Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İcra hakimiyyətinin təyin etdiyi hakimin müstəqil olması real deyil”

Ələsgər Məmmədli: “Məhkəmə-hüquq sistemində islahatlarla bağlı Fərmanda pozitiv məqamlar olsa da, effektivliyinə inanmaq çətindir”

Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə müvafiq qurumlara tövsiyələr də yer alıb.

Hüquqşünas Ələsgər Məmmədli Bizimyol.info saytına bildirib ki, belə bir sənədin imzalanması gözlənilən idi. “Martın 1-də prezident elan etmişdi ki, belə bir islahatlara ehtiyac var. Amma onun deməsindən əlavə olaraq, bu sahədə olan hər kəs – xüsusilə hüquqşünaslar, vəkillər, hüquqla bağlı problemi olan vətəndaşlar məhkəmə-hüquq sistemində nə qədər böyük çoxşaxəıli problemlər olduğunu bilirdi”.

Ələsgər Məmmədli

Ekspert bildirir ki, fərmanda politiv məqamlar olsa da, bir çox məsələlərin effektivliyi real görünmür.

Fərmanda Məhkəmə-Hüquq Şurasına məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi və akimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılması tövsiyə edilir.

Bundan başqa qeyd dilir ki, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtib olunması təmin edilməlidir.

“Məhkəmədə audioyazının aparılması hakim və prokurorların özbaşına davranışdan çəkindirə bilər”

Ələsgər Məmmədli bildirir ki, bütün məhkəmə proseslərinin audioyazısının aparılması müsbət haldır:

“Bu, ən azından bəlli hakim və prokurorların özbaşına davranışdan çəkindirə bilər. Amma önəmli olan odur ki, bu yazını aparan kim olacaq və qeydiyyat harda saxlanacaq, açıq məhkəmə proseslərinin audioyazısı məhkəmə qərarları kimi elektron məhkəmə saytına yerləşdiriləcəkmi? Təbii ki, dövlət, hərbi, kommersiya və ya özəl həyat sirləri olan proseslər qapalı olan bilər. Amma açıq olan məhkəmə proseslərinin audio yazısı hökmən stenoqramlar kimi saytda arxivləşdiriləmli və hər kəs üçün əlçatımlı olmalıdır. Bu zaman islahatlar çərçivəsində atılan bu addım effektiv ola bilər. Yoxsa audioyazını məhkəmə yazdı, sonra da səs yazısı yoxa çıxdı, heç kimin də əlçatımlığı olmadı, bunun heç bir effekti olmayacaq”.

“Ədliyyə naziri Məhkəmə-Hüquq Şürasının sədri olmamalıdır”

Fərmanda əsasən Məhkəmə-Hüquq Şurasına və digər müvafiq struktirlara təkliflərin verilməsi və tövsiyələrlə bağlı tapşırıqlara toxunan ekspert bildirir ki, ən çox arzuolunan Məhkəmə-Hüquq Şurasının özündə struktur islahatı aparılması idi: “Xüsusilə də ədliyyə nazirinin bu qurum üzərində rəhbərliyi olmaması vacib məqamdır. Ancaq təəssüf ki, fərmanda bugünkü məhkəmə problemlərinin başında duran bu məqama toxuulmur. Digər bir məqam hakimlərin təyinat məsələsidir ki, bu da müstəqilliyə təsir edən əsas amildir. İcra hakimiyyətinin təyin etdiyi və ondan asılı hakim əlbəttə ki, bir gün sərəncamın başqa bir formaya dəyişəcəyi qorxusu ilkə hər zaman üz-üzədir. Bu məsələdə hər hansı islahat aparılmadığı müddətcə hakimin müstəqilliyinin mövcud olacağına inanmaq real deyil.

“Hakimlərin sayının artırılması müsbət məqamdır”

Fərmanda həmçinin vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması qərar alınıb. Bu addımın sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə atıldığı vurğulanır. Həmçinin məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması tapşırılıb:

Ələsgər Məmmədli bildirir ki, fərmanda hakimlərin sayının 200 nəfərədək artırılması da ilə bağlı məqam da müsbətdir:

“İxtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı bu günə qədər də bir addım atılıb və İnzibati-İqtisadi Məhkəmələr yaradıldı. Amma ortada o qədər də effektiv bir nəticə yoxdur. Amma arzuolunandır ki, məhkəmələr çoxçeşidli ixtisaslaşsın. Məsələn, uşaq məhkəmləri , əmək münasibətlərinə, biznes məsələlərinə və ayrı-ayrı sahələrə baxan məhkəmələrin olması yaxşı haldır. İxtisaslaşma hakimlərin daha dəqiq verməsinə və işinə konsantrasiya olmasına kömək edə bilər. Bu istiqamətdə ciddi addımlar atılsa, faydalı olacaq”.

“Hakim kargüzarlıq işi ilə, texniki məsələlərlə məşğul olmamalıdır”

Fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasının təmin edilməsi tapşırılıb. Həmçinin birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Prezidentinə təqdim etmək Ədliyyə nazirliyinə tapşırılıb

Ələsgər Məmmədli bildirir ki, büdcədən ayrılan pulların hakimin hesabına köçürülməsi ilə bağlı məsələ müəmmalıdır: “Bunun nəqədər şəffaf olacağını və vəsaitin nə qədər şəffaf xərclənəcəyi məsələsini tam anlamaq mümkün deyil. Hakim pul işi ilə məşğul olacaqsa, bu, onun öz işinə tam fokuslana bilməz. Ümumiyyətlə, hakim kargüzarlıq işi ilə, texniki məsələlərlə məşğul olmamalıdır. Bununla bağlı Ədliyyə Nazirliyində hansısa texniki qurum olmalıdır. Yəni hakim surətçıxarma, yaxud kartric məsələsinə vaxt ayırmamalı, yalnız ədaləti qorumalı, bərpasına çalışmalıdır”.

“Eyni hadisəyə fərqli baxış bucağı olmamalıdır”

Fərmanda qeyd olunur ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizmi təsbit edilməlidir. Vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi də Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib.

Ələsgər Məmmədli deyir ki, ümumiləşdirilmiş məhkəmə qərarları çıxarılması qanunvericilikdə çoxdan olsa da, tətbiq edilmir: “Hələ də eyni məsələ, eyni hadisəyə fərqli baxış bucağı var və məhkəmə qərarları da fərqlidir. Yəni mərkəzləşmiş qərarlar çıxarılmır. Bu, qanunda olsa da, Ali Məhkəmənin etmədiyi işdir və yenidən fərmanda qeyd edilib. İndiyədək olmayıbsa, bundan sonra da məsələnin həll ediləcəyinə ehtimal vermirəm”.

“İlk növbədə difamasiya maddələri dekriminallaşdırılmalıdır”

Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmək Ədliyyə Nazirliyinə tapşırılıb, Ali Məhkəməyə və Baş Prokurorluğa isə tövsiyə edilib.

Ələsgər Məmmədli hesab edir ki, “cəzaların dekriminallaşdırılması” dedikdə bunun hansı əmələ və cinayətə yönəlik olduğu məsələsi önəmlidir:

“Məsələn, İnzibati Xətalar Məcəlləsinə kütləvi şəkildə həbs cəzaları daxil edilib. Müəyyən hesabatlara baxıram ki, bu ilin yanvar-fevral ayılarında 50-100 siyasi aktiv şəxs sırf inzibati həbslərə məhkum edilir və sonra da işgəncə görür. Hətta cinayət törətməyən, inzibati pozuntu edənin həbs edildiyi ölkədə cinayətin dekriminallaşdırılması bəyanı o qədər də effektiv və real görünmür. Cinayət Məcəlləsinə baxsaq, son illlər kifayət qədər ağırlaşdırıcı maddələr əlavə olunub. İstər media sferasına aid olan 148-1-ci maddə (internet resurslarında təhqir və böhtan), istər digər bir çox maddələrə yeni və daha ağır cəzalar nəzərdə tutulan sanksiyalar əlavə edilib. Ümumiyyətlə, bir çox əmllər var ki, onları Cinayət Məcəlləsindən birbaşa çıxarmaq lazımdır. Birincisi, media sahəsinə aid olan difamasiya məsələsidir, hansı ki, təhqir və böhtana görə həbs cəzası nəzərdə tutulur. Halbuki bununla bağlı Azərbaycan çoxdan öhdəlik götürüb və prezident bu maddələrin dekriminallaşdırılmasını 2011-ci ildə Milli Fəaliyyət Proqramına da salmışdı. Amma reallaşmadı. Arzuolunandır ki, bu məsələ həll edilsin və və bəzi inzibati həbslər ləğv edilsin. Yəni, hansısa inzibati xətaya görə insanı inzibati həbsə atmaq onu islah etmir, əksinə, sistemə qarşı daha da aqressivləşdirir. Cinayət olmasdığı halda insanların həbsə atılması olmamalıdır”.

“Bu formada işləyən hakim özünü heç vaxt müstəqil hesab etməyəcək”

Fərmanın əsas hissələrində biri də hakimlərin müstəqilliyinin təmin edilməsi ilə bağlıdır. Ələsgər Məmməsdli deyir ki, Azərbaycanda hakimlərin müstəqilliyini təhdid edən iki mühit var: “Birincisi, hüquqi mühit – hakimlərin təyin olunma məsələsidir. İkincisi praktiki-siyasi mühitdir. Birincini düzəltmək mümkün olsa da, ikincini indiki halda aradan qalıdırmaq mümkün deyil. Yalnız bütün demokratik atributlar bir arada olanda bunu düzəltmək mümkündür. Məsələn, hər kəs bilsə ki, hakimiyyət əl dəyişə bilir, bu gün hakimiyyətdə olan sabah müxalifətdə ola bilər, yaxud əksinə, bu gün müxalifətdə olan sabah hakimiyyətə gələ bilər, o zaman istər-istəməz hakim deyəcək ki, bu beş illik hakimiyyət gedəcək, amma mən şərəfimlə işimi görməliyəm. Amma praktikada bu, real görünmür. Çünki demokratik atributların bir çoxu işləmədiyi halda, hakimin nədən mütəqil olmadığını sorğulamaq mümkün deyil. Hakim o sistemin bir parçasıdır, icra strukturu tərəfindən təyin olunur, onun tərəfindən təminatı müəyyən olunur. Belə olan halda, sadə vətəndaşı küçədə gedərkən “polisə müqavimət göstərdi” adı ilə inzibati həbs edib, işgəncə verirlərsə, o zaman “sözə baxmadığı” üçün hakimin də maşınına nəsə atıb, onu hansısa komplonun qurbanı etmək olar. Bu formada işləyən hakim özünü heç vaxt müstəqil hesab etməyəcək. Hətta qanunda yazılsa belə ki, hakimlər mütəqildir, ömürlük seçilir, bu, yetərli deyil. Çünki bu, psixoloji bir amildir və siyasi idarəetmədə və demokratiya istiqamətində atılacaq addımlara çox bağlıdır.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »