Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağsız heç kim gülümsəmək istəməyəcək

Elə bil dünyanın bütün dərd-səri metroya tökülüb. “Yerin altıdır da, bəlkə bundan qaynaqlanır fikri keçdi ağlımdan. Yerin altında şad olmaq mümkündürmü?”- deyə düşündüm.

Telefonla başını qatmayanların hamısı tam ciddi görkəmdədir. Sanki hamı nəzarətdədir, artıq hərəkət, sifətinə yayılacaq bir xəfif təbəssümdən xarizmasının dağılacağı qorxusu var hamıda. Hamı nə barədəsə düşünür. Məsələn, mən nə barədə düşünürdüm?

İndi yadıma sala bilmirəm nə isə ciddi mövzuda düşünürdüm. “Nərimanov”da yaşlı xanıma yer vermək üçün qalxıb mənimlə yanaşı dayanan qadının “şirin ətir iyi” olmasaydı yəqin ki, qatardan düşənə qədər beləcə düşünəcəkdim. İndi isə bir şey düşünürdüm. Nə olar bu qadına yer versinlər, keçib əyləşsin. Yoxsa bu basırıqda mən yerimi dəyişmək məcburiyyətində qalacam.

Amma düşündüyüm oldu. Bu işdən sıyrıldım. Elə həmin anda da düşündüm ki, bəlkə Qarabağ barədə düşünüm. Bir də gördün alındı. Məsələn, metrodan çıxıb gedirəm evə, yolda dostlar zəng edib məni təbrik edir. Səbəbini bilmirəm, onlar demirlər, mənsə soruşmağa utanıram. Görəsən, bu gün hansı əlamətdar gündür deyə düşünürəm. Ağlıma bu günü özəl edəcək bir hadisə gəlmir. Bəs bu nə təbrikdir. Hamı da elə bil sözləşiblər: “Təbrik edirəm! Gözün aydın, nə vaxt köçürsən, inşallah, biz də qonaq gələrik sizə”,- ya da buna bənzər bir şeylər deyir, nə baş verdiyini anlatmırlar.

Evə çatanda evdəkilərində mənə bir başqa təbəssümlə baxdığını görürəm. Televizorun səsini giriş qapısından eşidirəm. İndi anlayıram ki, Qarabağ qaytarılıb. Hamı sevinir, şadyanalıq edir. Mən sevinə bilmirəm. Bəs şəhidlərimizin qanını ala bilməyəcəyik? Bəs, Xocalı qisası nə olacaq?

Yox belə istəmirdim.

- Yol ver keçim, deyib çantası ilə çiynimdən itələyib keçən məni fikirdən ayırır.

Onun nə vecinə, ona qatarın bu başından o başına keçmək olsun. Mənim nə fikirləşdiyimi haradan bilsin. Ümumi səfərbərlik olur, mən də orduya alınıram. Hamı ruh yüksəkliyi, döyüş – qələbə əzmi ilə cəbhəyə yollanır. Ətrafa baxıram hər bölgədən, hər təbəqədən olan insanlardır. Hamının gözündən atəş, üzündən sevinc yağır. Çəkməsinin bağını bərkidən biri: “Atam barədə hey yazırdınız, baxın mən də sizinləyəm. Mən deputatın oğluyam. Atam mənə xeyir-dua verdi, qələbə ilə qayıtmağı tapşırdı”, - deyir.

- Mənim də atam özü gələ bimədisə də, xaricdə yaşayır, görəcək işləri çox olduğundan məni göndərdi ki, vətənin azadlığında bizim də qatqımız olsun.

- Mənim atam-anam yoxdur, uşaq evindən gəlmişəm. Anam vətənimin işğalda olan torpağını qurtarmaq üçün döyüşəcəm.

- Mən indiki anda o postda otura bilməzdim. Vəzifəni tapmaq olar, torpaqlarımızı qorumaq ən şərəfli vəzifədir.

Biz birlikdə rayonları azad edirik. Döyüşlərdə itkilər olur. Amma qələbəyə aparan yol sevinc gətirir. Qisas qiyamətə qalmadı, şükür Yaradanın məsləhətinə. Kəndimizə gedirəm. İlk olaraq evimizin dağıdılmış izlərini ziyarət edirəm. Sonra qəbiristanlığa...

Yenə kimsə məni itələyib fikrimdən yayındırır. Baxıram hələ düşməyə iki stansiya var. Ətrafa baxıram yenə hamı fikirli, hamı əsəbi görünür. Bu sosial sıxıntı deyil, bu məğlub xalqın mənəvi sıxıntısıdır. Zahirən bəzi hadisələrə, sözlərə, lətifələrə gülmək olar, amma daxili rahatlıq yoxdursa, sevinc də, təbəssüm də ya olmayacaq, ya da qısa olacaq. Qatar dayanmaq üçün geri dartınır. Düşmək vaxtıdır.

Allah, məni o yerləri azad etməmiş qəbiristanlığa göndərmə!

Mən vaqondan düşürəm, fikirli insanlar isə hələ yol gedir. Heç kim gülümsəmək üçün səbəb tapa bilmir. Hamı əsəbi, gərgin ciddiyyətlə yoluna davam edir.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »