Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Daha qonşulara, aptekdəki satıcıya yalvarmayacaqsan....”

Dünən şəhərə çıxmışdım. Novruz yarmarkasına baş çəkmək, yazın ilıq nəfəsini duymaq istəyirdim.

Üz tutdum "Torqovıy"a. Ən böyük Novruz yarmarkası ordadı axı. Özümə söz vermişdim ki, bu gün ancaq nə lazımsa onu alacam, bədxərclik etməyəcəm. Amma bacarmadım. Yarmarka gözəl suvenirlərlə, dadlı nemətlərlə dolu olduğu üçün insan qarşısındakı mənzərəyə biganə qalmırdı. Açığı, qiymətlər bir az baha idi, amma hardasa düşündüm ki, kaş bu gün bütün satıcıları sevindirə, daha çox mal ala biləydim. Əlimdə olsaydı, alardım, hamını sevindirərdim. Amma insanın arzusu ilə imkanı üst-üstə düşməlidir...

Yarmarkanı gəzdim, lazım olanları aldım, hətta kiminsə könlünü xoş etmək üçün lazım olmayanları da aldım. Bu vaxt sakitcə bir küncdə oturan qızın ürkək baxışları diqqətimi cəlb etdi. İçimdən gələn bir səs mənə deyirdi ki, o qıza yaxınlaş, ondan nəsə al. Elə də etdim, yaxınlaşıb mallara baxıb, qiymətlərlə maraqlandım. Qız müxtəlif suvenirlər satırdı. Mən isə bir az əvvəl suvenir almışdım. Üstəlik, qiymətlər də eyni idi. Bu vaxt baxışlarımız bir-birinə sataşdı. Qızın üzündə sakit ifadə vardı. O, məndən xahiş etmirdi ki, nəsə alım, üstəlik, digərləri kimi malını tərifləmədi. Sakit dayanıb baxsa da, gözlərində qeyri-adi, qəribə ifadə vardı. Hiss olunurdu ki, pula ehtiyacı var. Bir suvenir də ondan aldım, pulu əlləri əsə-əsə götürdü. Yüz dəfə “sağ ol” deyib, mənə dua etdi. Ayrılmaq istəyəndə, həmin qızın anasına zəng etdiyinin şahidi oldum. Qeyri-ixtiyari olaraq, ayaq saxladım, onların söhbətinə qulaq verdim.

Qız anasına belə deyirdi: “Anacan, ikinci dərmanın pulu da hazırdır. Ən bahalı dərmanın pulunu düzəltdim. Bu gün o dərmanı sənə alıb gətirəcəm, gözlə bir az, gələcəm. Səbr elə, ana. Hə, yaxşı, ana, narahat olma. Daha dərmansız qalmayacaqsan, qonşulara, aptekdəki satıcıya yalvarmayacaqsan. Şükür sənə İlahi, mənə o pulu yetirdin..."

Sevincdən qızın gözlərindən yaş axıdırdı. Mənim də gözlərim doldu, çevrildim həmin o qıza baxdım, elə sevinirdi ki... Yaxınlaşıb belə dedim: "Halal olsun bacı, səninlə qürur duyuram. Halal zəhmətinlə anana dərman pulu qazanırsan, əhsən sənə".

Əlini sıxıb, ona və anasına dua edərək, ordan uzaqlaşdım. Bu gün o qızı sevindirə bildim. Bir ananın dərman ehtiyacını ödəmək mənim payıma düşdüsə, nə xoş mənə. Çox istərdim ki, heç kim dərmandan korluq çəkməsin. Bunun üçün bir balaca səxavətli olsaq yetər. Bu qız anasına dərman almaq üçün pis yola da düşə bilərdi. Amma soyuq havada halal zəhməti ilə pul qazanmağı seçdi. Uca Allah onu naümid qoymadı, qəlbinin dərinliklərində bəslədiyi arzular çiçək açdı. Kaş, həmişə belə olaydı...

Leyla Namazova

Son xəbərlər
Bütün xəbərlər »