Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qiymətlər ötən ilə nisbətən daha yüksəkdir”: Bayram bazarlığı – Fotolar

Təqvimimizdə milli bayramlarımız kimi məxsusi təntənə ilə keçirilən bayramlardan biri də Novruz bayramıdır. Hər bayramın özünəməxsus adət-ən-ənələri olduğu kimi Novruz bayramı öz adətləri ilə digərlərindən fərqlənir.

Bahar fəslinin gəlişi ilə əlamətdar olan Novruz bayramında səmənilər cücərdilir, xonçalar bəzənilir, süfrələrə "S" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur, növbənöv şirniyyatlar bişirilir, çeşid-çeşid yeməklər hazırlanır.

Bizimyol.info olaraq bayramda süfrələrimizi bəzəyəcək təamların qiymətləri ilə maraqlandıq. Yola bayrama hazırlaşan Bakı sakinlərinin dedikləri ilə çıxdıq. Bakı sakinləri deyir ki, bayram bazarlığını Bakının Nəsimi rayonunda yerləşən "Təzə bazar"- dan ediblər qiymətlər isə ötən illə müqaisədə nisbətən baha olsa da digər satış mərkəzlərindın ucuz başa gəlib.

"Təzə bazar" -a yollandıq, satıcılarla təmasda olduq. Satıcılar isə bahalığı satış nöqtələrinin icarəhaqqının bahalaşması ilə əlaqələndirdilər. Satıcı Səfərov Elçin deyir ki, mart ayı alış-veriş çox olduğuna görə icarəhaqqı da digər aylara nisbətən yüksək qoyulub:

"Yeni il ərəfəsində və Novruz bayramı ərəfəsində yerin icarə qiyməti qaldırılır bu səbəbdən də bu qiymətlərə təsirsiz ötüşmür. Bu ay da yerhaqqı artıb, ona görə də satdığımız məhsulun üzərinə nisbətən daha çox qoymalı oluruq. Lakin alıcılarımız da çox olur, məcburiyyətdən alırlar. Çünki başqa yerlərdə də qiymətlər bahadır".

Satıcıların icarəhaqqının bahalaşması ilə bağlı iddialarına cavab almaq üçün "Təzə bazar" rəhbərliyindən mövqe almağa çalışsaq da özünü təqim etməyən şəxslər rəhbərliyin işdə olmadığını, ərazidə olduğunu əsas gətiriblər.

Bazarda olan alıcılar da qiymətin bahalığından narazılıqlarını bildiriblər, onlar deyir ki, ötən il daha ucuzluq olub nəinki bu il:

"Ötən il şabalıdı 6 manata alırdıq, ən pis halda 7 manata alırdıq, bu il isə ən yaxşı halda şabalıdı 8 manata alırıq. Eyni zamanda qoz və fındıq ləpəsinin də qiymətində artım var. Əvvəl 10-12 manata alırdıqsa bu il qiymət 13 manatdan başlayır".

Həmçinin alıcı Selcan Qeysərova bildirib ki, Bakı şəhərinin bir neçə yerində Kənd Təsərrüfarı Nazirliyinin təşkil etdiyi yarmarkalarda da qiymət ürəkaçan deyil. Xüsusilə də meyvə tərəvəz məhsulları yarmarkalarda digər yerlərdən baha qiymətə satılır.

Selcan Qeysərova əlavə edib ki, o bayram üçün meyvə tərəvəz məhsullarını Səməd Vurğun bağının yaxınlığında yerləşən satış nöqtələrindən alıb ki, bu da digər satış nöqtələrindən daha ucuz qiymətə başa gəlib:

"Bayram yarmarkalarında da qiymətlər bahadı. Əl-əlxsus da meyvə tərəvəzlər. Bu səbəbdən biz meyvələri, xüsusilə də yerli meyvələri Səməd Vurğun bağının yaxınlığında yerləşən satış nöqtələrindən alırıq"

Bizimyol.info olaraq pərakəndə şəkildə satılan məhsulların qiymətləri ilə də maraqlandıq.

Nizami metrostansiyasının qarşısında qurulan çadıra yaxınlaşdıq. Burada da qiymətlər alıcıların ciblərinə uyğun kimi görünmürdü. Belə ki, qoz ləpəsi 13 manatdan 18 manata qədər, fındıq ləpəsi təmizlənməmiş 13 manat, təmizlənmiş və qovrulmuş 15 manat, ərik qurusu 13 manat, sarı kişmiş 7, qara kişmiş isə 9-10 manat civarında idi.

Ona yaxın ərazidə isə fərdi şəkildə satışla məşğul olan qadın isə daha ucuz qiymətə bayram sovqatının satışını həyata keçirdirdi: qoz ləpəsi 11 manat, şabalıd 8 manat, təmizlənmiş və qovrulmuş fındıq ləpəsi 13 manat, ərik qurusu isə 10 manat.

Meyvə-tərəvəzlərin qiymətini öyrənmək üçün alıcı Selcan Qeysərovanən qeyd etdiyi satış nöqtələrinə də yollandıq. Həmsöhbət olduğumuz satıcı deyir ki, satdığı məhsulların ucuz olma səbəbi onları topdan almasıdır:

"Bizdə daha çox meyvə-tərəvəz alınır. Ona görə də burada olan digər satış nöqtələri ilə birləşib meyvələri daha çox aldığımıza görə bizə daha ucuz qiymətə verirlər. Məsələn Quba-Qusar almasının yüz kilosunu alanda bizə 80 qəpiyə verirlər kilosunu, biz də 20 qəpik üstünə qoyub 1 manata satırıq. Amma digər yerlərdə bu belə deyil. Bəzən biz başqa satış nöqtələrinə də məhsul satırıq. Məsələn 1 manata digər satış nöqtələrinə alma satırıq onlar da 20-30 qəpik qiymət qoyaraq satırlar. Bizdə ucuz olduğuna görə müştərilərimiz də, qazancımız da bol olur"

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalardan birinə, Xəzər rayonu Şüvəlan qəsəbəsində təşkil olunan yarmarkaya yollandıq. Ərazidə apardığımız söhbətləşmə zamanı alıcıların bəzi iddialarını da eşitdik. Alıcılar deyir ki, yarmarkada qiymətlər olduqca bahadı. Buna səbəb isə ərazidə fəaliyyət göstərən satıcıların məhsullarını yarmarkada satmasıdır:

"Yarmarkanın ətrafında müxtəlif satış nöqtələri var ki, orada da kənd təsərrüfatı məhsulları, ət, yumurta, meyvə-tərəvəz, ədviyyat satılır. Onlar öz məhsullarını yarmarkada satırlar. Yəni mahiyyət etibarilə heç nə dəyişmir. Eyni bahalıq, eyni məhsullar, eyni satıcılardır".

Yarmarka yetkilisi ilk öncə onu bildirib ki, yarmarkada satılan məhsulların qiyməti məhz onlar tərəfindən tənzimlənir:

"Biz burada satılan məhsulların qiymətinə və ucuzluğuna nəzarət edirik. Qiymətləri də biz tənzimləyirik. Yarmarkada daha çox yerli məhsullar satılır, heç bir xarici məhsul satılmır. Bir çox çeşiddə kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bu yarmarkada isə ümumilikdə 53 vitrin var".

Alıcıların iddialarını cavanlandıran yarmarka yetkilisi deyir ki, oradakı satıcıların kimliyi haqqında heç bir məlumatı yoxdu:

"Satıcıların kim olması barədə dəqiq məlumatım yoxdur. Sadəcə olaraq onu deyə bilərəm ki, onlar məhsulları kənddən gətirirlər"

Həmçinin onu da əlavə edib ki, bir neçə gündür fəaliyyət göstərən və satış həyata keçirdən yarmarkanın fəalliyyəti dayandırılıb, satış mart ayının 16 -dan etibarən davam etdiriləcək:

"Baxmayaraq ki, bir neçə gün bundan qabaq satış həyata keçirilirdi, lakin bu günlərdə satış dayandırılıb. Mart ayının 16-dan yarmarkanın açılış mərasimi keçiriləcək, sizi də açılışda iştirak etməyə dəvət edirik. Qeyd edim ki, yarmarka mart ayının 21-inə qədər davam etdiriləcək".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »