Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölülərinizi doydurun...”

Bizim bir adətimiz var: “Qara bayram”

Bilən bilir, bilməyən üçün: “bayram” sözünün mənası xoşbəxtlik, şənlik, şadlıq, səadət deməkdir. Bu elə bir şənlikdir ki, burada hər hansı önəmli bir tarixi hadisənin şərəfinə insanlar toplanar, kütləvi şəkildə əylənər, oyunlar oynayar, yox, buna həvəsi yoxdursa, ən azından deyib-gülər. “Qara sözünün də mənasını bilənlər bilir, bilməyənlər üçün: “qara” sözü birbaşa mənasında rənglərin ən tündü deməkdir, qaldı ki, sonrakı - məcazi mənasına burada da ağır, pis, kədər doğuran, qəm gətirən, qorxulu, vahiməli, talesiz, bədbəxt, faciəli anlamlarını özündə daşıyır.

İndi mən savadsıza heç cür aydın olmur ki, əks qütblərdə dayanan iki sözün yanaşı gəlməsini bu balaca beynim necə dərk eləsin?! Elə bu gün el-obamızda dünyasını dəyişənlər üçün “Qara bayram” keçirirlər. Yediklərindən, içdiklərindən qəbir üstünə aparacaqlar. Hələ bir orada tonqal da qalayacaqlar. Qəbir daşlarının yan-yörəsini işıqlandıracaq, gətirdikləri naz-nemətlərdən qəbir daşı üstünə qoyub yollanacaqlar evlərinə. Beləcə inanırlar ki, bu adəti icra etməklə bayram günündə qəbirdə yatan əzizlərinin ruhunu şad edirlər.

Qəbirstanlıq ziyarəti biz müsəlmanlara halal buyrulub. Çünki dünyaya aludə olmuş insan ara-sıra əzizlərinin qəbrini ziyarət etməklə gec-tez gedəcəyi yerin bura olduğunu xatırlayar, dünyadan ikiəlli yapışmağın boş və faydasız olduğunu dərk edər. Bəs bu yeməklər? Bayram günündə ziyarət etməklə kifayətlənməyən bu insanların orada yemək-içmək qoymasının anlamı nədir? Axı müqəddəs kitabın harasında: “Qəbir üstünə yemək aparın, “ölülərinizi doydurun” deyə yazılıb?!

Yadıma gəlir, uşaq idim. Rayona “qara bayram”a getmişdik. Həmişəki kimi bayram yeməkləri bişdi, ev əhli hazırlaşdı. Hər yeməkdən bir pay götürüb yollandılar qəbir üstünə. Getdik ki, bizdən əvvəl gələnlər də varmış. Qəbir daşlarının üstündə meyvədən, səmənidən tutmuç ta şəkərbura paxlavaya qədər hər şey var idi. Yoldan keçən acın biri özünü bu tərəfə salsaydı, nəinki doyardı, lap elə bir aylıq azuqəsini də yığardı. Uşaq ağlım bunu anlayıb qəbullana bilmədi. İllər keçdi, bir gün eşitdim ki, kəndimizin ağıllı mollalarından biri camaata deyib ki, bəs siz qəbir üstünə yeməklər qoyursuz, düyü səpirsiz, quşlar, heyvanlar da bu nemətlərdən yeyir, başını qaldırıb Allaha dua edir ki, bu ölülərdən çox olsun, yaxınları da gəlib buraya bol-bol nemətlər düzsün. Onlar da rahat-rahat yeyib şükür etsin.

Mollanın bu ağlabatan söhbətindən sonra Novruz bayramından əvvəl keçirilən üçüncü çərşənbədə-el arasında ölü çərşənbə adlanan bu gündə kənd qəbirstanlığımız çərşənbəni sakit yola verir, quşlar, heyvanlar da boynu bükük öz qismətlərini bayram keçirən evlərin qapı-pəncərəsində axtarır...

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »