Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində "Mançester Yunayted"ə uduzduqları matçdan sonra hakimlər otağına girmək istəyib.
Bizimyol.info Report-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunu Paris təmsilçisinin nümayəndələri uzaqlaşdırıblar.
Braziliyalı oyunçu referinin matça əlavə olunmuş dəqiqələrdə videotəkrara baxdıqdan sonra verdiyi qərardan narazı qalıb. Həmin epizodda top PSJ-nin futbolçusunun əlinə dəyib və baş hakim penalti təyin edib. Cərimə zərbəsini dəqiq yerinə yetirən Markus Raşford İngiltərə klubunu növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, görüş "Mançester Yunayted"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Neymar qarşılaşmadan sonra "Twitter"də paylaşım edib. O, matçın kor hakimlər tərəfindən idarə olunduğunu yazıb. Hücumçu zədə səbəbindən bu görüşdə iştirak etməyib.