Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderland səfiri: “Azərbaycanla əlaqələri gücləndiririk”
Onno Kerversi: “Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır”

Avqustun 18-də Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı (AHT) Dialoq Platforması “Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə” layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirib.

Tədbiri giriş sözü ilə açan AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyevin 27 aprel 2016-cı il tarixli, 1993 saylı sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platforması yaradılıb. Hazırda Platformada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, parlamentin nümayəndəsi kimi Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri və sədr müavini vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən 38 QHT təmsil olunur.

Hazırda Platforma tərəfindən Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ının səmərli icrasına yardım göstərilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində Azərbaycanda nüfuzlu KİV-lərində çalışan jurnalist-əməkdaşlar üçün təlim keçirilməsi nəzərdə tutulub. Təlimin keçirilməsində məqsəd Azərbaycanın 2011-ci ildən üzv olduğu Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, bundan irəli gələn və ölkəmizdə həyata keçirilən islahatlar, Açıq Hökumət Platformasının fəaliyyəti barədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır.

“Azərbaycanda korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün 2005-ci ildən bu günə kimi 4 Fəaliyyət Planı qəbul olunub. Bu prosesin aparılmasında vətəndaş cəmiyyətinin və medianın rolu danılmazdır”,-deyə Ə.Nuriyev bildirib.

O, əlavə edib ki, qanunun aliliyinə nail olan ölkələrdə korrupsiya aşağı səviyyədə olur: “Ona görə də, yaxşı idarəetməyə ehtiyac var. Bunun üçün isə məhkəmə müstəqil olmalı, dövlətin iqtisadiyyata təsiri minumuma enməlidir”.

Ə.Nuriyev bildirib ki, AHT Platformasına bütün qeyri-hökumət təşkilatları üzv ola bilərlər: “Biz hətta müraciət etmişik. Bəzi təşkilatlar üzv olmayıblar. Siyasiləşmiş qeyri-hökumət təşkilatlarının bu platformada iştirakını isə biz arzuolunan hesab etmirik”.

Təlimdə iştirak edən Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi deyib ki, bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələrin 25 illiyidir: “Bu müddət ərzində iki ölkə arasında yaxşı diplomatik əlaqələr, enerji sahəsində əməkdaşlıq qurulub. Azərbaycanda demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Azərbaycanla əlaqələri gücləndiririk. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Hazırda həyata keçirilən layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir. Biz çox şadıq ki, Azərbaycan hökuməti Niderland hökuməti, vətəndaş cəmiyyəti və jurnalistlərlə əməkdaşlığa hazırdır. Media açıq hökumət tərəfdaşlığı barədə məlumatlı olmalı, bu barədə cəmiyyətə məlumatlar çatdırmalıdır".

“Açıq hökumət tərəfdaşlığı və yaxşi idarəetmə” mövzusunda çıxış edən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib ki, bu prinsiplə fəaliyyət göstərmək cəmiyyət üçün arzuolunandır: “Son illərdə “Yaxşı idarəetmə” termini tez-tez səslənir. Bu termin özündə şəffaflıq, hesabatlılıq, iştirakçılıq, qanunun aliliyi, məsuliyyət, kоnsensusa yönəliş, ədalətlilik, səmərəlilik kimi prinsipləri ehtiva edir.

Yaxşı idarəetmə olarsa, korrupsiya aşağı səviyyədə olar. Yeri gəlmişkən bildirim ki, 2014-cü ildə Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer alıb. 2013-cü ildə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada olmuşdur. Deməli, mübarizə gücləndikcə, Azərbaycanın hesabatda nəticəsi yaxşılaşır.

Açıq hökumət tərəfdaşlığı nəticəsində şəffaflıq artıracaq, korrupsiya ilə mübarizə güclənəcək, hökuməti daha effektiv və cavabdeh etmək yolunda yeni texnologiyaların gücündən yararlanmağı təşviq edəcəyik”.

Ramid İBRAHİMOV

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »