Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ Dövlət Depertamenti ərəb ölkələri haqqında da belə hesabatlar açıqlayırdı”

Azər Badamov: “Onların Azərbaycanda xüsusi maraq və gözləntiləri var”

“ABŞ Departamentinin Azərbaycanla bağlı açıqladığı hesabatı müəyyən maraqlara uyğun hazırlanıb. Əgər ABŞ Dövlət Depatrtamenti ədalətli hesabat hazırlayıb yayırsa, bəs ABŞ-da və Avropada baş verən insanlara edilən təzyiqlərdən, pozulan hüquqlardan, polisin işgəncələrindən niyə heç nə yazılmır?”.

Bunu Bizimyol.info saytına açıqlamasında deputat Azər Badamov deyib. O, ABŞ Dövlət Depatamentinin illik hesabatında Azərbaycanla bağlı yer alan məqamları qərəzli hesab edir.

“ABŞ Dövlət Departamenti ədalətli mövqeydədirsə və Azərbaycanda insan haqların pozulması, qeyri qanuni həbsləri hesabatda göstərilirsə, niyə bəs 1 milyona yaxın hüququ pozulmuş, yurdlarından deportasiya olunmuş məcburi köçkünlər və qaçqınların hüquqları barəsində heç nə yazmır? Niyə görə Azərbaycanın torpaqlarında ermənilərin törətdikləri soyqırım və vəhşiliklərdən yazmır? Niyə görə 28 il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərini azad olunmaması və BMT qətnamələrin icra olunmaması ilə bağlı heç kimi günahlandırmır? Əgər bütün belə haqsızlıqlara ABŞ Dövlət Deparatamenti göz yumursa və bu gün ölkəmizdə təmin olunmuş siyasi sabitliyi pozmağa istiqamətlənmiş hesabatlar açıqlayırsa təbii ki, onların Azərbaycanda xüsusi maraq və gözləntiləri var.

ABŞ Dövlət Depertamenti ərəb ölkələri haqqında da belə hesabatlar açıqlayırdı və nəticəsi Azərbaycan ictimaiyyətinə məlumdur. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti belə ədalətsiz hesabatlara inanmır və ölkədəki sabitliyi, inkişafı pozmağa heç kimə imkan verməyəcəkdir” – deyə deputat bildirib.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatı təqdim edən Dövlət Katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb.

Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində qeyd edilir ki, Azərbaycanda arbitrar qətllərin və işgəncə hallarının geniş hal alıb. Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd edən hesabat polisin zordan istifadə edərək tutulanlardan "etiraf" aldığını yazır. Bu işgəncə növləri sırasında dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi göstərilir.

“Bu işgəncələr tutulanların öz təqsirlərini boyunlarına almaları, yaxud da əlavə cinayət maddələri tətbiq edilməsi məqsədi daşıyıb" - hesabatda deyirlir.

Bu xüsusda video bloger Mehman Hüseynovun ona işgəncə verildiyini açıqlamasından sonra Nəsimi rayon polis idarəsinin iddiası əsasında iki il həbsə məhkum olunduğu bildirilir.

“Həbsxanalarda vəziyyəti monitorinq edən qrupun bildirdiyinə görə, Azərbaycanda həbsxanalarda vəziyyət həyati təhlükə daşıyır. Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazimı tibbi qayğı mövcud deyil”.

Hesabatda deyilir ki, məhbuslar məhkəmələrini gözləyənədək yerli məhkəmələrin qeyri-insani şəraitdəki zirzəmilərində saxlandıqlarından şikayətlənir.

Bundan əlavə, yeməklərin keyfiyyəsizliyindən də gileylənənlərin sayı az deyil.

Hesabatda siyasi məhbus elan edilən şəxslərlə bağlı da məqamlar yer alıb.

Hesabtda vurğulanır ki, qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları pozur. “Hökümət ifadə azadlığı və mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökümət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »