Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AKP-nin böyük şəhərləri itirməsini şərtləndirən amillər
Qubad İbadoğlu: “Hakim partiya İstabulda “uzaqvuran tankını” döyüşə çıxarsa da, savaşdan qalib çıxa bilmədi”

Tükiyədə keçirilən son seçkilərlə bağlı ümumi nəticələr məlum olsa da, hələlik yekun rəy yoxdur. CHP namizədinin qalib elan edildiyi İstanbulda səslərin yenidən sayılması da onu göstərir ki, prosesin gərginliyi davam edir. Ancaq ortaya çıxan ümumi mənzərə onu göstərir ki, AKP ümumilikdə irəlidə olsa da, digər seçkilərlə müqayisədə geriləyib. Xüsusilə, paytaxt Ankara, ən böyük şəhər olan İstanbulda və 10-dan artıq şəhərdə müxalif “CHP-İYİ partiya ittifaqı”na uduzması hakim partiyanın siyasi nüfuzunun gerləməsi kimi qiymətləndirilir. Bu vəziyyəti şərtləndirən amillər, prosesdə siyasi, yoxsa iqtisadi faktorların daha çox rol oynaması barədə Bizimyol.info saytının suallarını Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu cavablandırır:

- Qubad bəy, Türkiyədə seçkinin nəticələri gözlənilən idi?

- Bəli, belə bir nəticələrin olacağı gözlənilən idi. Çünki əvvəlcədən bilinirdi ki, uzun dövr üçün həyata keçirilən populizm, son nəticədə aşağı səviyyədə keçirilən seçkilərdə dəyişikliklərə gətirib çıxarmalı idi. Bu seçki göstərdi ki, daha çox idarəçilik baxımından yeniləşməyə ehtiyac var. Xüsusilə də şəhər bələdiyyələrində CHP-nin mövqeyinin möhkəmlənməsi və AKP-nin əvvəlki mövqelərini qismən itirməsi, bütövlükdə hakim partiyanın geriləməsi daha çox uzunmüddətli dövr üçün nəzərdə tutulan populizmlə əlaqədar idi. Bu siyasi konteksdə qiymətləndirmənin əsasını təşkil edir.

İqtisadi baxımdan yanaşsaq, ötən ilin sonunda Türkiyədə əhalinin sosial-iqtisadi vəziyyətini pisləşdirən proseslər başladı. Bu proseslərin əsas aparıcı xətti maliyyə-bank sistemində oldu. Əhalinin gəlirlərinin dəyərsizləşməsi, Türkiyədə infilyasiyanın yüksək səviyyəsi, dövlətin borclarının artması, investorların ölkədən çıxması və nəticədə iş yerlərinin bağlanması Türkiyədə hakim partiyanın əvvəlki nüfuzunun xeyli azalmasına gətirib çıxardı. Bu proses seçkidə əhalinin iştirakında və qərarlarında əhəmiyyətli rol oynadı. Yəni iştirak səviyyəsi yüksək oldu və o kəsim ki, bu hakimiyyətdən narazı idi, onlar seçki qutusuna öz səslərini atmaqla birmənalı etirazlarını bildirdilər.

Eyni zamanda, sosial-iqtisadi vəziyyətin pisləşməsi, idarəçilikdə yeni gözləntilər yaratmışdı. Təssüflər olsun ki, gözləntilərə rəğmən, bu ilin üç ayı ərzində Türkiyədə dəyişikliklər baş vermədi. Xüsusən də Türkiyənin milli valyutası üçün risklər qaldı. Hələ seçkidən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın populist çıxışılarına görə milli valyutanın sarsılması prosesi baş verdi. Düşünürəm ki, bu hadisə həm də seçkinin nəticələrinə təsir etdi. Yəni əhali öz milli iqtisadiyyatını, milli valyutanı qorumaq üçün bu nəticələrə doğru hərəkət etdi. Çünki əsas biznes bələdiyyə səviyyəsində həll edilir. Əhalinin istəəyi və gözləntisi daha çox onunla bağlı idi ki, siyasi hakimiyyətin aşağı səviyyəli idarəçilikdə bölüşməsi baş verərsə, bu milli valyutanın dəyərinin bərpasına, sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər. Ona görə də seçkinin nəticələri uzunmüddətli populist siyasətin davamına yox demək, həm də idarəçiliyi yaxşılaşdırmaq baxımından da müəyyənləşdi. Bu baxımdan, nəticələrin belə olması gözlənilən idi.

- Hesab eduirsiniz ki, böyük şəhərlərdə hakim partiyanın CHP-yə uduzması daha çox iqtisadi amillərlə bağlıdır?

- Ötən ilin sonundan Türkiyənin milli valyutasının dəyərdən düşməsi, bütövlükdə biznes üçün şəraitin pisləşməsi, sərmayələrin azalması və iş yerlərinin bağlanması daha çox böyük şəhərlərdə müşahidə olunurdu. Ona görə də böyük şəhərlərin əhalisi bundan daha çox əziyyət çəkmişdi. Əyalətdə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan əhali bu böhrandan o qədər də sarsılmamışdı. Çünki onların qazancları və iqtisadi fəaliyyətləri daha çox milli valyuta ilə ölçülür. Milli valyutanın dəyərdən düşməsi, qiymətlərin bahalaşması bir çox hallarda kənd təsərrüfatı məhsulları istehsalçılarının vəziyyətinə hətta müsbət təsir göstərirdi. Amma şəhər əhalisi hər iki səbəbdən – həm milli valyutanın dəyərdən düşməsi, həm də sərmayələrin azalması baxımından – son iqtisadi proseslərdə daha çox təsirlənmişdi. Ona görə də hesab edirəm ki, şəhər əhalisində mövcud hakimiyyətin yaratdığı bu vəziyyətə etiraz miqyası daha geniş idi. İstanbulda hakimiyyət özünün “uzaqvuran tankını” (Binəli Yıldırım – R.V.) döyüşə çıxardı, amma savaşda qalib çıxa bilmədi.

Böyük şəhərlərdə CHP-nin qələbə çalmasının səbəblərindən biri namizədlərin də düzgün seçilməsi ilə bağlı idi. Daha gənc, daha enerjili, daha çox nüfuza, sosial kapitala malik olan şəxslər bu prosesə qatıldılar. Həmçinin prosesdə İYİ partiyası ilə iştirak da düzgün qərar və təsiredici amil idi. Hər üç faktor - yaxşı naqmizəd seçimi, İYİ partiyanın iştirakı və böyük şəhərlədəki sosial iqtisadi şərtlərinin əvəvlki illərlə müqayisədə pisləşməsini seçkinin nəticələrinə təsir edən əsas faktorlar kimi təqdim edə bilərəm. Bu baxımdan düşünürəm ki, hakim partiyanın CHP-yə uduzması bu amillərlə bağlıdır.

- Belə çıxır ki, iqtisadi faktorun din faktorunu da üstələyib?

- Həm dini, həm millətçi, həm də cümhuriyyətçi kəsimə aid olanların həyatında iqtisadi faktorun önəmi daha çoxdur. Xüsusilə də yaşam şərtləri pisləşəndə iqtisadi məsələlər daha da önə çıxır. Bu faktor yaxın gələcəkdə Türkiyə üçün əhəmiyyətli rol oynayacaq. Əgər sosial-iqtisadi vəziyyətdə ciddi dəyişiklikləır baş verməsə, növbəti seçkilərdə hakim partiyanı müvəffəqiyyətsiliyi bir daha təsdiq olunacaq. İqtisadi sahədə vəziyyətin düzəldilməsi üçün səylər çox azdır. Hələ də risklər qalır: milli valyuta yenə dəyərdən düşə bilər, xarici borclarla bağlı problem demək olar ki həll edilməyib, ölkəyə sərmayə qoyuluşu azalıb, əksinə, ölkədən kapital axını çoxalıb. Bütün bu faktorlar istənilən halda yaxın dövr üçün siyasi vəziyyətin və bütövlükdə seçkilərin hansı istiqamətə gedəcəyində əhəmiyyətli rol oynayacaq. Bu dövr ərzində iqtisadi sahədə olan dövlət siyasətində ciddi dəyişikliklər baş verməzsə, əhalinin həyat səviyyəsində yaxşılaşma müşahidə olunmazsa, o halda iqtisadi faktor ölkədəki dini faktoru üstələyəcək və daha önə çıxacaq.

- Bu seçkinin nəticələrinin Türkiyədəki siyasi və iqtisadi duruma hansı təsirləri ola bilər?

- İstanbulda səslərin yenidən sayılması ilə bağlı qərar verilib və bununla bağlı narahatlıqlar var. Əgər seçkinin nəticələri konfliktlərə gətirib çıxarmasa, yerli idarəetmə əsasən CHP-nin nəzarətində olsa, seilmiş bələdiyyə başqanalrının fəaliyyətində əhəmiyyətli dəyişiklik baş versə, o zaman bu seçkilərin iqtisadi duruma müsbət təsiri olacaq.Bələdiyyələr Türkiyədə gerçək idarəetmə qolu olduğunda görə, onlar iqtisadiyyatda əhəmiyyətli rol oynayırlar. Bu isə o deməkdir ki, son seçkilərdən sonra CHP Türkiyənin ÜDM-nin 75 faizinə, türizm gəlirlərinin 90 faizinə nəzarət edəcək.

Siyasi baxımdan isə vəziyyət daha da gərginləşəcək. Xüsusilə hakim partiya ilə əsas müxalif partiya olan CHP arasındakı münasibətlərin getdikcə daha da pisləşməsi gözlənilir. Bununla yanaşı, əhalinin siyasi aktiv kəsiminin də prosesdə iştirak səviyyəsi daha çox olacaq. Proses bütövlükdə həm də vətəndaş fəaliyyətinə gətirib çıxaracaq ki, bu da növbəti seçkilərdə hakim partiyanın mövqeyinin zəifləməsinə təsir göstərəcək.

- Hakim partiyanın əvvəlki illərlə müqayisədə səs itirməsi tendensiyası nə vəd edir?

- Hakim partiyanın əvvəlki illərlə müqayisədə səs itirməsi tendensiyası siyasi kontekstdə repressiyaların davam edəcəyini deməyə əsas verir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti, mətbuat və akademik kəsim üçün daha az fəaliyyət mühiti vəd olunur. Nə qədər ki, hakim partiyanın siyasi və iqtisadi azadlıqların boğulması istiqamətində rolu və səyləri artır, sərmayələrin ölkəyə cəlbində problemlər qalacaq. Türkiyə getdikcə avtoritarlaşan ölkə olduğuna və siyasi risklər çoxaldığına görə, yəqin ki, yaxın zamanlarda əhəmiyyətli dəyişikliklər gözləməyə dəymir. Belə olan halda, hakim partiyanın geriləməsi, eyni zamanda müxalif qüvvələrin fəallaşması fonunda ölkədəki mövcud potensialın daha çox istifadəsi yönündə dövlət orqanlar yeni səylərini və təşəbbüslərini ortaya qoymayacaqsa, onda hakim partiya bundan sonrakı seçkilərdə də əvvəlki seçkilərlə müqayisədə daha zəif mövqeyə malik olacaq.

- Bu prosesin regiona və Azərbaycana təsirləri nə ola bilər?

- Bu seçkilər Azərbaycana və ümumilikdə regiona təsirsi ötüşməyəcək. Xüsusilə də Azərbaycana əhəmiyyətli təsirləri olacaq. Baxmayaraq ki, bu, bələdiyyə seçkiləri idi, amma Azərbaycanda da çox diqqətlə izlənilirdi. Əhali Türkiyədəki seçkiləri, demək olar ki, Azərbaycandakı seçkilərdən daha çox izləməyə başlamışdı. Bu, həm də Azərbaycan əhalisinin demokratik seçki gözləntisinin böyük olduğunu deməyə əsas verir. Bu seçkilərin Azərbaycanda siyasi fəallığın artdığı bir dövrə təsadüf etməsi də belə bir nəticəyə gəlməyə imkan verir. İstənilən halda, bu proses Azərbaycanda, xüsusilə də növbəti parlament seçkilərində əhalinin gözləntilərinin artımına gətirib çıxaracaq. Əsas gözləntilər ondan ibarətdir ki, Azərbaycan vətəndaşları ən azı Türkiyə səviyyəsində olduğu kimi seçki yarışı, seçki rəqabəti və bu prosesdə iştirak imkanları arzulayırlar. Ermənistanda, Gürcüstanda, Türkiyədə və Ukraynada baş tutan seçkilərin nəticələri bir daha onu göstərir ki, Azərbaycan da bu seçkilərin fonunda müəyyən islahatlara getməlidir. Bu kontekstdə Azərbaycanda həm siyasi, həm iqtisadi islahatlara ictimai tələb çoxlacaq.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »