Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mənim düşüncələrim -2
Bahəddin Həziyev
Heç olmasa , bir dənə lotoreya bileti alın...

Son günlər sosial şəbəkələrdə müəyyən bir kampaniya var. Bununla bağlı yazdığı bir rəyi kiçik əlavələrlə burda da paylaşıram. Mənim düşüncələrimdir; hərzaman dediyim kimi, doğrular doğru anlayacaq, yanlışlar yanlış anlayacaq. Biz dövlətin vəsaitindən istifadə edərək böyük auditoriyası olan sayt yaratmışıq. Bu yardım məsələsi yeni ortaya çıxanda da biz yardım üçün dərhal müraciət etmədik. Ayaqda qalmağa çalışdıq. Ancaq ölkədə yayım sistemi sürətlə dağıdılırdı, reklam bazarı çökürdü zatən olan reklamlar da bizim kimi media orqanlarına verilmirdi. Kollektivi saxlamaq, qəzeti yaşatmaq mümkünsüz hala gəlirdi və biz bu yardıma müraciət etmək zorunda qaldıq.

O yardımın əsas hissəsini elektron media seqmentinə yönəltdik. Hamı fikirlərini Sizin kimi normal ifadə etmir, nə yazıq ki! Mən jurnalistlərin və bütövlükdə medianın üzərinə bu cür israrla, bəzən aqressivliklə gəlinməsinin səbəbini də anlamağa hazıram; oxucular və ya potensial oxucular daha çox şey istəyirlər. Uman yerdən küsürlər, bu, təbiidir. Ancaq məsələn büdcə təşkilatlarında işləyən, seçkilərdə gedib saxtaklarlıqda can-başla iştirak edən müəyyən insanlar, camaata saxta və baha mal satan tacirlər, tikintilərdə müqaviləsiz işləyərək sahibkarların vergidən yayınmasına şərait yaradan işçilər, vaxtilə millətin, dövlətin sərvətini talamış, rüşvət yığmış keçmiş məmurlar, camaata qan uddurmuş keçmiş polislər, millətin “başına corab hörən”, din adına hər cür cəfəngiyyatı camaatın beyninə yeridən saxta mollalar və sair və ilaxır jurnalistlərə: "Niyə yazmırsınız? Qorxursunuz?" deyəndə mən bunu qəbul edə bilmirəm.

Ölkədə əhalinin böyük bir hissəsi bu və ya başqa şəkildə saxtakarlıqda, yalanda iştirak edir, sonra da çətinə düşəndə xatırlayır ki, sən demə, ölkədə qəzet də varmış. Bir çoxları da var, qorxusundan ölkədən qaçıb gedib, ordan burdakı jurnalistə deyir ki: "Yaz da, nədən qorxursan?!" Sahibkarlar tanıyıram, gömrükdə, vergidə, Əmlak Komitəsində, prokurorluqda, polisdə və bütün hər yerdə dərisini soyublar, min oyuna salıblar, haqqını yeyiblər. Söhbət eləyəndə deyir, danışır bunları. Amma yazmağa gələndə deyir: "Mənim adım olmasın". Qardaş, niyə sənin bir gündə xərclədiyin qədər aylıq maaş alan jurnalistin adı çəkilə bilər və o, heç nədən qorxmamalıdır, amma sən qorxursan?!

"MTN işi"ində, "Hacı Məmmədov olayında nə qədər cinayətlər açıldı. Məlum oldu ki, bu orqanlarda işləyənlər iş adamlarının, dövlət məmurlarının özlərinin başına nə oyun açıblar, nə qədər pullarını alıblar! Nə vaxt ortaya çıxdı bunlar?! O cinayətkarlar tutulandan sonra. Bəs nə üçün həmin sahibkarlar bunu mətbuata gəlib vaxtında deməmişdilər?! Çünki pullarını verib yollarına davam edirdilər. Xaricdən 100 minlik maı gətirib 20 minini qeydiyyata salırdılar, qalanını vergidən gizlədirdilər, yaxud saxta yollarla tender "udurdular", saxta yollarla kredit alıb təyinatından kənar məqsədlərə yönəldirdilər. Ona görə də özlərinə qarşı bu əməllərə də göz yumub susurdular. İndi həmin adamlar durub mətbuatı günahglandıranda mən buna razı ola bilmirəm.

Kimə mikrafon. diktofon uzadırsan, öz “ömründən kəsib calaq edir”, amma arxada da başqa şeylər danışır. Düşünür ki, jurnalist onun əvəzindən, öz adından heç bir mənbəyə, sənədə-sübuta söykənmədən yazmalıdır, sonra da gedib türmədə oturmalıdır, yaxud fiziki və mənəvi məhrumiyyətlər yaşamalıdır, bu adamlar da öz işlərində, pul qazanmaqlarında, xaricdə gəzməklərində,fəslə görə fərqli-fərqli markalardan maşın sürməklərində olmalıdırlar. Türmədə olan jurnalistin, öldürülən jurnalistin, işsiz qalan jurnalsitin balaları ac qalmalıdır, bunların övladları isə xaricdə dollardan tonqal qalayıb qızışmalı, Eyfel qülləsinin ucunda selfi etməli, Mayamidə günəşlənməli, Londonda mülk almalı, Braziliya karnavalında göbək atmalıdır...

Harda yazılıb ki, yaxşı jurnalist məhkəmələrdə daha çox sürünən jurnalistdir?! "Diqlas"da iki dənə unitazı yanan tacir də dövlətlə anlaşan kimi jurnalistin üzərinə yeridi - budurmu bizim əziyyətimizin qiyməti?! Bəzi adamlar da var (məmurlar, deputatlar, adi vətəndaşlar), müsahibə verir, danışır, sonra "yuxarı"dan bir zəng gələn kimi, təzyiq olan kimi deyir: "Mən elə deməmişəm, jurnalist təhrif edib". Səs yazısını da əsas gətirirsən, deyir: "Mən hirslənib demişəm, sən niyə yazırsan?!" Polis kimisə tutanda nadir hallada yaxınları bunu ictimailəşdirir, əksər hallarda pul verib buraxdırmırlarmı?! Onda heç mətbuat yada düşmür, elə ki məmurla anlaşa bilmirlər, ya dediyini verə bilmirlər, o saat mətbuat yada düşür. Ömür boyu bir dəfə 40 qəpik verib qəzet almayanlar, bir saytın düyməsini basmayanlar, internetdə, bağışlayın, "mavi" stilistlərin videogörüntülərinə, "ümumi istifadədə olan" ara müğənnilərinin məişət söhbətlərinə... dördgözlə baxan müəyyən həmvətənlərimiz (təəssüf ki, bəzi hallarda çoxluq) bildi-bilmədi, yeri gəldi-gəlmədi, haqlı-haqsız medianın, jurnalistlərin üzərinə yürüyəndə mən bu cümlələri yazmağa məcbur qalıram. Səmimi oluruqsa, sona qədər olaq. Xaricdən yayılan internet televiziyalarındakı çıxışlara "idman marağı" ilə baxıb: "Filankəs dünən yaman dedi" deyə gedib evində çay içən, özünə diktofon uzadanda iqtidara difirambalar deyən adamlar mətbuatı günahlandırmasınlar. Mətbuatın günahı, təbii ki, var. Amma, gəlin səmimi danışaq. Heş bir ölkədə, hətta ABŞ-da belə hakimiyyətlər medianı sevmir, ona maneələr yaratmağa həmişə çalışır. Normal ölkələrdə cəmiyyət medianın arxasında olduğuna, qanunlar işlədiyinə görə hakimiyyətlər heç də həmişə bu pressinqdə uğur qazanmır. Çünki həmin ölkələrdə medianı cəmiyyət özü maliyyələşdirir; gedib pul verib qəzet alır, saytına reklam verir və sair. Ona görə də hakimiyyətdən asılı olmayan media daha sərbəst, arxayın işləyir. Bizdə necədir durum?! Həmin o "Diqlas"dakı 300-dən çox sahibkarın arasında mətbuata, elektron mediaya reklam vermiş 3 nəfər göstərin, mən əlimi qaldırıb təslim oluram. Yoxdur. Amma yenə də buna baxmayaraq onların ağır günündə biz - media hamıdan qabaq ordaydıq. Odur ki, gəlin, medianı, jurnalistləri insafla tənqid edək. Bax, bizim qəzet dayanıb. Çox deyil, 1000-1500 vətəndaş gəlsin, kütləvi şəkildə qəzetə abunə olsun, istədiyi kimi qəzet buraxaq. Ya da qəzet oxumur, sayta reklam versin, dəstək versin - bu,qanunla da qadağan deyil. Biz də daha çox peşəkarları işə götürək, daha keyfiyyətli xəbər yazaq, araşdırma aparaq. Yəni “lotoreyada maşın udmaq istəyirsənsə, heç olmasa, bir dənə lotoreya bileti al”. Buyurun, gözləyirəm. Həə, olmursa, gerçəklikdən kənar iddialar, insafsız tənqid, media əleyhinə amansız kampaniya da olmasın. Biz məsuliyyətdən qaçmıırq. Dövlətdən də yardım almırıq. Buyursun cəmiyyət maddi-mənəvi dəstək versin, istədiyi nəticəni də biz ona verək. Olmursa, qalanı, sadəcə, çayxana ədəbiyyatıdır.

... Bu arada, mən "Azadlıq"da işləyəndə müxalifət "Azadlıq" meydanında hökumətdən icazə almadan milyon nəfərlik mitinq keçirirdi, indi "Məhsul" stadionuna razılıq belə verilmir. Çünki evində, uzaqbaşı çayxanada ürəyindən keçənləri danışanlar meydanda yoxdur. O cümlədən, medianın da yanında yoxdur. Sizi meydanlara çağırmaq siyasətçilərin işidir; gedərsiniz ya getməzdiniz, onlarla sizin aranızda. Medianın yanında olun -oxucu, izləyici, dəstəkçi olun, güclü olaq. Başqa nə deyim?!

Bahəddin Həziyev

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
Son xəbərlər
Bütün xəbərlər »