Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özü əsir olan Ermənistan girovları necə saxlayır?

5-4-3-2-1+1. Yeni il gəldi. Fişənglər, şampan şərabları partladıldı, qədəhlər bir-birinə dəydi – bayram şənliyi keçirdik. Hələ səmada atdığımız fişənglərin işığı sönməmiş 20 Yanvar gəldi, ağladıq, yas tutduq. Şəhidləri ziyarət etməkdə də anlaşa bilmədik. Kimi ziyarət etdiyimizi unudub, kimin ziyarət etməsini önə çəkdik.

Fevralın 26-da isə Xocalıya ağladıq. Yas mərasimini yenə düz-əməlli qeyd etməyi bacarmadıq, sadəcə bir-birimizlə didişə-didişə yasımızı “yola verdik”.

Gözümüzün yaşı qurumamış 8 Mart gəldi. Hədiyyələr alındı, məclislər düzənləndi. Bir şəhid anasına bir çiçək vermək ağlımıza belə gəlmədi. Aldığımız hədiyyələri yaxınlarımıza verdik, bayram sevinci yaşatdıq onlara. Bayramımız davam edir. Səməni əkib Novruzu qarşıladıq. Tonqallar çatılır, çal-çağır, “Oğuz elinin şad günü”,- deyib şənləndik. Gözü yolda qalan bir şəhid balasına baş çəkmək yenə yadımızdan çıxdı.

Çox keçmədi, 31-də yenə yasa qərq olduq. 2 apreldə Kəlbəcərin dərdini ağladıq, “vertolyot” görüntüləri gəldi gözlərimizin önünə. Kəlbəcərdən son yadigar olan görüntülər. Bu həm də, Türk qardaşlarımızın bizə helikopter vermədiklərini, əvəzində illər sonra “Barmek” “təşəkkürü” aldıqlarını da xatırladır bizə. Eyni vaxtda Aprel döyüşlərində həlak olanları da andıq. Aprel acımızı yaşadıq.

8 mayda Şuşanın yasına yığışdıq. Yenə hissə-hissə, yenə parça-parça. 9-10-u çal-oyna edib, 18 mayda “can Laçın” nidasına toplaşdıq.

İyunun 7-də Ağdərə, 23-də Ağdamsızlığımızı yaşadıq. 23 avqustda Füzuli, Cəbrayıl, 31-də Qubadlı fəryadı elədik. Oktyabırın 29-da isə Zəngilanın da getdiyini yada saldıq.

Bu aralarda bayramlar, toy-nişan dəvətləri, ad günü məclislərinə getdik. İlimizin sonunu Xankəndi itkisi ilə qeyd edib geri sayım başladıq, 5-4-3-2-1.

Beləcə ilimizi başa vurduq. Növbəti ilə keçdik. Eyni hadisələri fərqli şəkildə yenidən yaşayır, şad və matəm günlərinin qeyd edirik. Zaman - girovluqda qalanların, elə bizim də ömrümüzdən gedən illər, məkan – üzərində yaşadığımız və 20 faizini işğaldan azad edə bilmədiyimiz Vətən torpaqlarıdır.

Bizim həyatımız budur. Yeknəsək saydığımız günlərdə belə gözləmədiyimiz biri ilə qarşılaşır, tanımadığımız və ya çoxdan görmədiyimiz adamlarla virtual və ya canlı görüşür, söhbət edir, ən azı dünyada baş verənlərdən xəbər tutur, məlumat alırıq. Hər səhər yuxudan oyanıb yuyunmağa, hər axşam istədiyimiz vaxt yatmağa gedirik. Hər səhər işə gedir, hər axşam evə tələsirik. Bu bizim hüquqlarımızdan istifadə etdiyimiz yaşam tərzimizdir.

Amma unutmamalıyıq ki, erməni girovluğunda işləməkdən, xidmət etməkdən başqa heç bir hüququ olmayan soydaşlarımız var.

Dünən axşam internetdə ermənilərin azərbaycanlıları necə girov götürdükləri ilə bağlı videonu izlədim. Səhəri dirigözlü açdım. Sanki yerimə qor tökülmüşdü. Yorğan-döşək də məni dalayırdı. “Görəsən indi onlar da yatıblarmı, acmı yatdılar, yerləri soyuq deyil ki, sabah saat neçə də oyanacaqlar, ilk işləri nə olacaq, onları incidirlər, bilirik – amma yatıb dincəlmələri üçün adi şərait varmı, görəsən onlar bilirlərmi ki, Azərbaycan bütövlükdə işğal edilməyib?”-deyə, yuxumu ərşə çəkən, cavabını bilmədiyim suallarla səhəri açdım.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ötən ilin sonlarında yaydığı məlumata görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 3888 nəfərdir. Rəsmi məlumatda onlardan geri qaytarılanlar barədə xəbər verilsə də, güman ki, kölə vəziyyətində saxlanılan girovlarların faktiki sayı daha artıq, daha acınacaqlıdır. İndi onlardan nə qədəri sağdır, hansı şəraitdə yaşayır heç kim və ya heç bir qurum bu barədə dəqiq məlumat verə bilmir.

Çünki onlar bütün başqa xalqlardan mənfurluğu ilə seçilən erməni millətinin əsiridirlər. Özü əsir olan xalq, əsir saxladığı insanlarla necə davrandığını yalnız təsəvvür etmək mümkündür. Orada yaşananların acısını isə yalnız orada yaşayanlar bilər.

Bu yaxınlarda Ermənistanda səfərdə olmuş jurnalist müsahibəsində, “təkcə hakimiyyət deyil, erməni xalqı da, nə qədər acınacaqlı şəraitdə yaşasalar belə, Qarabağın Azərbaycana qaytarılmasını istəmirlər”, -demişdi. İnanıram ki, bu həqiqətin real ifadəsidir.

Bəs biz öz həqiqətimizi nə vaxt və necə sübut edəcəyik? “Sülh yolu” deyimi bəlağətdən başqa bir şey deyil, vaxt itkisidir, sonu görünməyən uçurumdur. Ümumiyyətlə, belə bir yol yoxdur. Girov götürülmüş torpaqlarımızı və əsir saxlanılan, kölə halına salınmış soydaşlarımızı hərb yolu ilə azad etməliyik. Bizə başqa yol görünmür.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »