Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirin və həbsdə olan prezidentin “ərazi” anlayışları

Tədbirlərin birində iştirak edən xarici işlər naziri Elmar Məmmədyarovun çıxışının mətni mətbuatda yayılıb. Xüsusi olaraq çıxışın müəyyən hissəsi sosial şəbəkələrdə və saytlarda müzakirə mövzusuna çevrilib. Onu deyim ki,  ingilis və rus dilini öz dilindən yaxşı bilən nazirin intellektinə, əsla şübhə etmirəm. Amma ya mən də başqaları kimi onun nə demək istədiyini anlamıram, ya da o nə dediyinin fərqində deyil.

Elmar Məmmədyarov: "Onlara deyirəm ki, torpağı götürüb qaçmaq mümkün olmayacaq, siz işğal olunmuş ərazilərdən nə qazandınız? Ermənilər nə qazandılar, həyatları yaxşılaşdımı? Açıq müzakirələrə ehtiyac var. Sıravi erməni bu münaqişədən nə qazanıb, həyatı yaxşılaşıbmı? Bu, Ermənistanın siyasi rəhbərliyinə göndərilən ismarışdır".

İnformasiyanı oxuyan hər kəs bu ifadələri işlədən şəxsin tarix, siyasət, dövlətçilik və milli dəyərlərdən xəbərsiz olduğunu düşünməkdə haqlıdır. Üstəgəl bunu işğala məruz qalmış bir dövlətin Xarici işlər nazirinin dediyini biləndə hər kəs öz üslubunca həmin nazir barədə “ifadə azadlığı”nın imkanlarından vaz keçə bilmir.

Cənab nazir, doğrudan siz bilmirsiz ki, ermənilər İrəvanı özlərinə paytaxt-dövlət adı ilə alanda, sonra şəhərin ətrafını, daha sonralar mahalları bu paytax-dövlətə birləşdirib ərazilərini genişləndirəndə nə qazandılar? Həqiqətən, oxuduğunuz mənbələrdə heç rast gəlmədiniz ki, onlar küçə-küçə, kənd-kənd işğal etdikləri ərazidə özlərinə heç vaxt mövcud olmayan dövlət qurarkən hər qarış torpaq üçün namuslarını, şərəflərini ayaqlar altına atmaqla buna nail olduqda nə əldə ediblər? İnanmıram ki, bunları bilmirsiniz. Çünki bunlar ən ibtidaisi idi ki, yadınıza salmaqda yardım etmək istədim.

Oxumamış deyilsiz ki, yürüşlər, müharibələr edərək dövlətinə ərazi qazandırmış saysız sərkərdələr var və onlar dövlətlərinin ərazisini genişləndirmək üçün var-dövlətlərindən, qohum-qardaşdan, övladlarından, hətta çanlarından belə keçməyə tərəddüd etməyiblər. Edənlər məğlub olub. Sizcə, onlar ağılsız idilərmi?

Bədbəxtliyimizin əsas nüvəsi odur ki, bu adamlar dövləti hələ də oba-oba, el-el, tayfa-tayfa görür. Bütövlükdə Vətəni deyil, müəyyən ərazini sevir və o olmasa da olar düşüncəsindədirlər.

Xalqlar var ki, əsirlərlə mübarizə aparsalarda, dövlət qura bilmirlər. Amma heç vaxt dayanmır. Bir milli kod kimi bu mübarizə nəsildən-nəslə keçir. Ömürləri münaqişə, müharibə, döyüş içində keçir, dövlət qurmaq onlara nəsib olmur. Amma bunu özlərinə bağışlamırlar, barışmırlar.

Bizim dövlətimiz, ərazimiz və bunu qoruyacaq gücümüz olduğu halda, necə xoşbəxt xalq olduğumuzun fərqinə varmırıq (təbii hamı deyil). Buna görə də zaman-zaman ərazilərimizin qonşu xalqlar, dövlətlər tərəfindən işğal edilməsinə biganə olmuşuq. İtirdiyimiz ərazilərdə dövlətlər yaranıb. Bizsə kiçilməkdə davam edən ərazimizin və dövlətimizin qiymətini bilmirik.

Elmar müəllimin “yüksək səviyyəli” çıxışını oxuyandan sonra saytlarda Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Koçaryanın müsahibəsinə rast gəldim. Xüsusi ilə vurgulayaraq qeyd edim ki, hazırda həbsdə olan keçmiş prezident, azərbaycanlıların qanını axıtmış keçmiş səhra komandiri, hazırki mərhumiyyətlərə baxmayaraq, bizim nazirdən fərqli olaraq görün necə torpaq, ərazi hərisliyi ilə danışıb.

Robert Koçaryan: “Bu hakimiyyətin dönəmində heç nəyi istisna etmək olmaz. Harada olduğumdan asılı olmayaraq, Qarabağın “verilməsi”ndə istənilən cəhdlə belə, ya elə mane olacağam. Əminəm ki, Qarabağ kimlər üçünsə erməni eyniyyətinin bir hissəsinə çevrilibsə, hamısı belə hərəkət edəcək. Cəmiyyət Qarabağ məsələsində hakimiyyətin hər bir addımına göz qoymalıdır”.

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »