Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stalin qurbanlarının meyitləri üzərində açılan restoran etirazlara səbəb oldu

Belarusda paytaxt Minskdən şimalda yerləşən Kuropat meşəsində vaxtilə Stalinin göstərişilə onminlərlə insan güllələnib. Keçən yay həmin yerdə böyük bir restoran açılıb, adı da belədir: “Gedək yeyək”. İnsan haqlarını müdafiə edən fəallar xeyli vaxtdır ki, buna etiraz edərək, orada güllələnən şəxslərin xatirəsinə hörmət tələb edirlər.

Bizimyol.info xəbər verir ki, restoranın arxasındakı təpəlikdə meşənin içində üzərində xaçlar olan məzar daşları görünür. Hüquq müdafiəçisi Pavel Severintsin sözlərinə görə, orada 510 “qardaşlıq məzarı” var. Amma bu məzarlarda nə qədər adamın dəfn olunduğu bilinmir: “Rəsmi rəqəmlərdə 30 min insandan söhbət gedir. Amma araşdırmalar bu rəqəmin dəfələrlə çox oduğunu göstərir. 1937-1941-ci illər ərzində sovet xüsusi xidmət orqanları təxminən 250 min insanı öldürüb basdırıblar”.

Ümumiyyətlə, insan haqları fəalları 30 ildir ki, kütləvi qətllərin törədildiyi həmin ərazidə repressiya qurbanları üçün xatirə kompleksi salınmasını tələb edir. Amma hökumət bunun əvəzinə 2002-ci ildə dairəvi yolu genişləndirərək, altı zolağa çatdırıb. Nəticədə meşənin bir hissəsi yolla birləşib.

Maraqlıdır ki, sözügedən restoranın saytındakı reklamda müştərilər ora gəlib, “ruhi rahatlıq” tapmağa çağrılır. Qarşı çıxanlar isə bu obyekti “meyitlər üzərində restoran” adlandırırlar. Az qala, hər gün qeyri-hökumət təşkilatlarının, müxtəlif partiyaların nümayəndələri, gənclər təşkilatının fəalları restoranın qarşısında etiraz aksiyası keçirirlər.

Restoranın sahibi Leonid Zaydes etirazçılara deyib ki, obyektə aid tikililərdən birində repressiya qurbanlarının xatirəsinə muzey yaratmağa hazırdır. Lakin aksiya iştirakçıları razılaşmayıblar: “Bu necə olsun, bir tərəfdə kütləvi güllələnmənin qurbanları, şüşənin o biri tərəfində aradən içilən araqlar...”

Son xəbərlər
Bütün xəbərlər »