Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ac həriflər”, “Yarımştat”, “Bala – Başa bəla” - Əfsanəvi tamaşaların rejissoruna vəzifə verildi

Kiminsə hansısa vəzifəyə təyin olunmasına sıradan bir xəbər kimi baxıb keçirəm. Amma bu xəbər baxıb keçə biləcəyim xəbər deyildi. Uzun illər ədalətsiz qərarla televiziya ekranlarından kənarda qalan çox istedadlı rejissorun layiq olduğu yerə gətirilməsidir.

İstedadlı rejissor Şərif Qurbanəliyev AzTV-nin “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edilib.

Şərif Qurbanəliyevin Azərbaycan tamaşaçılarına təqdim etdiklərinə baxaq.

Şərif Qurbanəliyev Şərif Qurbanəliyev

Şərifin senari müəllifi və rejissoru olduğu “Ac həriflər”, “Yarımştat”, “Bala – Başa bəla”,  “Bəylik dərsi” teletamaşaları televiziyanın “qızıl fondunda” saxlanılır. “Ac Həriflər” tamaşası “Humay” mükafatına layiq görülüb. İstedadlı rejissor Ş. Qurbanəliyev Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Rəhman Əlizadənin “Laləli düzən” adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru olub.

Ş. Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”,  “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq”, “Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.

Televiziya ekranlarını zəbt eləmiş boz-bulanıq, adına sənət deyilsə, sənətə təhqir sayılacaq səviyyəsiz sayıqlamalar tamaşaçını aşağı səviyyəli insanlar həddinə düşürdükcə istedadlı sənət adamlarının yeri görünür. Təkcə buna görə Şərifin haqqının özünə qaytarılmasına sevinmək haqqı bizə də düşər. Bir deyim var: “Ədalət topaldır, ağır-ağır gedər, lakin gedəcəyi yeri bulur”. Televiziya anlayışı olmayan bir vəzifə sahibinin hikkəsi ilə televeziyadan uzaqlaşdırılan Şərif Qurbanəliyevin yenidən ən çox sevdiyi işə, ən yaxşı bacardığı sənətə qayıtması tamaşaçıda da bir ümid yaradır – Gözəl tamaşalar olacaq.

Hz.Mövlanə buyurur: “Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən zəkasını anla”. Şərifin quruluş verdiyi tamaşalardan gəldiyim ən sadə qənaət belədir: Bu əsərlər tamaşaçını güldürür və uzun müddət onun yaddaşından silinmr. İstənilən müqayisə qüsurlu olsa da, qeyd edim, ekranları başına götürmüş gülüş adına düşüklük olan bir çox “əsərlər”ə baxan tamaşaçıdan həmin veriliş bitən kimi, soruşun: “Yadınıda qalan nə oldu?” Əminəm ki, susqun halda üzünə baxacaq. Çünki şəmi-şöşülərdən tamaşaçı yaddaşına hopacaq heç nə tapmaq mümkün deyil. Bu bayağı işlər tamaşaçının dünagörüşünə ciddi ziyan vurur. Çarə bu tamaşa adına göstərilənlərə baxmamaq deyil, daha səviyyəli ekran əsərləri hazırlamaqdır. Şərif Qurbanəliyevin də təyinatı gözləri ekranda maraqlı tamaşaları həsrətlə gözləyənlərə çox gözəl tamaşalar müjdəsi veriləcəyinin xəbərçisi olub.

Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. Bu da dahiyanə söylənmiş fikirdir. Çünki mədəniyyət ən yaxşı siyasətdir. Şərif Qurbanəliyevin tamaşalarına baxan insanlar mədəniyyətli olmağa borcludur, yaxud mədəniyyəti olanlardır. Tamaşa insanı güldürürsə, yadda qalandır. Ekrana çıxıb sənətçi olmağa iddia edənləri çoxu tamaşaçını güldürmür. Çox kobud da səslənsə, ekranlı başına götürmüş bayağılıqların mübtəlası olanlar hırıldayır. Sizcə, hırıldayan insandan cəmiyyət hansı mədəniyyəti görər, bu insanlar cəmyyətə nə verə bilər?

Şərifi illərdir tanıyıram. İfrat təvazökar olduğunu da bilirəm. Bu yazını yazmağımdan xəbəri olsaydı, qəti şəkildə etiraz edəcəkdi, yazmamağımı israrla istəyəcəkdi. Çox sevdiyimiz bir insanın çox gözəl bir sözü var: “Təvazönü əsir etməyin!” İstedadlı insanlar ifrat təvazökarlıq göstərdikcə istedadı olmayanlar meydan sulayacaq. Buna da əminəm. 

Şərifin xəbəri olmadan bu yazını yazdım. Qoy bu da mənim istedadlı rejissorumuza ərkim olsun. Bir az gileylənər, istəsə bir az da danlayar, amma yazılanları poza bilməyəcək ki… Yazımızı yazan hər zaman həyatımıza gözəl olanları yazsın. Şərifə də, onun quruluş verdiyi əsərlərə ürəkdən gülən tamaşaçılara da…

Xatırladaq ki, Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb.

Rəsul Mirhəşimli / Avropa.info

Son xəbərlər
Bütün xəbərlər »