Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu qərar İlqar Məmmədova seçkilərdə iştirak imkanı yaratmır”
Fuad Ağayev: “Məhkəmə hökmü onun təqsirli hesab edilməsi hissəsində hələ də qüvvədədir, bu da Avropa Məhkəməsinin qərarına ziddir”

“Ali Məhkəmənin qərarı İlqar Məmmədova seçkilərdə iştirak imkanı yaratmır. Biz onun barəsində bəraət qərarının alınması üçün addımlar atacağıq”.

Bunu Bizimyol.info saytına açıqlamasında vəkil Fuad Ağayev müdafiəçisi olduğu İlqar Məmmədovun barəsindəki Ali Məhkəmənin qərarını şərh edərkən deyib.

Bu gün çıxarılan qərara əsasən, İlqar Məmmədovun cəzasının şərti hesab olunması barədə Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İlqar Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

Vəkil Fuad Ağayev bildirir ki, bu qərarla artıq İlqar Məmmədov barəsində cəza, o cümlədən şərti cəza və ondan irəli gələn məhdudiyyətlər aradan qaldırıldı:

“İlqar Məmmədovun Bakını və Azərbaycanı tərk etməsi ilə bağlı qadağa yoxdur. Sadəcə İlqar Məmmədov barəsindəki qərarlar, o cümlədən məhkəmə hökmü onun təqsirli hesab edilməsi hissəsində hələ də qüvvədədir. Bu da Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə daban-dabana ziddir. Çünki Avropa Məhkəməsinin müəyyən etdiyi hallara, o cümlədən yerli məhkəmələrdə müəyyən edilmiş hallara düzgün qiymət veriləcəyi təqdirdə İlqar Məmmədov barəsindəki hökm ümumiyyətlə ləğv edilməlidir. Yəni iş üzrə icraata xitam verilməliydi, amma bunu etmədilər. Ona görə də biz əlimizdə olan hüququ imkanlardan bəhrələnməyi nəzərdə tuturuq. Ali Məhkəmənin Plenumuna və Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnu özümüzdə saxlayırıq” – deyə vəkil bildirir.

İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib və yuxarı instansiyalar hökmü qüvvədə saxlayıb. Təkrar şikayətinə əsasən, 13 avqust 2018-ci il tarixli qərarla Şəki Apellyasiya Məhkəməsi onun şərti azadlığa buraxılması barədə qərar çıxarıb.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı var.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »