Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onurğa əyriliyinin ağıla gəlməyən təhlükəsi - Fizioterapevtdən xəbərdarlıq
Günümüz kompüter və televizor qarşısında oturmaqla keçir. Çox vaxt necə oturduğumuza belə, fikir vermirik. Bu isə onurğa əyriliyinə səbəb olur. Onurğa əyriliyin hansı növləri var? Müalicə olunmadıqda hansı fəsadlar verə bilər?

E-tibb.az bildirir ki, son zamanlar insanlar arasında onurğa əyriliyinin artdığına diqqət çəkən fizioterapevt Sənan Cəfərov deyir ki, vücudumuzda iki daşıyıcı sistem mövcuddur. Biri skelet, digəri isə ona yardımçı olan əzələ sistemidir. Əgər əzələ sistemi çox zəifdirsə, onda bütün güc skeletin üzərinə düşür. Onurğa əyriliyi bu zaman meydana çıxır: "Bu, təkcə bədənin deformasiyasına deyil, həmçinin digər görkəm pozulmalarına da gətirib çıxarır. Təkcə bel deyil, qol, ayaq, çiyin və boyunda da sümüklər əyilir, sızlamalar başlayır. Onurğa əyriliyinin müxtəlif səbəbləri var. Məsələn, doğuş zamanı zədə, hamiləlik vaxtı ananın düzgün qidalanmaması, ağır yük qaldırmaq, düzgün oturmamaq, revmatizm və irsiyyət".

S.Cəfərovun sözlərinə görə, onurğa əyriliyinin ən geniş yayılan növü skoliozdur. Skolioz onurğa sütununun yana əyilməsi deməkdir: "Skolioz olduqda onurğa S hərfinə bənzəyir. Bu, onurğa xaricindəki problemlərdən irəli gəlir. Skolioz ağır və yüngül olur. Əgər bir çox sümüklərdə əyilmələrə rast gəlinirsə, buna "ağır skolioz" deyilir. Sadə skoliozda isə onurğa sütunu əyilməyə başlayır. Skolioza daha çox məktəblilər arasında rast gəlinir. Hazırda hər üç məktəblidən birində skolioz aşkarlanır. Məktəblidə bel ağrısının olması normal hal deyil. Əgər məktəb yaşlarında skolioz aradan qaldırılmazsa bu, gələcəkdə uşağın çiyinlərində əyriliyə səbəb ola bilər. Bel əyriliyi isə get-gedə ayaq sümüklərinin də əyilməsinə gətirib çıxarır. Skoliozun yaranmasına sinir sisteminin zədələnməsi, əzələlərdəki balansın, onurğadakı sümük inkişafının, endokrin vəziyyətin pozulması və D vitamini çatışmazlığı səbəb olur. Bir də skoliozun idieopatik növü var, yəni xəstəliyin yaranma səbəbi məlum olmur. Onu da qeyd edim ki, bəzən körpə uşaqda revmatizm olur. Revmatizmin qarşısı vaxtında alınmadıqda skolioza çevrilir".

Onurğa əyriliyinin ikinci növü kifozdur. Kifoz zamanı döş qəfəsi önə doğru əyilməyə başlayır. Onurğalar arasındakı əyrilik anadangəlmə əyrilikdən daha az və elastik olur. Döş qəfəsində əhəmiyyətli dəyişikliklər olur. Döş qəfəsi önə doğru əyildikdə qozbellik yaranır.

Onurğa əyriliyinin üçüncü növü isə lordozdur. Lordoz zamanı insanlar elə bilirlər ki, qarınları çıxır, buna əhəmiyyət vermirlər. Bu zaman insanın yerişi də dəyişir. Nəfəsalma çətinləşir.

Fizioterapevt vurğulayır ki, onurğa əyriliyinin bütün növləri orqanizm üçün təhlükəlidir: "Bu, bir çox xəstəliklərin yaranmasına səbəb olur, əsəb sisteminə pis təsir edir. Onurğa əyriliyi raxitliyə və iflicə gətirib çıxarır. İnsanda daim təzyiq və ürək nahiyəsində ağrılar olur. Uzun müddət müalicəsiz qalanda ayaqlarda tutulmalar baş verir. Bütün bu fəsadlardan yan qaçmaq üçün həkimə vaxtında müraciət edərək, lazım olan müalicələri almaq lazımdır".

Son xəbərlər
Bütün xəbərlər »