Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dil normalarını daha çox pozan TV-lərin SİYAHISI - MONİTORİNQ
Bu gün Milli Televiziya və Radio Şurasında teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2017-ci ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

Monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən aparılıb.

Publika.az xəbər verir ki, tədbirin açılışında çıxış edən MTRŞ sədri Nurşirəvan Məhərrəmli bu il keçirilən monitoriqlərin nəticələri haqqında danışıb. Onun sözlərinə görə, bu gün televiziyalarda çalışan aparıcıların danışığında çoxsaylı qüsurlar var:

"Hər bir jurnalist və televiziya işçisi öz ana dilini, yəni Azərbaycan dilini əzbər bilməlidir. Lakin təəssüf olsun ki, ədəbi dil normalarına riayət edən telekanaların sayı olduqca azdır. Demək olar ki, monitorinqlərin nəticələri onu göstərir ki, bu cür səhvlər zaman-zaman bütün telekanllarda müşahidə olunub. Monitorinqlər bir neçə istiqamətdə aparılıb. Əsas problemlərdən biri, saya danışıq dili ilə ədəbi danışıq dilinin sözlərinin qarışdırılmasıdır. Buna yol vermək olmaz. Çünki ədəbi dil həm yazılı, həm də şifahi formada mövcuddur. Bunları bir-birinə qatmaq olmaz. Bəzən bu qarışıqlıqları aparıcıların bir çox xarici dil bilməsi ilə və müəyyən müddət ölkə xaricində qalması ilə əlaqələndirirlər.

İstər fonetik, istər leksik səviyyədə səhvlərə yol verilir. Müşahidələr zamanı qrammatik normalara uyğun olmayan xüsusi tipli cümlələrin, şəkilçilərin işlənməsi, xarici dillərin cümlə strukturuna uyğunlaşdırılmış fikirlərə və təbii ki, dialekt, jarqon və yersiz təkrarlara meyillilik hallarına rast gəlinib və bunlar da ədəbi dilin normalarını pozan nüanslara daxildir. Məni narahat edən əsas məqamlardan biri də məhz budur".

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə elmləri doktoru, baş müəllim Mehriban Əlizadə bildirib ki, ədəbi dilimizə xələl gətirən əsas məsələlərdən biri də, aparıcıların fonetik normaları pozmasıdır:

"Aparıcılar səslərin düzgün tələffüzündə çətinlik çəkirlər. Xüsusilə rusdilli aparıcılar "d-t-ç-x" səslərinin yanlış tələffüzləri, saitlərin yersiz uzadılması, bəzi sözlərin vurğusunun düzgün qoyulmaması (təbii,İstanbul) və s. bu normalara riayət etmirlər.

Bu kimi hallar ARB, LİDER, SPACE,ATV, İTV və XƏZƏR telekanallarında müşahidə edilib.

Türkdilli ifadələrin, dialektlərin, bir çox efirə uyğun olmayan xitab formalarının işlənməsi də bizim ədəbi dil normalarını pozur.

Ümumilikdə, aparılan monitorinqin nəticələrinə görə, ədəbi dil normaların bütün səviyyələrində - istər fonetik, istər lekisik, istər qrammatik, istərsə də üslubi səviyyədə norma pozuntuları qeydə alınıb.

Ümumillikdə fonetik səviyyədə norma pozuntusu 44 faiz, leksik səviyyədə pozuntu 21, qrammatik səviyyədə 23, üslubi səviyyədə isə 12 faiz təşkil edib.

ARB televiziyasında qeydə alınan norma pozuntularının 45 faizi fonetik, 11 faizi leksik, 16 faizi morfoloji, 6 faizi sintaktik, 24 faizi üslubi cəhətdən olub.

İTV-də ədəbi dil normalarının fonetik səviyyədə pozulması daha çox (66 faiz) qeydə alınıb.

Dilin normalarının fonetik səviyyədə pozulması "Xəzər" TV-də 43 faiz, ATV-də 51, “Lider” televiziyasında 38, “Space” kanalında 36 faiz olub.

Dil normalarının leksik səviyyədə pozulması halları daha çox “Space”də (28 faiz), morfoloji səviyyədə pozulmalar “Lider”-də (17 faiz), sintaktik səviyyədə pozulma daha çox ATV-də (12 faiz), üslubi səviyyədə pozulma isə daha çox ARB televiziyasında (24 faiz) qeydə alınıb. Dil normalarının üslubi səviyyədə pozulması halları daha az (3 faiz) İTV-də qeydə alınıb.

Qeyd edək ki, bu faktlar televiziyalarda həm xəbər proqramlarında, həm də qeyri-xəbər proqramlarında müşahidə edilib.

Mehriban Əlizadə qeyd edib ki, yad düşüncə tərzi yad cümlə quruluşu deməkdir:

"Söz təkrarları, lazımsız yerlərdə cəm şəkilçisinin əlavə edilməsi, xəbərin başlanğıc olaraq seçilən cümlələri belə normalardan kənara çıxır. Müxbirin, diktorun, aparıcının, intelektual səviyyəsi, ümumi dünyagörüşü, fərdi peşəkarlıq xüsusiyyətləri də nitq mədəniyyətinə ciddi təsir göstərən amillərdən biridir. Televiziya nitqinin axını normal tempdə olmalı və auditoriyaya optimal qavrama şəraiti yaratmalıdır. Sürətli nitq, sözlərin yarımçıq tələffüzü, informaiyanın tamaşaçıya qeyri-dəqiq şəkildə çatmasına səbəb olmaqla yanaşı, dil normalarına da ziddir".

Son olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli onu da qeyd edib ki, ədəbi dil normalarının pozulmasında televiziya aparıcıları qədər digər əməkdaşların da günahı var:

"Televiziyta sahəsində önəmli nüans olaraq yalnız xarici görünüşü götürmək düz deyil. Bu gün media sahəsində qeyri-ixtisas sahibləri də fəaliyyət göstərir. Ədəbi dil sizə sadə gəlməsin. Jurnalist olmaq o qədər də asan peşə deyil. Ona görə də, düşünürəm ki, televiziyaya işçi götürərkən bu kimi normalar nəzərə alınsa, monitorinqlər zamanı bu cür hallar xeyli dərəcədə azalar".

Son xəbərlər
Bütün xəbərlər »