən 308 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb: “Fəaliyyətə başladığı gündən IX siniflərdə tədris ona həvalə edilib.

Tədris zamanı siniflərdə səs-küy müşahidə olunduğu üçün dərsin keçirilmədiyini nəzərə alaraq, IX siniflər müəllimdən götürülərək başqa siniflərlə əvəz edilib. Bu cür hallar 3 il ərzində bir neçə dəfə təkrar olsa da, problemlər müəyyən yollarla həll edilib.

Hər il olduğu kimi, bu il də müəllimin dərs yükü 18 saat olmaqla təmin edilib. Eyni zamanda evdə təhsil də ona həvalə edilib.

Ötən tədris ilindən bu günə kimi valideynlər müəllimdən şikayət edir. Şikayət ərizələrinin sayı-hesabı yoxdur. Ərizələrdə müəllimin fənni yaxşı tədris etməməsi, şagirdlərlə davranışı, valideynlərlə düzgün münasibət qurmaması qeyd edilib.

Dəfələrlə müəllimin dərsi dinlənilib və haqlı narazılıqların olması aşkarlanıb. Hətta dərs dinləməsinin birində metodbirləşmə rəhbəri dərsi yenidən şagirdlərə izah etmək məcburiyyətində qalıb. Sözügedən müəllim məktəbə gəldiyi gündən heç bir nizam–intizama tabe olmur. Valideyn və kollektivdə olan müəllimlərin heç biri ilə ünsiyyət qura bilmir. Valideynləri polisə verir və hədələyir. Sinifdə şagirdlərə ailəsindən danışır, tədris zamanı qızının mahnılarını şagirdlərə dinlədir. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb olur.

Şikayətlərin genişlənməsinə səbəb olan amillərdən biri də evdə təhsilin müəllimdən alınması olub. Belə ki, evdə təhsilə cəlb olunan VII sinif şagirdinin valideyni müəllimin tədrisindən narazı olduğunu və ondan qəti şəkildə imtina etdiyini bildirərək məktəbə şikayət ərizəsi təqdim edib. Buna görə də valideynin şikayətini nəzərə alaraq 03.01.2019-cu il tarixindən 2 saatlıq evdə təhsil dərsi müəllimdən geri götürülüb. Bununla yanaşı, valideynlərin şikayət ərizələrinə əsasən, 5 “ə” sinfi 5 “f” sinfi ilə əvəz edilib. Lakin müəllim 5 “f” sinfinə girməkdən imtina edir və israrla 5 “ə” sinfinə dərs deyəcəyini bildirir. 5 “ə” sinifinin şagirdləri isə 04.02.2019-cu il tarixində Azərbaycan dili və ədəbiyyat dərslərinə girməyib və beləliklə dərs prosesi pozulub.

Dəfələrlə müəllimlə söhbət aparılmasına baxmayaraq məsələ öz həllini tapmayıb. Müəllimin nöqsanları azalmaq əvəzinə günü-gündən artır.12.02.2019-cu il tarixdə 5ə sinfinin şagirdləri dərsdə iştirak etməyib. Dərsdə yalnız 2 şagird iştirak edib. Müəllim isə həmin günə dərs jurnalında yeni mövzu yazıb. Qiymətləndirməni düzgün aparmaması ilə bağlı da nöqsanları var.

Məktəbin psixoloqu və digər səlahiyyətli şəxsləri dəfələrlə həm şagirdlərlə, valideynlərlə, həm də müəllimlə söhbət aparsa da, problemin həlli istiqamətində müsbət nəticələr əldə olunmayıb.

Bütün bunları nəzərə alaraq, 19.02.2019-cu il tarixdə növbədənkənar Pedaqoji Şura iclası çağrılıb və Pedaqoji Şurada K.Nəcəfquliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin II hissəsinə əsasən töhmət verilib və 5 “ə” sinifinin dərs yükü üzərindən götürülərək 5 “f” sinifinin dərs yükü ilə əvəz olunub.

Lakin gündəlik yoxlamara əsasən müəllimin 5 “f” sinfində dərslərə girməməsi müəyyən olunub. Məsələ ilə məşğul olan direktor müavininin təqdimatı əsasında AKT tərtib olunub və 5 “f” sinfinin dərs yükü də müəllimdən götürülüb. Hazırda müəllimin 9 saat dərs yükü qalıb. Valideynlər K.Nəcəfquliyevanın uşaqlarla kobud davranması və onlara qarşı təhqiredici ifadələr işlətməsinə görə hüquq-mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət ediblər.

Müəllimin 308 nömrəli tam orta məktəbdə 3 illik fəaliyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Belə ki, dərs dediyi siniflərdə həmişə narazılıqlar yaranıb, aparılan monitorinqlərin nəticələri çox aşağı səviyyədə olub, şagirdlərə daha çox aşağı qiymətlər yazıb, dərs dinləmələrdə müəllim kimi öz peşəkarlığını sübut edə bilməyib.

Hətta Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən dərs dinləməsində də müəllimin dərsinin keyfiyyəti pis qiymətləndirilib və qənaətbəxş hesab olunmayıb”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »