Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bacı söyüşünə görə karyerasını bitirən Zidan – Ərəb oğlan necə əfsanəyə çevrildi...

O, Fransanın Marsel şəhərində doğulsa da, Əlcəzair əsillidir. Heç vaxt ərəb olduğunu danmır. Baxmayaraq ki, onun karyerası doğulduğu və yaşadığı Fransa ilə bağlıdır.

Bizimyoll.info Oxu.Az-a istinadən dünyanın məşhur futbolçularından olmuş, hazırda məşqçilik karyerasında uğur qazanan Zinəddin Zidanın uğur hekayəsini təqdim edir.

Fransada qısaca “Zizu” kimi tanınan Zidan 23 iyun 1972-ci ildə Fransanın cənubunda doğulub. Onun atası Smail və anası Malikə bərbər əsilli ərəb olub və Fransaya 1953-cü ildə – Əlcəzairin müstəqillik üçün fransızlara müharibə elan etməsindən əvvəl köçüb. O, ailədə beş qardaş və bir bacının ən kiçiyi olub.

“Mənim ərəb dünyası ilə yaxınlığım var. Bu, mənim qanımda valideynlərim vasitəsilə var. Fəxr edirəm ki, fransızam. Həmçinin, fəxr edirəm ki, qanımda bu kökləri daşıyıram” deyən Zidan vaxtilə ərəb qanı daşıdığına görə utandığını bu cür ifadə edib:

“Mənim atam əlcəzairlidir. O, həmişə bununla qürur duyub. Mən isə həmişə atamla qürur duymuşam. Atam məhz o insandır ki, “Miqrantlar iki dəfə daha çox çalışqan olmalıdırlar” deyib, məni daha çox motivasiya edib…

Əslində, mən heç vaxt Əlcəzairi tərk etməmişəm. Əlcəzair həmişə mənim qəlbimdədir… Doğulduğum yerə görə utandığım vaxtlar yadımdadır. İndi isə yalnız o vaxtlar üçün utanıram”.

Onun atası anbardar və bir univermaqda gecə növbətçisi işləyib. Anası isə evdar qadın olub.

Zidan beş yaşından qonşu uşaqlarla futbol oynamağa başlayıb.

Daha sonralar o, yerli “Sen-Anri” klubunda məşqlərə başlayıb. 14 yaşında Fransa Futbol Federasiyasının keçirdiyi seleksiya toplanışında “Kan” klubunun skautu Jan Varonun diqqətini cəlb edib. Zidan növbəti üç ilini Kan klubunun aşağı yaş qrup komandalarında keçirib.

Jan Varonun onun haqda dediklərini bu anda eşitməyə dəyər:

“O bir, iki, üç, beş, altı oyunçunu keçirdi. Bu, mükəmməl idi. Onun ayaqları topla danışırdı”.

Kandakı ilk illərdən onun emosional olduğu üzə çıxır. Çünki azarkeşlər onu və ailəsini əlcəzairli olduğu üçün təhqir etməyə başlayır. Jan Varo isə ona ancaq öz oyununa köklənməyi tapşırır. Çünki ilk həftələrdə rəqib oyunçunu vurduğu üçün ondan cəza tədbiri kimi otaq təmizləməyi tələb olunur.

O, peşəkar karyerasında ilk oyununu 18 may 1989-cu ildə “Nant” klubuna qarşı keçirir. İlk qolunu isə 10 fevral 1991-ci ildə vurur. Həmin matçda da rəqib “Nant” olur. Matçdan sonra qələbəni qeyd etmək üçün keçirilən partidə ilk qolunu vurduğu üçün klubun prezidenti Alen Pedretti tərəfindən ona maşın verilir. Komanda 1991/1992 mövsümünü dördüncü yerdə bitirir ki, bu da “Kan” klubunun ən yaxşı nəticəsi sayılır.

1992-ci ildə üç milyon franka “Bordo”ya transfer edilən Zidan İngiltərənin “Bləkbörn Rovers” və “Nyukasl” klublarına keçməyə yaxın olur. “Nyukasl” 1,2 milyon funta təklif edilən Zidanı İngiltərə elitası üçün kifayət qədər yaxşı futbolçu olmadığına görə istəmir. Lakin 1996-cı ildə Zidan Fransa çempionatında ilin oyunçusu mükafatını qazanır.

Onun daha da parlamasına səbəb isə İtaliyanın “Yuventus” klubu olur. O burda iki dəfə çempion olur. 1996-cı ildə UEFA Super Kubokunu, İnterkontinental Kubokunu, 1997-də İtaliya Superkubokunu və 1999-da ovaxtkı UEFA İntertoto Kubokunu qazanır.

Daha sonra 150 milyon İtaliya lirəsi (77,5 milyon avro) qarşılığında 2001-ci ildə Madrid “Real”ına keçir. Bu klubla dörd illik müqavilə imzalayan Zidan burada cəmi bir dəfə İspaniya çempionu olsa da, Çempionlar Liqası qazanmaq şansı əldə edir. İki dəfə İspaniya Superkubokunu qazanan Zidan karyerasında ikinci dəfə UEFA Super Kubokunu və İnterkontinental Kubokunu başı üzərinə qaldırmaq imkanı əldə edir.

Elə onun milli karyerası da olduqca uğurlu alınır. 1998-ci ildə dünya çempionu olan Fransa millisi iki il sonra Avropanın da ən güclüsü olur. 2006-cı ildə isə onun dünya çempionatında gümüş medalı var.

Hələ finaldan əvvəl o, turnirin ən yaxşı oyunçusu kimi Qızıl Topa sahib olur. Lakin finalda bacısı söyüldüyü üçün İtaliya millisinin müdafiəçisi Marko Materatsiyə kəllə vurması onun matçdan qovulması və karyerasını bitirməsi ilə nəticələnir.

“O zaman mənə göstərilən qırmızı vərəqə düzgün qərar idi. Buffon hakimi mənim hərəkətim barədə məlumatlandırmaqla, düzgün hərəkət etdi. Bilmirəm, əgər həmin epizoddan sonra meydanda qalsaydım və Fransa dünya çempionu olsaydı, indi hansı hissləri keçirəcəkdim”, – deyə Zidan vurğulayıb.

Materatsi isə 2011-ci ildə məsələni belə izah edib:

“Mən artıq bu barədə çox danışmışam. Ancaq yenə də deyirəm, mən həmin vaxt onun anasını deyil, bacısını söymüşdüm. Lakin Zidanın bacısının olduğunu bilmirdim. Zidanın həmin söyüşə belə sərt reaksiya verməsini ilk öncə anlamadım. Ancaq sonra bəlli oldu ki, Zidanın, həqiqətən, də bacısı var imiş. Təbii ki, burada Zidan məni vurmaqda haqlı idi. Ana söyüşünə gəldikdə isə mən bu kəlməni heç kəsə qarşı işlətmirəm”.

2010-cu ildə Çempionlar Liqasında “İnter”lə “Real” qarşılaşarkən o vaxt Madrid klubunun idman direktoru olan Zidan keçmiş baş məşqçisi Juze Mourinyu ilə görüşməyə gələn Materatsi ilə qarşılaşıb. Əvvəlcə Mourinyu ilə görüşən italiyalı müdafiəçi daha sonra Zidana salam verib və onunla da görüşmək məqsədilə əlini uzadıb. Ona uzadılan əli geri çevirməyən Zidan da Materatsi ilə salamlaşıb.

Materatsi 2007-ci ilin avqustunda fransalını təxribata çəkdiyini etiraf edib. Zidanın bacısını təhqir edən müdafiəçi hadisə ilə bağlı kitab da yazıb. “Əslində, mən Zidana nə dedim” adlanan kitabda onun Zidanla dialoqu 249 variantda verilib.

2008-ci ildə Besma Lauri Zidanın Materatsinin sinəsinə başla endirdiyi zərbə haqda kitab yazıb. “Zidanın gizli sifəti” adlanan kitab sonuncu dünya çempionatında baş verən məlum xoşagəlməz epizoda həsr olunub.

Əlcəzairli heykəltəraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini – Zidanın kəllə atdığı epizodun heykəlini hazırlamağı qərara alıb. Heykəltəraşlıq işinin adı “Kim böyük dəhşətli canavardan qorxur?” adlanır. Heykəl müxtəlif şəhərlərdə nümayiş etdirilib.

Futbolçu kimi meydanı yaxşı görməsi, oyun quruculuğu, texnikalı oyunu onu səciyyələndirən cəhətlərdən biridir.

Pleymeyker olan Zidanın fərdi mükafatlarını saymaqla bitməz. Bunlardan ən məşhurları İtaliya A Seriyasının ən yaxşı əcnəbisi (1996/97, 2000/01), FIFA-nın ilin ən yaxşı oyunçusu (1998, 2000, 2002), Fransada ilin ən yaxşı fransalı oyunçusu (1998, 2002), A Seriyasının ən yaxşısı (2000/01), İspaniya La Liqasının ən yaxşı əcnəbi futbolçusu (2001/02) mükafatlarıdır.

Futbolçu karyerasını bitirdikdən sonra 2015-ci ildə Dubayda futzal turnirində oynadığı vaxt maraqlı hadisə yaşanıb. Rəqib komandanın oyunçusu matç zamanı onunla selfi çəkdiyi üçün sarı vərəqə alıb.

2009-cu ilin iyunun 1-dən “Real”ın prezidenti Florentino Peresin məsləhətçisi təyin olunan Zidan daha sonra bu klubda idman direktoru (2011), Karlo Ançelottinin köməkçisi (2013) və ikinci komandanın baş məşqçisi (2014) vəzifələrində işləyib.

2016-cı ilin yanvarın 4-də Rafael Benitesin istefasından sonra bu klubun əsas komandasına baş məşqçi təyin olunan Zidanın futbolçu kimi məşqçilikdə uğur qazana bilməyəcəyini deyənlər yanılıb.

Belə ki, o bu komandaya ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi adını qazandırıb. Yayda komandadan ayrılmış Zidan sonradan bu addımını dəyişikliyə ehtiyac olması ilə əlaqələndirib və yenidən komandaya baş məşqçi qismində qayıdıb.

Zidan 17 yaşında tanış olduğu ispan mənşəli Veronike Fernandeslə 28 may 1994-cü ildə evlənib. Cütlüyün dörd oğlu var: Enzo Alan, Lüka, Teo və Elyaz. Onların dördü də aşağı yaş qruplarında futbol oynayırlar.

Xeyirxah tədbirlərdə iştirakı ilə tanınan Zidana uğur qazandıran amillərdən biri də səmimiliyidir. Türkiyəli jurnalist Zidana “Siz özünüzü hansı dinin nümayəndəsi kimi görürsünüz” sualını verdikdə o, sonralar mətbuatda məşhur olan çox səmimi və dəqiq bir cavab vermişdi: “İbadət etməyən müsəlmanlardanam!” Onun bu şüarı isə onun həyat devizidir: “Özümü gərək layiqincə aparım, çünki mən çoxunun kumiriyəm”.

Son xəbərlər
Bütün xəbərlər »