Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şikayət orucu

Yeməyin, içməyin orucu olar da, şikayətin olmazmı?

Orucun fəzilətlərindən danışarkən orqanizmin təmizlənməsində, dincəlməsində önəmi vurğulanır, mənəvi qazancları sadalanır. Heç kəsə sirr deyil ki, oruc təkcə ac-susuz qalmaq yox, həm də gözün, qulağın, dilimizin qorunmasıdır.

Ramazan ayı boyunca bir aylıq oruc tutanlar bunun ləzzətini yaxşı bilir. Bu, bir az da xoşbəxtliyi çoxluqda-toxluqda axtararkən azlıqda tapmağın təəccübqarışıq, gözlənilməz həzzidir desəm... Bədənlə yanaşı ruhun da hüzurudur. Bu hüzur azlıqla sadəliyin vəhdətindən yaranır. Əbəs yerə demirlər: “Sadəlik - gözəllikdir”. Axı sadə olan hər şey tez anlaşılır, tez də bəyənilir. Mürəkkəb, qəliz olan hər şeydə isə qarmaqarışıqlıq, bir az da nizamsızlıq olur. Bu qarmaqarışıqlıq da özüylə birlikdə rahatsızlıq, təşviş, yetərsizlik duyğusunu gətirir. Bu qədər neqativ hisslərdən arınmağın özü xoşbəxt hiss etməyimiz üçün yetərli ola bilər. Bu bir az da həyatdan umduqlarımıza bağlıdır. Çox şey istəyəni azla razı salmaq imkansızdır. Aza qane olanı isə aldığı təmiz hava, içdiyi bir udum sərin su, təravətli bir gülün ətri, öz axarında davam edən sakit həyatın özü də məmnun edə bilər. Oruc da yaşamımızı təmin edən bu təməl, sadə görünən, başqa günlərdə bolluğunun və əlçatanlığının fərqində olmadığımız nemətlərin dəyərini anlamağımızda yardımçı olur.

Bəs başqa günlərdə nə edirik? Dilimizə, gözümüzə, yeyib-içdiyimizə fikir veririkmi? Bu sualı hər kəs özlüyündə cavablayacaq. Mən isə dilin orucundan danışmaq istəyirəm. O dildən ki, bapbalaca canıyla beyinimizə, qədərimizə təsir etmək gücü var. Bu əbəs yerə deyil. Dil fikirlərimizin ifadə vasitəsidir. Hafizəmizdə toplanmış informasiyanı dil, daha dəqiq desək, nitq izhar edi. Bu yerdə yunan filosofu Sokratın fikri yada düşür: “Danış, səni görüm”. Bəs danışanda hisslərimizi, olayları – özümüzü ifadə etdiyimiz sözləri seçərkən diqqətli oluruqmu? Özəlliklə hazırlaşdığımız, ictimai maraqlarımıza xidmət edən, bizim üçün mühüm, taleyüklü nitqlərimizdə sözləri seçərkən diqqətli olmağımızı nəzarət altına alırıq. Gündəlik yaşamımıza gəldikdə isə, istər ailəmiz, dostlarımız, istərsə də öz-özümüzlə danışanda bu nəzarəti bir az boş buraxırıq. Bu “rahatlıq” sonradan fəsadlar verməyə başlayır. Ortaya çıxmış xoşagəlməz olaylarda səbəbi dilimizdə, daha geniş anlamda - nitqimizdə axtarmaq bəzən ağlımıza da gəlmir.

Gün ərzində fərqində olmadan çox sayda neqativ sözlər işlədirik. Bəzən özümüz də hiss edirik ki, deyingən, hər şeydən şikayətlənən birinə çevrilmişik. Elə bil tərslikdən də biz şikayətlənib deyindikcə hər şey daha da pisləşir. Lənət oxuduqlarımız qarşımıza çıxır, az qala qismətimizə yazılmış kimi qaçılmaz olub yaxamızdan yapışır.

Nə etdik, neynədik ki, bu hala gəldik? Bizim ki, şikayətlənməkdə tək istəyimiz bir az rahatlamaq, özümüzə dərd ortaqları tapmaq idi. Axı bizə öyrədiblər ki, dərdlər paylaşınca (danışınca) azalar, sevinclər isə paylaşınca çoxalar. Biz neynirik? Danışırıq, yoxsa deyinirik? Deyəsən, bəzən özümüzü unuduruq, hətta yan-yörəmizdə bizə qulaq verən biri olmasa da danışırıq axı. Bu deyinmək deyil nədir?

Bilirik ki, danışmaq birisi ilə qarşılıqlı dayanıb şüurlu şəkildə diskussiya etməkdir. Belə çıxır ki, biz gerçəkdən də öz-özümüzə danışan, şikayət edən, bəzən dözülməz hala gələn deyingənin biriyik. Bu nə qulağa xoş gəlmir, nə də ruhumuza yatmır. Elə bu yerdəcə belə neqativ sözlər işlətməyim də əhvalının dəng olmasına səbəb olmamış keçirəm sözümün canına. Mahatma Qandi deyir: “Söylədiklərinə diqqət et, düşüncələrinə çevrilər. Düşüncələrinə diqqət et, duyğularına çevrilər. Duyğularına diqqət et, davranışlarına çevrilər. Davranışlarına diqət et, vərdişlərinə çevrilər. Vərdişlərinə diqqət et, dəyərlərinə çevrilər. Dəyərlərinə diqqət et, xarakterinə çevrilər. Xarakterinə diqqət et, qismətinə çevrilər”. Belə çıxır ki, qismətimiz dilimizin ucundadır.

Sözlərin də hər birinin öz rəngi, qoxusu, ab-havası, ətri, hətta notları olur. Belə olmasaydı güclü yaddaş sahibi ətirlər, musiqilər kimi anılarımızda dolanıb durmazdılar. Bəzən bir söz könlümüzü xoş etdiyindən yaddaşımızda iz qoyub xatirəmizə çevrildiyi kimi, əksi də mümkün olur. Atalarımızın “Qılınc yarası sağalar, söz yarası sağalmaz” deyimini yaşamış oluruq. Beynimiz də elə qurulub ki, unutmağa çalışdığımız hər şey daha çox yaddaşımıza pərçimlənir. Buna görə qaçmaq, unutmağa çalışmaq effektiv çıxış yolu sayılmır. Bunun yerinə arzularını, xəyallarını sözlərlə ifadə etmək, davranışlarına ötürmək və vərdişlərində yaşatmağı sınamq lazımdır. Arzulara çatmağın ən rahat yolu onları vərdişlərində yaşatmaqdır. Təbii ki, vərdişə gəlib çatana qədər düşüncə, duyğu, davranış kimi dönəmləri (etapları) keçməli oluruq, amma göründüyü kimi təməldə söz dayanır. Bu baxımdan gündəlik həyatımızda işlətdiyimiz sözlərə xüsusi diqqət göstərməyimiz vacib olur. Ola bilsin, kimsə eşitmir, öz-özümüzə pıçıldayırıq, amma burada da nəzərə almalıyıq ki, sözlərimizə diqqət başqaları üçün deyil, məhz özümüz üçündür. Ovqatımız, yaşamımız, sağlamlığımız dilimizin ucundadır, sözlərimizdən asılıdır. Bir neçə günlük deyil, bir ömürlük şikayət orucuna niyyət etməliyik. Neqativ sözlərdən arınmış tərzdə ifadə etsək, xoş sözlər dilindən düşməyən, yaxınları ilə, öz-özüylə ən nəzakətli sözlərlə danışan, gözəl günlərin xəyalını quran, baş verənlərdə pozitiv niyyəti görməyə çalışan, ətraf aləmlə barışıq, xoşniyyətli biri olmalıyıq. Xoş ovqatda, sağlam, gümrah yaşamaq naminə...

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »