Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük barışıq sazişimiz
Biz ictimai dialoqun yeni formatını harda və necə axtarırıq?

Volter uzun çəkən mübahisənin hər iki tərəfi haqsız çıxardığını düşünürdü. Bununla razı deyilsinizsə, Frans Kafkanın “Məhkəmə”sində “heç nədən” başlayan və sonu anlamsız ölümlə bitən bir prosesi xatırılayın. Mən bunları mediasiya qanunu ilə tanışlıq zamanı xatırladım. Deyəsən internetdə rastıma çıxdı, ya da özüm axtardım – onu xatırlamıram. Önəmli də deyil.

Barışıq sazişi əvvəl də vardı. Qanunlarmızda. Bu haqda az eşitmiş ola bilərik. Bizim ən çox eşitdiyimiz şeylər həbslər və cərimələr haqdadır. Repressiv məhkəmə sistemimiz var – bunu gizlətmək və ya danmaq düzgün deyil. Mümkün də deyil. Prezidentin dünən məhkəmələrlə bağlı verdiyi fərman da bunun isbatıdır. Prezident bunu görürü və axır ki, addım atmaq qərarına gəlib. Repressiv hüquqtətbiqetmə sistemində həbslər, ağır cərimələr, işgəncələr... qaçılmazdır – onun təbiətindən və məqsədlərindən doğur. Kriminalla bağlı durum ortada. Mülki işlər məhkəmələr – hakimlər və məhkəmə sistemində çalışanlar üçün qazanc qaynağıdır. Adamlar tanıyırıq, öz haqqını almaq üçün aylarla deyil, illərlə məhkəmə salonlarında sürünür (daha doğrusu, süründürülür). Ali Məhkəmənin sədr bizə bir fakt demişdi: bir mənzili MTK 37(!) fərqli adama satıb. 37 adam arasında münaqişə yaradıb, pulunu yığıb. Onun da bir qismini “müvafiq” yerlərə çatdırıb rahat yaşayır. Bu, həm də ölkədə müstəqil, adil məhkəmənin olmadığını, qanunların işləmədiyini göstərən faktdır. Adamların haqları toplu halda – dəfələrlə, davamlı pozulur. Özü də hamının (hamımızın gözümüzün qarşısında). Marağı olanlar burdan yararlanır. Biz də ya xəbərsizik, ya da susuruq – sonuc dəyişmir. Məhkəmələrlə verilən bu son fərman bu baxımdan maraq doğrurur.

Hüquqçu deyiləm. Bilmirəm, Konstitusiya və qanunlar məhkəmələrin və hakimlərin müstqilliyinə təminat yarada bilməyibsə, hüquqi qüvvəsi onlardan daha az olan fərman nə nəticə verəcək?! Amma məsələyə sırf formal məntiq tərəfdən yanaşanda belədir. Bu fərman siyasi iradəni ifadə edir. Bəli, deyəcəksiniz ki, siyasi iradə qanunların üstündə deyil. Ancaq qanunlar özləri də siyasi iradənin məhsuludur; qanunvericilik təşəbbüsü olan subyektlər əksərən siyasi subyektlərdir; onlar bu layihələri irəli sürməsələr, qanunlar da olmaz. Bu fərmanda və bundan əvvəl qəbul edilmiş medasiya qanununda da ifadə olunan iradə budur ki, məhkəmələrin həll etməli olduğu bir xeyli məsələ onların üzərindən götürülüb vətəndaşların, sahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin, ayrı-ayrı qurumların üzərinə qoyulur. Yəni insanlar, qurumlar məhkəməyə getmədən də öz aralarında mübahisəli məsələləri həll edə bilər deyə bir düşüncə ortaya qoyulub. Bu, əslində yeni deyil; Qərbdən gəlib. Qanunda da, məhkəmə təcrübəsində də barışıq sazişi vardı. Artıq bu barışıq sazişini əldə etmək mediatorların və tərəflərin üzərində olacaq, dövlətin deyil. Başqa sözlə, hər xırda şeyə görə adamların bir-birini məhkəməyə verməsi, cəzalandırması gərək deyil; əvvəlcə öz aralarında razılaşma yoluna baş vurmaq lazımdır. Bu qanunun fəlsəfəsi budur.

Bu, əlbəttə ki, müsbət dəyərləndirilməlidr. Hərçənd bununla dövlət bir çox problemlərin həllini də özündən uzaqlaşdırmaq istəmiş ola bilər. Tutaq ki, problemli kreditlər. Bunu banklarla müştərilər mediatorların araçılığı ilə öz aralarında həll etsinlər. Və sair və ilaxır. Bu fərmanda başqa nüanslar da var; vergi, gömrük məsələləri ilə bağlı ayrıca məhkəmənin yaradılması və həbslə bağlı cəzaların az tətbiqinin “tövsiyyə” olunması. Bu, qonşumuz Rusiyada da çoxdan var. Düşüncə belədir ki, sahibkar dövlətə və ya vətəndaşlara və sair zərər vurubsa, onu həbs etsən, işi dağılacaq, ya zəifləyəcək, ziyanı da ödəyə bilməyəcək, nə qədər insan da işini intirəcək. Ondan yaxşısı bu sahibkara başqa – həbslə bağlı olmayan cəza vermək lazımdır. Azadlıqda qalsın, işləsin, zərəri də ödəsin. Bunu biz çoxdan yazırdıq. Ayrı bir məsələ də cəzaların icrasının özəl qurumlara həvalə olunmasıdır. Vətəndaş gedib lisenziya alacaq, şirkət açacaq, cəzadan yayınanları tapıb cəzasını ödətməklə məşğul olub pul qazanacaq. Başqa sözlə, özəl şirkət olduğu üçün cəzaların icrasında daha çox maraqlı olacaq. Burda dövlətin marağı bu konfliktlərin həllini vətəndaşların özlərinə buraxmaqla konflikt potensalından özünü sığortalamaqla yanaşı cəzaların daha səmərəli icrasına nail olmaqdır. Dövlət aparatında daha az adam saxlamaqla daha səmərəli nəticələr əldə etməyə hesablanıb. Hər halda fərmandan belə görünür; məntiq belə deyir.

Ancaq bizim toxunmaq istədiyimiz daha bir mühüm məsələ də var. Belə görünür ki, ədalət mühakiməsi müstəvisində cəmiyyətə barışıq mesajları verilir, barışıq ortamı yaratmağa çalışırıq. Bu, böyük bir dəyişimin başlanğıcıdırsa, bunun davamının siyasi barışıqla taclandırılması tamamilə məntiqidir. Yəni tutaq ki, parlamentin növbəti tərkibi belə bir siyasi barışığı əks etdirəcəkmi? Burda barışıq əslində rəqabətlə əldə olunacaq. Çünki adı üstündə: siyasi mübarizədir. Bizim hüquqi barışıq sazişi ilə yanaşı ictimai və siyasi barışıq sazişinə də ehtiyacımız var. Bu, siyasi sistemdə yeri olan hər kəsə aiddir. İctimai-siyasi barışığın ən önəmli göstəricisi azad seçkilər, azad media, azad vətəndaş cəmiyyəti olacaq. Düşünürəm, proses buna gedəcək. Ölkənin gələcəyi bundadır. Ssiyasi iradə, məncə, burda da özünü göstərməlidir və ümid edirəm ki, göstərəcək. İndiki klassik demokratiyalar olan Avropa 20-ci əsrə qədər ən sərt qaydalarla, amansız diktatla, repressiv dövlət maşınlarının köməyi ilə idarə olunub. Ancaq yeni, sivil qaydalar siyasi və ictimai iradə ilə bərqərar olub. Yəni həm də bəzi hallarda hakimiyyət başında olanların iradəsi də rol oynayıb. Bunu keçməliyik. Gec olmadan keçmək zorundayıq. Əks halda yazının əvvəlində dediyim kimi, “heç nə”dən başlamış olan bu konfrontasiya, qarşıdurma mühiti bütün tərəfləri əsaslı yoracaq –yıpradacaq. Sonu isə anlamsız bir sonluq ola bilər. Bu perspektivin bizi gözlədiyi fikri ilə barışmaq lazımdır.! Təkcə hakimiyyət üçün deyil, hamımız üçün . Bizim bu sondan qaçmaq – çoxdan axtardığımız və gözlədiyimiz böyük anlamda barışıq sazişi bağlamaq üçün vaxtımız və fürsətimiz var. Düşmənlə barışmaq üçün bu qədər uzun danışıqlar aparırıqsa, yollar arayırıqsa, özümüz özümüzlə niyə barışmayaq ki?..

Düşünürəm ki, dövlət bu yeni ictimai barışıq formatını axtarır və yaratmağa çalışır. Prezidentin addımları belə bir fikir yaradır. Bunu təqdir edirəm və əslində çoxdan başlaması lazım idi deyə düşünürəm. Artıq necə reallaşdırılacağına bağlı. Həm xatırlayırsınız: ictimai müqavilə nəzəriyyəsinin qaynağında tarixən biz də varıq – Nəsirəddin Tusinin simasında. Bu, bizə, sadəcə, qıraqdan gəlmə bir ideya deyil...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »