Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sahibkarlara ikili standartla yanaşma hələ də var”
Nazim Bəydəmirli: “Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinə birləşdirilməlidir”

Azərbaycanda vergi və gömrük sahəsində bir çox dəyişikliklər olub. Dövlət rəsmiləri, deputatlar və müvafiq qurumların nümayəndələri dəyişikliklərin fiskal sistemin şəffalaşdırılması, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması mikro, kiçik və orta sahibkarlıq subyeklərinin fəaliyyəti üçün daha rahat mühit yaratmağa xidmət etdiyini bildirirlər. Bu dəyişikliklərin dövlət, sahibkarlar və vətəndaşlar üçün hansı təsirləri var, müşahidə olunan bahalaşmanım bu proseslə əlaqəsi varmı?

Bizimyol.info saytının suallarını sabiq deputat, iş adamı və iqtisadçı-alim Nazim Bəydəmirli cavablandırır.

- Vergi və gömrük sistemi fiskal siyasətin əsas bir hissəsidir. Dövlətin onun təsirinə gəlincə, əslində, dövlətin bütün xərcləri vergi və gömrükdən yığımlar hesabına həyata keçirilir. Müqayisə üçün deyim ki, Gürcüstanda vergidən gələn gəlirlər büdcə gəlirlərinin 94-95 faizini təşkil edirsə, Azərbaycanda bu rəqəm 35-37 faiz arasındadır. Üstəgəl, gömrükdən toplanan vəsaitlər təxminən 15 faizdirsə, deməli, xərclərimizin təxminən 50 faizi fiskal siyasətin hesabınadır. Bu da o deməkdir ki, biz illər boyu Neft Fondundan vəsait götürərək, cari xərcklərimiz qarşılayırıq. Bir neçə il əvvəl prezident İlham Əliyev fiskal siyasəti həyata keçirən orqanlar qarşısında öhdəlik qoymuşdu ki, cari xərclərimiz tamamilə iqtisadi fəaliyyətdən gələn gəlirlər hesabına həyata keçirilməlidir. Bu mənada, gömrük və gerginin qarşısdında duran vəzifələr iqtisadiyaytı şaxələndirməklə yanaşı, təkcə rüsumların və vergi dərəcələriin artırılması ilə yox, həm də iqtisadi fəaliyyəti stimullaşdırmaqla həyata keçirilməlidir. O baxımdan vergi və gömrük siyasətində bəzən dövlətlə sahibkarın və vətəndaşın maraqları üst-üstə düşməyə bilər. Çünki dövlət daha çox vergi və gömrük rüsumu toplamaqda maraqlıdır, sahibkarın marağı daha az vergi ödəməkdir, vətəndaş isə ödədiyi verginin necə xərclənməsinə baxır. Bu mənada, dediyimiz 3 subyektin maraqlarını uzlaşdırmaq lazımdır. Son vergi və gömrük dəyişiklikləri buna cəhd idi. Bunun müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur.

- Alış-veriş müəassisələrində bahalaşma müşahidə oldunduğu deyilir. Bunu vergi sisteminə dəyişikliklərlə əlaqələndirirlər. Bəziləri isə süni qiymət artımı yaradıldığını iddia edir. Əslində səbəb nədir?

- Qiymət artımıdankı səbəblər kompleksdir. Vergi sahəsində bir ildən artıq müddətdə şəffalaşdırma siyasəti aparılır. Məqsəd sahibkarları “kölgə iqtisadiyyatı”ndan normal iqtisadiyyata qaytarmaq cəhdidir. Bu cəhdlərin özünün olmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, əvvəllər dövriyyənin gizlədilməsini həyata keçirən qurumlar, subyektlər və hüquqi şəxslər artıq gizlətdiyi məbləği azaltmağa məcburdur. Bu da istər-istəməz istənilən sahibkar xərcləri - ödədiyi vergini göstərdiyi xidmətin, yaxud satdlğı məhsulun maya dəyərinə otuzdurur. Bu səbəbdən, şəffalandırma varsa, “kölgə iqtisadiyyatı”nın yüksək olduğu ölkələrdə qiymət artımı da nəzərər çarpır. “Kölgə iqtisadiyyatı”ndan danışarkən misal çəkim ki, 1997-ci ildən islahatlar başlanana qədər qonşu Gürcüstan “kölgə iqtisadiyyatı”nın həcminə görə dünyada 3-cü ölkə idi. “Kölgə iqtisadiyyatı” orada ÜDM-nin 70 faizindən yuxarı idi. Qısa bir müddət ərzində - 5-6 il aparılan islahatların nəticəsində hazırda Gürcüstan şəffaf iqtisadiyyatı olan ölkələrin onluğuna daxildir.

O zamanlar Azərbaycan da “kölgə iqtisadiyyatı”nın həcminə görə reytinqində yüksək yerlərdən birini tuturdu. İndi də təxminən eyni yerdəyik. Fikrimcə, Azərbaycanda ümumi iqtisadiyyatın 80 faizi qədər “kölgə iqtisadiyyatı” var. Qeyri-neft sektorunda isə bu həcm daha artıqdır. Bu da müxtəlif səbəblərdən qaynaqlanır. Ona görə də qiymətlərin bahalaşmasının müşahidə edilməsinin səbəblərindən biri şəffaflığın artırılmasıdır və bu amilin təsiri müəyyən müddətdən sonra azalacaq.

Süni qiymət artımına gəlincə, vergi qanunvericiliyinə xroniki olaraq riayət etməyən sahibkarlar hazırda itirdikləri gəlirlərini qarşılamaq üçün süni qiymət artımına gedirlər. Yəni, bazarda əhəmiyyətli yükə sahib olan şirkətlər və şəxslər “artan xərclərini” də məhsulun üzərinə gəlirlər, süni qiymət artını da belə yaranır. Əslində, normal bazar iqtisadiyyatı olan ölkələrdə ümumiyyətlə süni qiymət artımı anlayışı yoxdur və bu haqda danışmaq qəbahət sayılır. İqtisadiyyat Nazirliyi qiymətlərin artımına qarşı mübarizə adı altında kiçik marketlərdə, çörək sexlərində və s. yerlərdə müxtəlif tədbirlər keçirir və bəh-bəhlə TV ekarnlarında reportajlar verirlər. Bu, doğru yanaşma deyil. Çünki bazar iqtisadiyyatı elan etmişiksə, süni qiymət artımından danışmaq düzgün deyil, çünki şəffaf iqtisadiyyatda nə qədər çox qiymət artırırsansa bir o qədər də çox vergi ödəməlisən. Bu səbəbdən bazarda mövcud olan fiskal siyasət qiymətləri optimallaşdırmalıdır. Qiymət artımının əslində nədən qaynaqlandığı hamıya bəllidir. Bu, müxtəlif monopolist şirkətlər şəffaflandırma nəticəsində ortaya çıxan dövrüyyələrinin, qiymətlərinin doğru statistikasıdır, bu mənada “artan xərcləri” inhisarçı idxal etdiyi məhsullaın dəyərinə əlavə edir. Onlar əmindirlər ki, digər sahibkar o malı gətirməyəcək, çünki monopoliyadadır, əlində olan malı istənilən qiymətə sata bilər. Qiymət artımı da bundan qaynaqlanır. Azərbaycanda qiymət artımı idxal faktoruna bağlıdır. Çünki Azərbaycan iqtisadiyyatı idxaldan asılı situasiyadadır.

- Vergi dəyişikliklərinə əsasən, məcburi sosial sığorta ödənişlərinin, vergilərin faiz dərəcələrinin artması xərclərin artmasına səbəb olmaqla sahibkarlığın fəaliyyətinə necə təsir edir?

- Əslində Azərbaycanda tətbiq edilən vergi dərəcələri normal dərəcələrdir. Azərbaycanda 100 manata düşən vergi yükü Gürcüstandan yüksək olsa da, Avropa ölkələrindən kifayət qədər aşağıdır. Sahibkarın şikayəti heç vaxt vergi dərəcəsinin yüksəkliyindən olmayıb. Qiymət artımına da səbəb olan bir hal da vergiyə qədər digər müxtəlif qurumların sahibkardan əlavə vəsaitlərin – rüşvət tələb edilməsindən yaranır. O baxımdan “ikili mühasibatlılıq” Azərbaycanda problem olaraq qalırdı. Şükürlər olsun ki, bizim dediyimiz islahat modellərinin bir hissəsi həyata keçirilir. Məsələn, sosial sığorta yığımları vergilərə verildi. Ancaq hesab edirəm ki, bu, yarımçıq addımdır. Ümiliyyətlə Dövlət Sosial Müdafiə Fondu ləğv edilsə, daha məqbul olardı. Yəni, ikili mühasibatlığı yaradan vergi dərəcəsindən daha çox sosial sığorta ödənişidir. 25 faiz sisoal sığorta, 14 faiz gəlir vergisi, 1 faiz də işsizlikdən sığorta üçün ödəniş – işəgötürən cəmi 40 faiz pul ödəməliydi. İndi 25 faiz işçi və işəgötürən arasında bölünsə də, bu, problemi kökündən həll etmir. Bizim təklif belə idi ki, Gürcüstanda olduğu kimi DSMF ləğv edilsin, maaşdan 40 faiz ödəniş 20 faizə endirilsin və “soasil vergi” tətbiq edilsin. Belə olan halda, əməkhaqının yarısını kartla, yarısını “paket”lə verməyə ehtiyac qalmır. Ona görə də Azərbaycanda kölgə iqtisadiyyatını yaradan səbəblərdən əsası hələ həll edilməyib. DSMF-yə illərdir dövlət büdcəsində dotasiya verilir, bu qurum hələ də özünümaliyyələdirməyə keçə bilməyib. 15 ildir ki, DSMF-nin büdcəsinə transfertlər artır. 2003-cü ildə bu rəqəm 275 milyon manat idisə, 2019-cu ilin proqozunda bu rəqəm 1.5 milyarddır. Bütün dünyada belədir ki, DSMF daxil olanlar hesabına özünü maliyyələşdrir. Amma bizdə artan pensiyalar da, maaşlar da dövlət büdcəsinin hesabına aparılır.

- Hazırda gömrükdə inhisar halının olmadığı bildirilir. Komitə sədri də bununla bağlı ciddi bir iddia ortaya qoyub ki, “bir faiz inhisar olsa istefa verərəm”. Dəyişiklik nədən ibarətdir və bu, sahibkarılara, yaxud vətəndaşlara hansı təsirlərlə müşahidə edilir?

- Ümumiyyətlə, açıqlanan bu ifadəni qeyri-peşəkar və piar xaraketrli addım hesab etdiyimi açıqlamışam. Əslində, Gömrük Komitəsinin özü mərkəzi icra hakimiyyəti orqanı olaraq ləğv olunmalıdır. Dünyanın əksər ölkələsində gömrük qurumu mərkəzi icra hakimiyyəti orqanı deyil, bir prosedur orqanıdır. Məsələn, hətta sivil ölkə hesab etmədiyim Rusiyada gömrük xidmətdir. Gürcüstanda maliyyə nazirliyinin bir departamentidir. Bizdə isə Gömrük Komitəsi inhisarçılığı yaradan və himayə edən qurumdur. Ona görə də hesab edirəm ki, gömrüyün apardığı siyasət vətəndaşlara çox mənfi təsir edir. Gömrük daxilolmalarının artmasını da komitənin yaxşı işi kimi göstərilməsi tam həqiqəti əks etdirmir, onların aktivinə yazmaq düzgün deyil. Çünki prezidentin ötən il verdiyi sərəncama əsasən, gömrük yığımları ilə bağlı statistikanı paralel olaraq Vergilər Nazirliyi də apardığına görə, komitə statistikanı gizlədə bilmir. Yəni vergilər də nəzarət etdiyi üçün, şəffaflandırma nəticəsində himayıə altında olan sahibkarların da ödənişləri gizlədilə bilmir. Düzdür, yenə də gömrük bəyan qiymətlərinin aşağı göstərmək və s. yollarla himayə olunanlar var. Yəni sahibkarlara yenə də ikili standartlarla yanaşma var.

Nəticədə, normal sahibkarlara malın maya dəyəri daha yuxarı qiymətə başa gəlir, bu yolla da bazarda sıxışdırılır. Əslində, monopoliya yeni bir – neomonpoliya dövrünə keçib. Ona görə də, komitə ləğv edilməli və struktur olaraq Vergilər Nazirliyinə birləşdirilməlidir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »