Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xan sarayında qadağalarla qarşılanma

Şəkidəki məşhur Xan sarayınadır yolumuz. Barəsində çox eşitsəm də. hələ ki, mismarsız, çivsiz sarayı ziyarət etmək imkanım olmayıb. Qismət bu günəymiş.

Saraya yaxınlaşanda küçədə dayanmış adamların arasından bir yaşlı kişi tez aralanıb divara söykənərək tütək çalmağa başlayır. “Sarı gəlin” yaşı 70-dən keçmiş, üzünü saqqal basmış bu ahil adamın tütəyindən sanki burula-burula, boz-bulanlıq rəngdə çıxırdı. Çaldığının “Sarı gəlin” olduğunu zor-güc anlamağa başlamışdıq ki, kişi hələ ona çatmağımıza xeyli qalmış tütəyinin səsini kəsdi.

- Sənətkar nə oldu, niyə dayandın.

- Ha indi maa bir hörmət elemecesoz?

- Ağsaqqal, bir imkan ver gəlib çataq, dinləyək , görək nə ifa edirsən, sonra baxarıq da.

- Əlonan cibiin arasında nə qalıfki?

Tütək çalanın inadına vaxt sərf etmək istəməyib sarayın darvazasına yaxınlaşırıq. Qarşımızı kifayət qədər polis “görkəmi” olan uniformalı çavuş kəsir.

- İçəri keçəcəksuuz?

- Bəli.

Çəkilib yol verir. Həyətə daxil oluruq və ilk diqqətimi çəkən qarşısında 1530-cu ildə əkildiyi yazılmış Xan çinarları barədə məlumat olur. Hündürlüyü 42 metr olan cinarların sarayın inşasından təxminən 200 il əvvəl əkildiyi məlum olur. Bildirişin üzərində “toxunmaq olmaz” yazmağı da unutmayıblar.

Saraya daxil olmaq istəyirik. Yenə qarşımızı 55-60 yaşları arasında olan birisi kəsir.

- Puloozu verin, sora.

- Yaxşı, verərik, keçək içəri görək neçə nəfər keçəcək , qaçmırıq ki, ödəyərik.

- Yox. Puloozu verin, sora keçin da.

Xülasə, bundan da sovuşub otağa daxil oluruq. Gülərüz, ortayaşlı xanım bələdçinin bizə ilk söylədiyi: “Çəkiliş aparmaq olmaz. Bağlanmış lentləri keçmək olmaz. Divarlara, pəncərələrə, əşyalara toxunmaq olmaz.

Daha hansı "olmaz"lar deyəcəkdi ki, dözmədim: “Xanım, bayırda tütəkçalan adamdan Sizə qədər hər yerdə “olmazla” qarşılaşmışıq. Burda hər şeyin olmazlığını anlayacaq adamlarıq. Siz bizə olmuşlardan məlumat verin. Özümüzü yaxşı aparmasaq, “olmazlarınızı” deyərsiz”,– deyə bələdçiyə iradımı bildirirəm.

Qadın mənim iradlarım sonra bizə qarşı münasibəti xeyli dəyişir, həlimləşir. Muzeylə bağlı verdiyimiz bütün suallara ətraflı cavab verməsi ilə bizdə ilk xoş təəssürat yaradır. Həmkarlardan biri “bunları xarici qonaqlara necə anladırsınız” deyə sualına bələdçı – xanım altı dil bildiyini deyir.

Həmkarımız: “Bilirik ki, muzeylərdə o qədər də yüksək maaş verilmir, nə yaxşı Siz burda işləməklə razılaşırsınız. Hansı ki, şəhərdə tək tərcümə etməklə buradakından xeyi çox qazana bilərsiniz”,- deyir. Xanım utancaq halda: “Ailəm burda, mən hara gedim, məni elə bu da qane edir”-, deyə cavab verir.

Yol boyu düşünürəm, tütək çalanın (istedadsız ifa olmasına baxmayaraq, pul almamış bizi o musiqini dinləməkdən məhrum etməsi, qadağası, polisin heç bir mənası olmayan qadağanedici sualı, plakatın üzərindəki “toxunmaq olmaz” qadağası, qapıçının (kassanın olmaması da diqqətimizdən yayınmır) qadağası, xanım bələdçinin qadağası - bir tarixi-mədəniyyət abidəsini görmək üçün nə qədər qadağalardan keçməliyik. Niyə biz qanunlarla yox, şifahi qadağalarla yaşamağı seçmişik.

Olmazdı ki, o tütək çalan adam musiqini yarıda kəsməyib axıra qədər davam edəydi? Bəlkə də belə daha çox qazanardı. Polis mənasız sual vermək əvəzinə “xoş gəlmisiniz” desəydi, xoş olmazdımı? Qapıçı-kassir orada kassa yaratsaydı, biz də haraya nə ödəyəcəyimizi biləcəkdik, buna görə də onun qarşımızı kəsməsinə ehtiyac qalmayacaqdı - yaxşı təəssürat yaratmazdımı? Hələ o bələdçi xanımın “müdiriyyətin tapşırığı” olan qadağaları olmasaydı, biz sarayı dağıdacaqmıydıq?

Bu bizim, xalq olaraq, psixoloji problemimizdir. Nədənsə elə düşünürük ki, qadağa olmayanda özümüzü qarşımızdakı insana sübut edə bilmirik. Yüksək səslə danışmadan başqalarının hörmətini qazana bilmərik. Nəyə görəsə insanlara mədəni yanaşma avamlıq göstəricisidir?

Əksəriyyətimiz də bütün bunların eybəcərlik olduğunu bildiyimiz halda elə həmin qaydalarla yaşayırıq.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »