Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökümətin sosial paketinə fərqli baxışlar

Nemət Əliyev: “Hökumətin atdığı addımlar kosmetik xarakter daşıyır”

Qadir İbrahimli: “Prezidentin son qərarları 2 milyondan çox insanın real gəlirlərini artırıb”

Azərbaycanda fevral ayının əvvəlindən başlayaraq minimum aylıq əməkhaqqı, pensiyalar və təqaüdlər artırıldı.

Müxalifət iddia edir ki, bu prosesin başlamasına səbəb onların bu ilin yanvar ayının 19-da keçirdiyi mitinq olub. Yəni müxalifət deyir ki, hakimiyyət qorxdu, geri çəkildi. İqtidar nümayəndələri isə deyir ki, Prezident 11 aprel 2018-ci il seçkisində elan etdiyi platforma üzrə hərəkət edir - yəni xalqa verdiyi vədləri yerinə yetirir və bu siyasəti hər zaman yerinə yetirir.

Bəs, bu fikirlərdən hansı və nə dərəcədə doğrudur? İqtidar başqa hansı addımlar atmağı düşünür? Müxalifətin sosial-iqtisadi sahələrlə bağlı daha hansı tələbləri var?

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı-ekspert Nemət Əliyev bildirir ki, dövlət başçısının minimum aylıq əmək haqqının, pensiyalar və təqaüdlərin artrılması ilə bağlı qəbul etdiyi qərarlara müxalifətin 19 yanvar mitinqinin çox böyük təsiri olub: “Daha dəqiqi mitinqə qatılan şəxslərin problemləri, yaşadıqları məşəqqətləri dilə gətirməsinin, “İstefa” şuarlarının burada təsirini inkar etmək mümkün deyil. İnsanlar artıq cana doyublar. Xüsusən, 2014-cü ildən əhaliyə göstərilən sayğısız münasibət, əhalinin gəlirlərinin kəskin şəkildə itirməsi, sahibakrlığa tutulan divanlar, əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə itirməsi, əhalinin banklarda saxlanılan əmanətlərin dəyərsiz hala gətirilməsi, eləcə də, xarici valyutada götürülən kreditlərə həm siyasi hakimiyyətin, həm Mərkəzi Bankın, həm də Konistitusiya Məhkəməsinin verdiyi qərarlar çıxılmaz vəziyyətə düşmüş insanları qəzəbli münasibətini burada rolunu inkar etmək mümkün deyil. Onların tələbləri hakimiyyəti geri çəkilməyə vadar elədi”.

“Bundan öncəki və hətta daha əvvəlki illərdə izdihamlı mitinqlərdə də eyni tələblər olurdu. Əgər bu, hakimiyyətin geri çəkilməsidirsə, əvvəlki illərdə niyə bu olmadı?” sualına cavabında iqtisadçı deyib ki, indiyə qədər hakimiyyət bu tələbləri nəzərə almayıb: “19 yanvar mitinqində izdihamlı şəkildə cəsarətli mövqeyin ortaya qoyulmasının hakimiyyətin atdığı sosial-iqtisadı addımlarla birbaşa əlaqəsinin olması açıq görsənməkdədir. Onu da deyim ki, indiki sosial-iqtisadi addımlar kosmetik xarakter daşıyır. Çünki bu addımlar hələ də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması mənasına gəlmir. Ölkədə qiymətlər o qədər sürətlə bahalaşır ki ilin əvvəlində əmək haqqına, pensiyalara, təqaüdlərə edilən artımlar bir anın işində yox olub sıradan çıxır. Əhali ilin axırına kimi o artımların dadını çıxara bilmir. Belə ki ilin sonunda əhalinin vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib”.

İqtisadçı bildirib ki, qanunvericiliyə edilən dəyişiklik nəticəsində 2018-ci ildə pensiya yaşına çatmış 21 min vətəndaş pensiya almaq təminatından məhrum edilib: “Bir tərəfdən pensiya artırılır, bir tərəfdən minlərlə insan pensiya almaqdan məhrum edilir. İndi necə iddia etmək olar ki, vətəndaşların sosial rifahı yaxşılaşıb?

Bizim apardığımız hesablamalar göstərdi ki, 21 min vətəndaş pensiya almaq təminatından məhrum etməklə hökumət bir il ərzində 56 milyon manat irəli düşüb. Bu vəsaiti də pensiyalara və təqaüdlərə edilən artımlara ayırıblar. Amma o artımı da alanların həyat səviyyəsinin yaxşılaşacağı anlamına gəlmir.

Ötən gün Dövlət Statistika Komitəsi əhalinin orta aylıq pul gəlirlərinin səviyyəsi haqqında məlumat yayıb. Məlum oldu ki ölkə əhalisinin bir aylıq pul gəlirlərinin həcmi bu ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə 1 milyard 882 milyon manatdan 1 milyard 800 milyon manata düşüb. Yəni, əhalinin bir aylıq pul gəlirləri 82 milyon manat azalıb.

Komitənin açıqladığı digər məlumata əsasən əhalinin adambaşına orta aylıq pul gəlirlərinin həcmi ötən ilin yanvar ayında 397 manat olub, bu ilin yanvar ayında isə 382 manat olub. Biz bunun da müqayisəsin aparsaq bəlli olacaq ki, adambaşına düşən gəlilərlərdə 3 faiz azalma var. Deməli, adambaşına düşən pul gəlirlərinin həcmində azalma var. Vəziyyət bununla da bitmir. Axı yanvar ayı ərzində qiymətlər də bahalaşdı. Rəsmi statistikaya inansaq, yanvar ayı ərzində qiymətlər 1,7 faiz bahalaşıb. Beləliklə, adambaşına düşən gəlir 3 faiz azalmaqla yanaşı, qiymətlər də 1,7 faiz bahalaşıb. Bu statistikanı hesablayanda bəlli olur ki, təkcə yanvar ayı ərzində əhalinin vəziyyəti 4,7 faiz pisləşib. Bunlar hələ rəsmi rəqəmlərin ortaya qoyduğu nəticədir. Nəticədə artımlar əhalinin həyat səviyyəsini yaxşılaşdırmır.

Rəsmi məlumata görə, ölkə üzrə ümumi daxili məhsulun həcmi 2014-cü ildə 75 milyard dollar, 2018-ci ildə isə 47 milyard dollar olub. Deməli, ümumi daxili məhsulun həcmi 28 milyard dollar azalıb. Əhalinin pul gəlirlər isə 2014-2018-ci illər arasında 50 milyard dollardan 31 milyard dollara düşüb. 19 milyard dollar da burada azalma var.

Yaxud 2015-ci ilin yanvar ayında əhalinin orta aylıq əmək haqqısı 570 dollar olub, 2018-ci ildə isə bu rəqəm 320 dollar olub”.

İqtisadçı-ekspert N.Əliyevin sözlərinə görə, hökumətin ümumi iqtisadi inkişaf üçün seçdiyi yalnış yol nəticəsində bu illər ərzində ölkədə nə həyat səviyyəsi yaxşılaşıb, nə də iqtisadiyyatda canlanma yaşanıb: “Ancaq kosmetik xarakterli tədbirlər görüblər. Kreditlərin verilməsi ilə bağlı da problem var. Nə qədər ki aşağı faizdə kreditlər verilmir, iqtisadi həyatda iqtisadi canlanmaya nail olmaq mümkün deyil. Hətta gəlirlərdən məhrum edilmiş vətəndaşlara faizsiz kreditlər verilməlidir”.

Ekspert deyib ki, həll olunmalı bir məsələdə odur ki, ölkədə əlverişli investisiya mühiti yaradılmalıdır: “Təkcə 2018-ci il ərzində xarici investorlar Azərbaycan iqtisadiyyatına investiyası qoyuluşunu 2 milyard dollar həcmində azaldıb. Deməli, ölkədə əlverişli investisiya mühiti olmadığından buranı tərk edirlər. Bu göstərici həm də yerli investorlara olan münasibəti ifadə edir.

Bax, bu məsələlər bizim nəzərdə tutduğumuz islahat istiqamətləridir. Hökumət bu islahatları həyata keçirməlidir”.

İqtisadçı Qadir İbrahimli isə öz bloqunda Nemət Əliyevdən fərqli fikirlər ortaya qoyur. O, yazır ki, son sərəncamlar 2 milyondan çox insanın gəlirlərinin artmasını təmin edib”.

Qadir İbrahimli Qadir İbrahimli

Qadir İbrahimli öz təhlilində yazır: “Məlum olduğu kimi, prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəmcama əsasən əhalinin aztəminatlı zümrələrinə verilən pensiya və sosial müavinətlərin həcmində ciddi artımlar olub.

Sərəncam aztəminatlı təbəqə sayılan 590 min insanı əhatə edəcək və icrası üçün bu il büdcədən 302 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün bu rəqəm 400 milyon manat olacaq.

Eyni zamanda prezident “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılır.

Hazırda ölkədə məcburi köçkünlərin sayı 700 minə yaxındır və ayda 40 manat müavinət alırlar. Yeni sərəncama əsasən, müavinətlərin məbləği 60 manata qaldırılır. Bunun üçün büdcədən bu il 126 milyon vəsait ayrılmalıdır. Gələn il isə bu məbləğ 168 milyon manat olacaq.

Göründüyü kimi, təkcə son 2 sərəncamın maliyyləşdirilməsi üçün bu il 428 milyon manat, gələn il isə 568 milyon vəsait xərclənəcək.

Bir qədər əvvəl isə prezidentin şəhid ailələrinə 11 min manat birdəfəlik təzminatın ödənilməsi ilə bağlı sərəncam imzalanmışdı. Bu sərəncam ölkə üzrə 12,5 minə yaxın şəhid ailəsini əhatə edir. Sərəncamın icrası üçün 135 milyon manat ayrılıb.

Beləliklə, bu 3 sərəncamın maliyyələşdirilmsi üçün bu il büdcədən 563 milyon manat vəsait ayrılacaq və 1,3 milyon aztəminatlı insanı əhatə edəcək.

Bu yaxınlarda prezident sosial yükü olan daha bir sərəncama imza atmışdı – prezidentin sərəncamı ilə Azərbaycanda minimum əmək haqqı 38,5 faiz artırılaraq 180 manata çatıb. Son sərəncamına qədər minimum əmək haqqı yaşayış minimumunun 72 faizini təşkil edirdi.

Minimum əmək haqqının 180 manata çatması dövlət sektorunda işləyən 450 min, özəl bölmədə çalışan 150 min nəfərin gəlirlərini artıracaq. Yəni sərəncam 600 min insanı əhatə edir. Bunu da nəzərə alsaq, prezidentin son sərəncamları 1,9 milyona insanın gəlirlərinin artmasını təmin edib. Təbii ki, balaca göstərici deyil.

Qərarların təhlili göstərir ki, hökumət ölkənin sosial sistemində çox ciddi dəyişikliklər kursunu götürüb və bu artıq yeni sosial konsepsiyadır. Təbii ki, sosial sektorda problemlərin həll edildiyini düşünmək yanlışlıq olardı. Problemlər hələ var və həllini tapmalıdır. Ancaq önəmlisi budur ki, yeni sosial konsepsiyası artıq işə düşüb və problemlərin çözülməsinə başlanılıb.

Çoxmərtəbəli binalarda rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi, sənədsiz evlərin qeydiyyatı ilə və tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamlar, şəhid ailələri, Qarabağ əlilləri və hərbçilər, eləcə də məcburi köçkünləri üçün evlərin tikilməsi ilə bağlı tapşırıqlar da bunun göstəricisidir. Bunlar hökumətin sosial siyasətinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını göstərir və təqdirəlayiqdir.

Ən başlıcası isə prezident yaxın vaxtlarda problemli kreditlərlə bağlı qərarın olacağının anonsunu da verdi. Hazırda ölkə üzrə problemli kreditlərin həcmi 1,7 milyard manatdır və bu təxminən 400 minə yaxın insanı əhatə edir. Deməli, bu problemin çözülməsi 400 min insanı izafi yükdən qurtaracaq.

Təbii ki, belə sərəncamların mətni 5-10 günə hazırlanmır. Aidiyyatı qurumlar bununla təkilflərin göndərir, təkliflər digər qurumlarla dəqiqləşdirilir və təkliflərin dəstəklənməsi üçün maliyyə qaynaqı dəqiqləşdirilir və s. Yəni bəzilərinin iddia etdiyi kimi, bu müxalifət mitinqinin təzyiqi ilə verilən sərəncamlar ola bilməz. Təbii ki, mitinq, etiraz aksiyaları siyasi partiyaların, vətəndaşların konstitsion hüququdur və buna etiraz etmək olmaz. Ancaq razılaşın ki, bir elə sistemli sosial müdafiə tədbirləri müxalifətin mitinqinin təzahür ola bilməz və çox qeyri-ciddi səslənir. Özü də o halda ki, müxalifət indikindən meydanlara indikindən qat-qat çox adam yığanda belə hakimiyyətə öz tələblərini diqtə edə bilməmişdi.

O başqa məsələdir ki, belə qərarların qəbulunda ictimai rəy, əhalinin real durumu və s. amillər nəzərə alınır və bu da normaldır. Ancaq bir elə sistemli qərarların mitinqin təzyiqi ilə qəbul edildiyini iddia etmək primitiv yanaşmadır.

Hökumət növbəti mərhələdə artan sosial xərcləri qarşılamaq və yeni sosial layihələrə vəsait cəlb etmək üçün biznes mühitinin rəqabətə davamlı olmasını təmin etməli, vergi və gömrük sistemi tam şəffaflaşdırılmalı, dövlət qurumlarının biznes subyektlərinə qarşı əsassız müdaxiləsi aradan qaldırılmalıdır, ən başlıcası isə sərt anti-inhisar siyasəti həyata keçirilməlidir.

Prezident müşavirədə bildirdi ki, təkcə ilin birinci ayında vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır. Təbii ki, vergi-gömrük sistemidə daxilolmaların kəskin artımı bu qurumlarda şəffaflaşma proseslərinin başlanması ilə bağlıdır və ümid edək ki, proses daha da dərinləşəcək.

Prezident son müşavirədə islahatların davam anonsunu da verdi: “Sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək”.

Bizimyol.info

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »