Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın gənc baş məşqçiləri son illər etimadı doğrultmurlar - Araşdırma

Dünyanın bir sıra futbol klubları ilə yanaşı, Azərbaycanda da bəzi komandalar gənc baş məşqçilərə etimad göstərir.

Bu mütəxəssislərin içində uğur qazananları da var, məyus olanları da. Halbuki statistikaya nəzər salsaq, təcrübəli məşqçilərin daha uğurlu nəticələr qazandığının şahidi olarıq.

Azərbaycan futbolundakı baş məşqçi problemi ölkə futbolunun inkişafını ləngidən amillərdən biridir. Media, futbol ictimaiyyəti və azarkeşlər daim futbolçuların ölkə xaricində çıxış etməməsindən gileylənir. Futbolçular gedirlər və müəyyən səbəblərə görə geri qayıdırlar. Görəsən, Azərbaycandakı hansısa baş məşqçini Avropanın heç olmasa, ortabab klubunda görə biləcəyikmi?

"Report"un araşdırmalarına əsasən, Azərbaycan Premyer Liqası tarixində çempion olan yerli baş məşqçilərin sayı 8 nəfərdir. Bura 2001-2002 mövsümündə çempionat dayandırıldıqdan sonra UEFA-nın tanımadığı yarışın qalibi "Şəmkir"ə gənc yaşda qızıl medal qazandırmış Qəhrəman Əliyev daxil deyil. Ən gənc yaşda çempion olan baş məşqçi isə Mehman Allahverdiyevdir. 1994- 1995 mövsümündə "Kəpəz"lə ilk çempionluğunu qazananda M.Allahverdiyevin 35 yaşı var idi.

Fevralın 28-də Azərbaycan millisinə köməkçi-məşqçi təyin edilmiş Arif Əsədov 2011-ci ildə hələ 41 yaşı tamam olmamış "Neftçi" ilə ölkə çempionu olub. "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov isə 42 yaşında Ağdam təmsilçisində ilk dəfə bu sevinci yaşayıb.

Hazırda Premyer Liqada bu yaşlara yaxın olan mütəxəssislər "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov, "Səbail"ə rəhbərlik edən Aftandil Hacıyev və "Sumqayıt"dan Ayxan Abbasovdur. S.Qurbanovun 39, A.Hacıyevlə A.Abbasovun 38 yaşı var. "Zirə"nin baş məşqçisi Samir Abasovun isə artıq 41 yaşı tamam olub. Bu mütəxəssislərdən hansısa gənc yaşlarında titul əldə edən Q.Qurbanov, M.Allahverdiyev və ya A.Əsədovun nailiyyətlərini təkrarlaya bilərmi?

Hamıya bəllidir ki, ölkədə ən uğurlu baş məşqçi Qurban Qurbanovdur. Onun Azərbaycan futboluna qazandırdıqlarını sıralamaq artıqdır. Həmin Q.Qurbanov ki, 2008-ci ildə Ağdam təmsilçisinə baş məşqçi təyin olunanda 36 yaşı var idi. O, təyinatından 6 il sonra Premyer Liqada çempionluq sevinci yaşayıb. Yaxşı nəticənin arxasında səbr, zaman və inam dayanır. Bəzən klublar bir mövsümlük və ya bir neçə aylıq baş məşqçi gətirir. Halbuki, gənc mütəxəssislərə inanmaq, uğur qazanmaq üçün onlara vaxt vermək lazımdır.

Aftandil Hacıyev və Sənan Qurbanov klublarında əsas komandanın baş məşqçisi kimi ilk mövsümlərini yaşayırlar. A.Hacıyev başladığı ilk mövsümdəcə çempionatın bürünc medallarına iddia edir. Çoxları "Səbail"in texniki məğlubiyyətlərə görə, bu pillədə olduğunu düşünsələr də, həmin 5 xal heç də komandanın mövqeyini dəyişməyəcək. Artıq üç ildir fəaliyyət göstərən klub hazırda Avropa Liqasına vəsiqə uğrunda əsas namizədlərdən biridir.

"Qəbələ"nin sükanı arxasındakı Sənan Qurbanov da perspektivli məşqçilərdən hesab olunur. Komandada ötən mövsümlərə nisbətən büdcədə dəyişikliklər olsa da, Qurbanovun komandasının baxımlı oyun sərgilədiyinin şahidi oluruq.

Digər iki məşqçi Ayxan Abbasov və Samir Abasovun isə artıq çempionatda hansısa təcrübəyə malik olduqlarını demək olar. Karyerası ərzində yalnız “Zirə” və “Sumqayıt”da çalışmış S.Abasov yalnız ötən mövsüm “gənclik şəhəri” təmsilçisində bürünc medal uğrunda mübarizə aparsa da, sonda uğursuzluqla üzləşib.

A.Abbasov da həmkarı kimi işlədiyi müddət ərzində ciddi uğur əldə edə bilməyib. Onun dövründə “Zirə” Premyer Liqada 4-cü yeri tutub və 2017-2018 mövsümündə Lüksemburq “Differdanjı”nı Avropa Liqasında mübarizədən kənarlaşdıraraq avrokuboklarda bir mərhələ keçə bilib.

Gənclərin üstünlük təşkil etdiyi Premyer Liqada yaşlı mütəxəssislərin də uğurları yetərincədir. Azərbaycanın ən uğurlu məşqçilərindən olan Böyükağa Hacıyev 55 yaşında (2012-2013 mövsümü, "Neftçi") Ağasəlim Mircavadov 60 yaşında (2006 – 2007 mövsümü, "Xəzər Lənkəran") ölkə çempionu olub. Hətta Kazbek Tuayev 64 yaşında (2002- 2003 mövsümü, “Neftçi”), Əhməd Ələsgərov isə 57 yaşında (1992-ci il, “Neftçi”) çempionluğu bayram edib.

Böyükağa Hacıyevin 53 yaşında “Neftçi” ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığını da unutmaq olmaz.

Avropa təcrübəsində də gənc məşqçilərə ümid bəsləyən yetərincə klub var. Hazırda İngiltərədə "Mançester Siti"nin uğurları üçün çalışan Xosep Qvardiola 38 yaşında İspaniya "Barselona"sının baş məşqçisi olarkən, 2008-2009 mövsümündə Çempionlar Liqasının qalibi olub. Tanınmış mütəxəssis Joze Mourinyo isə 41 yaşında - 2004-cü ildə Portuqaliya "Portu"su ilə eyni uğuru təkrarlayıb.

Nəinki Avropada bəlkə də dünyada baş məşqçi postuna gənc yaşlarında təyin olunanlardan biri də Yulian Nagelsmandır. Almaniyalı mütəxəssis 2016-cı ildə 28 yaşında olarkən "Hoffenhaym"ın sükanı arxasına keçib. Futbolçu kimi heç bir uğur əldə edə bilməyən Y.Nagelsman ötən mövsüm Almaniya Bundesliqasının bürünc medalına yiyələnərək komandasının Çempionlar Liqasında iştirakını təmin edib.

Avropalı həmyaşıdları ilə müqayisədə azərbaycanlı gənc mütəxəssislərdən hansınınsa bu mövsüm Premyer Liqada çempionluq qazanacağı inandırıcı görünmür. Çünki hazırda qızıl medallar uğrunda 54 yaşlı italiyalı Roberto Bordinlə onun 47 yaşlı azərbaycanlı həmkarı Qurban Qurbanov mübarizə aparır. Yerli mütəxəssislərdən indiki halda Aftandil Hacıyev "Səbail" komandası ilə bürünc medala daha yaxındır. Ölkə kubokunda isə finalda ən azı bir gənc baş məşqçinin olacağı dəqiqdir. Bu, Ayxan Abbasov və ya Samir Abasov olacaq. Digər yarımfinalda "Qəbələ" "Qarabağ"ı üstələyə bilsə, onda finalda daha bir gənc baş məşqçi Sənan Qurbanov da titul uğrunda yarışacaq.

Nəticə isə bundan ibarətdir: Ötən iki mövsümdə Azərbaycanda gənc mütəxəssislərdən heç biri nəinki titul, bürünc medal belə əldə edə bilməyib. Düzdür, 2015-2016 mövsümündə Adil Şükürov "Zirə"yə gümüş medal qazandırıb. Lakin bu nəticə yeni yarandığı üçün "Zirə"ni Avropa Liqasına çıxarmayıb.

Son xəbərlər
Bütün xəbərlər »