Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir bəyanatın eyforiyası

ATƏT-in Minsk Qrupunun son bəyanatı ətrafında müzakirələr hələ də davam edir. Bunu Azərbaycan diplomatiyasının qələbəsi kimi təqdim edənlər də var, bu bəyanatın heç bir prinsipial əhəmiyyət daşımadığını deyənlər də var. Bu bəyanatda əsas məqamlar – diplomatik uğur sayıla biləcək elementlər varmı? Ümumiyyətlə, biz bu sənəddən, bu vasitəçilikdən nəsə bir şey qazana bilirikmi?

Həmsdərlər Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin yaxın zamanda görüşmək qərarını alqışlayıblar. Həm də bu görüşün ilk dəfə olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşkilatçılığı ilə keçiriləcəyinə vurğu salıblar. Yəni Paşinyan baş nazir olandan sonra ilk dəfə MQ həmsədrlərinin himayəsi altında ilk görüş keçiriləcək. Göründüyü kimi, bunu həmsədrlər tərəflərdən hər hansı birinin uğuru və ya mövqeyi kimi deyil, özlərinin uğuru kimi vurğulayıblar. Əslində həmsədrlərin bu qədər aradan sonra (Paşinyanın hakimiyyətə yiyələnməsindən on aya yaxın vaxt keçəndən sonra) iki ölkə rəhbəri arasında keçirilməsini təşkil edəcəkləri ilk görüşlə öyünmək cəhdləri onu göstərir ki, həmin on ayda proses ya dayanıb, ya da daha pisi geriyə gedib. Prosesin reqress etdiyini bəyanatdakı başqa cümlələr də sübuta yetirir; həmsədrlər tərəfləri “mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan, hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişiklik tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa” səsləyiblər. Bu sonuncu çox mürkkəb çoxbudaqlı cümlənin əslində erməni budaq cümləsi olduğunu anlamaq çətin deyil. Bu cümlənin əvvəlki hissələri Ermənistana aiddir; formatı dəyişmək də, gələcək danışıqlar üçün əvvəlcədən qəbul edilməyəcəyi məlum olan şərtlər irəli sürmək də Ermənistan tərəfindən edilən cəhdlərdir. Paşinyan hakimiyyətə gəldiyi ilk gündən “danışıqlarda “Dağlıq Qarabağ Respublikası da iştirak etsin” deyir. On aydan sonra həmsədrlər ayılıb ki, Paşinyan formatı dəyişmək istəyir. “Gələcək danışıqlar” ifadəsi onu göstərir ki, bu gün danışıqlar artıq faktik olaraq dayanıb; Ermənistanın yeni hökuməti prosesi faktik olaraq bloklayıb, ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər də 10 ay boyunca, özlərinin də dolayısı ilə etiraf etdikləri kimi, bir dediyi o birini tutmayan Paşinyanın nazı ilə oynayıblar. “Aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa” gəlincə, bu, Azərbaycana yönəlik bir tələbdir və ya çağırışdır. Ancaq həmsədrlər nədənsə verilən açıqlamaları əməli addımlardan daha təhlükəli görür. Məsələn, Ermənistan Təhlükəsizlik Xidmətinin rəisinin Füzuliyə səfərini və “bir santimetr də olsun torpaq qaytarmayacağıq” deyə orda Füzuli rayonu ərazisində Araksavan adlandırdıqları yeni erməni yaşayış məntəqəsinin salınmasında iştirak etməsini qulaqardına vururlar. Məgər Azərbaycanın torpaqlarını geri almaq kimi suveren haqqını ifadə etməsi danışıqların istənilən formatında belə işğaldan azad olunması imperativ sayılan Füzuli rayonunu Ermənistanın erməni əhali ilə məskunlaşdırmaq cəhdindən çoxmu zərər verir danışıqlara?! Təbii ki, Azərbaycan ermənilərin heç vaxt kompakt yaşamadığı Füzulidə və ya başqa rayonlarda erməni əhalisinin məskunlaşdırıldığını görür və danışıqlar prosesinin perspektivlərinə şübhəsi yaranır və belə bəyanatlar verir. Bu gün Ermənistan baş nazirinin Dağlıq Qarabağa gəlməsi və orada – Azərbaycan ərazisində Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi “gələcək danışıqlar” üçün azmı təhlükəli hərəkətdir?! Bu addım hansı tərəfin danışıqları dayandırmaqda, hətta pozmaqda maraqlı olduğunu ortaya qoymurmu? Bəli, bəyanatda vurğulandığı kimi, “son aylar cəbhə xəttində qurbanların olmamasını” müsbət qiymətləndirmək olar. Ancaq “regionda əhalinin sülhə hazırlanması” ifadəsi bir az dolaşıqdır. Hansı regionda? Azərbaycanın işğal altında olmayan ərazisində, Ermənistanda, yoxsa Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində? Və ya hamısındamı?! Ermənistanın işğalçı ordusu Azərbaycan ərazisindədirsə, bu ərazilərdə Azərbaycanın suverenliyi pozulmaqda davam edirsə, orda separatçı rejim qurulubsa və dəstəklənirsə, əhalini sülhə necə hazırlamaqdan söhbət gedir? Hansı ilkin addımlardan söhbət gedir? Həm də əhalini hansı sülhə hazırlamaqdan danışılır?! Ortada hansı sülh var ki, əhalini də hazırlayasan?! Əhali ortada bir sülh görmürsə, hətta danışıqlar belə faktiki olaraq dayanıbsa, olmayan bir duaya kim və nə üçün amin desin?! Cavabı olmayan və varsa da, açıqlanmayan suallardır bunlar.

“Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək” deyə bildirilir. Bəli, burda ona vurğu salınır ki, Dağlıq Qarabağ erməniləri öz müqəddəratını təyin edə biləcəklər, ancaq Azərbaycanın sərhədləri daxilində. Bu cümlələri də Azərbaycan tərəfi özünün diplomatik uğuru sayır. Əslində dünyanın indiki ədalətsiz yönəldildiyi zamanda hamılıqla qəbul olunmuş beynəlxalq hüququn prinsiplərinə sadiqlik şifahi də olsa bəyan edilirsə, zəif də olsa, təsəllidir. Ancaq məsələyə başqa tərəfdən də baxaq; beynəlxalq hüququn bizə verdiyi haqqı – torpaqlarımızın istənilən yolla geri qaytarmaq hüququmuzu bəyan edəndə bu, “gələcək danışıqlar” üçün təhlükəli sayılır, ancaq Ermıənistanın Azərbaycana münasibətdə beynəlxalq hüququnun bütün norma və prinsiplərini pozması və artıq 30 ildən çox bunu davam etdirməsi “vasitəçilər”i az narahat edir. Və gör dünyanı idarə edən üç böyük qlobal güc – ABŞ, Rusiya və Avropa (Fransanın timsalında) Ermənistanın qarşısında nə qədər “gücsüz”dürlər ki, ona beynəlxalq hüququn likbezini öyrətməyə çalışırlar. İş o yerə gəlib çatıb ki, biz: “ Ura! Həmsədrlər Ermənistana formatı dəyişməyə imkan vermədi” deyə sevinirik. Sanki bu formatın özü də çox ədalətliymiş də, xəbərimiz yox imiş...

Bəli, bu bəyanat Azərbaycanın xeyrinədir. Ancaq Ermənistanın ziyanına da deyil. Çox sadə bir səbəbdən: həmsədrlərin bəyanatına diqqətlə baxın, orda “balanslaşdırılmış sülh” ifadəsinə rast gələcəksiniz. Ədalətinə güvəndiyimiz böyük güclər işğalçı ilə işğala məruz qalanın maraqlarını balanslaşdırır (eyni məntiqlə, İŞİD-lə Suriya hökuməti arasında da “balanslaşdırmaq” olardı demək?!) Bu ona bənzəyir ki, hakim məhkəmədə cinayətkarla zərərçəkənin eyni dərəcədə məsuliyyət daşıdığına qərar versin. Baxın, görün ki, biz nəyə sevinirik. 17 min kvadrat kilometr ərazimizə nəzarəti əldən verib geosiyasi turistlərin növbətçi bəyanatında yazdığı bir-iki sürüşkən cümlənin eyforiyasına qapılmışıq. Biz hərbi mərhələsini uduzduğumuz savaşdayıq, qardaşlar, eyforiyaya düşmək bizim üçün təhlükəlidir. Təhlil edin, təhlil. Bu halımıza eyforik durumlar yaraşmır.

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »