Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Artıq meqapolislər AKP hakimiyyətinin siyasətini qəbul etmir”
İqbal Ağazadə: “CHP seçicinin maraqlarına cavab verən siyasət yürütrsə, Ərdoğan hakimiyyətinin bitdiyini demək olar”

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində AKP-MHP ittifaqı ümumilikdə daha çox – 50 faizdən artıq səs toplayıb. Ancaq əsas rəqib olan CHP-nin namizədləri paytaxt Ankarada qalib olmaqla yanaşı, İzmir, Antalya, Adana, Mersin, Hatay, Buldur, Çanakkale, Artvin, Sinop və digər şəhərlərdə də səs çoxluğu qazanıblar. İstanbulda isə AKP üzvü, sabiq baş nazir Binəli Yıldrım cüzi fərqlə də olsa CHP namizədi Əkrəm İmamoğluna uduzub. Seçkinin tam nəticələri isə bir neçə gündən sonra açıqlanacaq.

Türkiyədəki seçkinin nəticələrinin siyasi və iqtisadi təzahürləri, prosesin Azərbaycanla əlaqələrə təsiri barədə Bizimyol.info sayıtının suallarını “Ümid” partiyasınını sədri, sabiq deputat İqbal Ağazadə cavablandırır:

- Hakim AKP-nin Ankara, İstanbul, İzmir kimi 10-dan artıq böyük şəhərlərdə müxalifətə məğlub olması Türkiyə üçün nə deməkdir?

- Əslində, bu cür nəticələr Türkiyə üçün təəccüblü deyil. Seçkidən əvvəlki mənzərəni diqqətlə araşdıran ekspertlər vəziyyətin bu cür olacağını təxmin edirdilər. HDP-nin iri şəhərlərdə - xüsusilə İstanbul, Adana, Mersin kimi yerlərdə namizəd verməməsi CHP-nin səslərinin artmasına səbəb oldu və səslər demək olar ki parçalanmadı. HDP-nin namizəd verməyəcəyi təqdirdə CHP-nin qalib gəlmə imkanlarının artıq olduğu qənaəti ekspertlər tərəfindən bir neçə dəfə təsdiqlənmişdi.

- CHP-nin məhz iri şəhərlərdə səs toplamasının səbəbləri nə ilə bağlı ola bilər?

- Təbii ki, iri şəhərlərdə daha çox savadlı kütlə, dünyaya açıq seçicilər var. Onların hakim partiyanı deyil, müxalifəti dəstəkləməsi onun göstəricisidir ki, indiyədək hakim partiya tərəfindən siyasət daha çox əhalinin savadsız kəsiminin səsini almaq istiqamətində hədəflənmişdi. Daha çox ideoloji, dünyaya qapanmış Türkiyə qismində təbliğat aparılırdı, dindən bir vasitə kimi istifadə edilirdi. İri şəhərlərdə müxalifətin qalib gəlməsi onun göstəricisidir ki, artıq meqapolislər hakimiyyətin mövcud siyasətini qəbul etmir.

- Bu nəticələr Türkiyədəki siyasi və iqtisadi duruma necə təsir edəcək?

- Türkiyədə yeni bir mərhələ başlayacaq. 4 il yarımlıq seçkinin olmadığı bir müddət də onu deməyə əsas vermir ki, hətta növbədənkənar parlament seçkilərinə getməyə qədər vəziyyət gərginləşməyəcək. İqtisadi böhran da yaşana bilər. Çünki iri şəhərlərin hakim komandaya tabe olmaması, həmçinin şəhər bələdiyyələrinin hakim komandanın nəzarətində olmaması hökmən münasibətlər sistemində bir gərginliklər yaradacaq. Ona görə də hesab edirəm ki, istər Əkrəm İmamoğlunun, istərsə də Mənsur Yavaşın növbəti prezident seçkiləri üçün müxalifətin bazasını hazırlaya bilən siyasət yürütmələri mümkündür. Gerçəkdən seçicinin maraqlarına cavab verən və seçicini arxalarına ala bilən bir siyasət yürütrsələr, növbəti mərhələdə Türkiyədə Ərdoğan hakimiyyətinin bitdiyini demək olar. Ərdoğan siyasətinə verilən səs bu gün 51 faizdir. Bu da həm AKP-nin MHP ilə yaratdığı Cumhur İttifaqından, həm də ölkədə iqtisadi böhrandan dolayı siyasətin nəticəsidir. Daha yüksəklərə qalxmaq mümkün deyil. Bildiyimiz kimi, AKP uzun illərdir 58 faiz üzərində olub və səs itirə-itirə artıq gəlib 51-ə düşüb, hələ seçki ilə bağlı bəzi şübhəli məqamlar da var.

- Bu proses qonşu dövlətlərə necə təsir edəcək?

- Bu cür vəziyyət Türkəyənin çevrə dövlətləri, həmçinin Azərbaycan üçün də bir nümunədir. CHP sədri Kılıçdaroğlu çıxışında maraqlı bir fraza işlətdi ki, bu seçimlər təkcə Türkiyə üçün deyil, regionun demokratikləşməsi üçün olan bir seçkidir. Ona görə də region dövlətlərinə də ciddi təsir edəcək. Həm İstabula ərəb ölkələrindən qaçqın və köçkünlərin gəlişində sərhədlər müəyyənləşdiriləcək, Ərdoğan hökumətinin yaratdığı limitsiz qaçqın-köçkün məsələlərinə bir qədər embarqo qoyulacaq, həm də əhalinin maraqlarına cavab verəcək xətt yürüdüləcək. Digər tərəfdən, ayrı-ayrı xarici dövlətlərin, Qərb dünyasının növbəti seçimlər üçün Türkiyədə marağının artmasının göstəricisi olacaq.

- Seçkinin bu cür nəticələrini dinin siyasətə təsirinin zəifləməsi və iqtisadi faktorun seçici səsinə təsirinin artması faktoru kimi qiymətləndirmək olarmı?

- İdeologiyalar seçilərkən ilk dönəmlərdə maraqlı, parıltılı, cəlbedici olur. Nəcməddin Ərbakandan bu yana Türkiyədə islam modeli seçiləndən sonra, Ərdoğanın da insanların dinə meylliliyi, bu ideologiyanın hakim ideologiyaya çevrilməsi üçün çaba göstərməsi göz önündə idi. Amma zamanla iqtisadi məsələlər qabardıqca, ölkənin həm sosial-iqtisadi, həm də xarici münasibətlər problemləri artdıqca, ideologiya öz parlaqlığını itirir. Bu gün Türkiyədə də din idologiya olaraq öz parlaqlığını itirməkdədir. Bu da hakim partiyanın səsllərini itməsinə gətirib çıxarır. Həmçinin Yaxın Şərq bölgəsində baş verən hadisələr və o hadisələrin fonunda Türkiyənin yaşadığı ağır məşəqqətli günlər məsələyə ciddi təsir göstərir. O cümlədən, hakim partiyanın zaman-zaman din adı altında həm rüşvət, korrupsiya, həm də ədalətdən yan keçmə cəhdləri insanlarda dinin bir ideologiya kimi istifadə olunması qənaətini yaradıb. Bu da bir çox seçicinin fərqli addım atmasına səbəb olur.

- Seçkinin nəticələrinin Azərbaycanla siyasi və iqtisadi münasibətlər sisteminə təsiri nə ola bilər?

- Bu, sadəcə bizim üçün stimuldur. Əgər Türkiyə bizim üçün hər zaman örnək kimi götürülübsə, bu stimuldan başqa bir şey deyil. Çünki bu, yerli seçkilərdir və bu seçkinin nəticələri digər ölkələrlə münasibətlər sisteminə o qədər də təsir etmir. Amma bütün hallarda, proses Türkiyədə bir hərəkətlilik yaradacaq, siyasi partiyaların üstün mövqeyə gəlməsinə gətirib çşıxaracaq ki, bu da hökmən ətraf dövlətlərə öz yan etkisdini göstərəcək. Açıq etiraf edək, tutaq ki, İstanbulda Binəli Yıldırımın, yoxsa Əkrəm İmamoğlunun bələdiyyə başqanı olmasının Azərbaycan seçicisi, hətta Azərbaycan hakimiyyəti üçün fərqli göstəiciləri var. Əkrəm İmamoğlu dünyaya açıq, Binəli Yıldırım isə qapalı, o cümlədən dini dəyərlərə, dini düşüncə fəlsəfəsinə söykənən bir ideologiyanın daşıyıcısıdır. Onlar üçün Azərbaycan ümumi maraq kəsb edirdi.

Amma yeri gəlmişkən qeyd edim ki, Türkiyədə hakimiyyətdə kimin olması Azərbaycan-Türkiyə problemlərini, münasibətlərini o qədər də dəyişmir. “Təki Azərbaycan yaşasın, təki Türkiyə yaşasın” fəlsəfəsi hakimdir. Burada hakimiyyətlər o qədər də önəmli deyil. Kimlərin hakimiyyətdə olmağından asılı olmayaraq, münasibətlər sistemi zədələnmir. Toplum və xalq o münasibətlər sistemində fərqli yerdədir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »