Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vergilər naziri dəyişdi, işlər alınmadı” - Vergi müfəttişinin məhkəməsi
Vergilər Nazirliyinin rüşvət verməyə təhrik etmə və dələduzluqda ittiham edilən müfəttişinin məhkəməsində şahidlər ifadə verdi.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi Ağa Məmmədov rüşvət verməyə təhrik etmə və dələduzluqda təqsirləndirilir. Bizimyol.indo xəbər verir ki, bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılır.

İttihama görə, Ağa Məmmədov bizneslə məşğul olan şəxslərdən vergi borcu və vergi ilə bağlı digər problemlərini həll etmək adı ilə onlardan müxtəlif məbləğlərdə pul alıb.

Prosesdə şahid qismində Türkiyə vətəndaşı Füsun Baştürk ifadə verib. O, şirkətinin Azərbaycandakı vergi işlərinin həll edilməsi üçün Elvin Manafov vasitəsi ilə Ağa Məmmədova 1500 manat pul verib.

F.Baştürk sərbəst ifadəsində deyib ki, bir neçə ildir Azərbaycanda biznes sahəsində fəaliyyət göstərir. O qeyd edib ki, şirkətinin gördüyü işlərə ondan tutulan ikiqat verginin bir hissəsi məhz həmin 17 min manatdır və 3 ildir həmin pulu nazirlikdən geri ala bilmir. Şahid bildirib ki, həmin vaxt pulunun dəyəri 25 min dollar olsa da, devalivasiyada dəyər itirəndən sonra da pulunu ala bilmir.

F.Baştürkün sözlərinə görə, birlikdə işlədiyi şəxs onu Ağa Məmmədovla tanış edib və vergi işlərindən başı çıxdığını deyib. Ağa Məmmədov isə ona 1500 manat qarşılığında bu işi görə biləcəyini, sənədləşmə işini aparacağını deyib.

Ancaq 8 ay keçməsinə baxmayaraq iş həll edilməyib və pulunu da ala bilməyib. Ağa Məmmədov bir müddət yoxa çıxdığına görə Vergilər Nazirliyinə məktub yazıb. Bundan sonra Ağa özü onu taparaq pulu qaytarıb. Şahid hazırda şikayət və tələbinin olmadığını bildirib.

F.Baştürk suallara cavab olaraq Ağa Məmmədova pulu rüşvət məqsədi ilə vermədiyini, sadəcə vergi üçün rəsmi sənədlərimi hazırlanması üçün xidməıt haqqı olaraq pul verdiyini deyib. O, Ağa Məmmədova rüşvət almaq ittihamının verilməsi haqsızlıq olduğunu bildirib.

Hakim isə bildirib ki, Ağa Məmmədov barəsində Vergilər Nazirliyinə müraciəti var və bu səbəbdən də ona qarşı ittiham irəli sürülüb.

Məlum olub ki, vergilər naziri Mikayıl Cabbarova ünvanlanan müraciətdə sonra Ağa Məmmədov barəsində araşdırma aparılıb. F.Baştürk deyib ki, həmin müraciəti şikayət niyyəti ilə deyil, işinin tezləşdirilməsi və Ağa Məmmədovdan xəbər almaq məqsədi ilə edib. Məlum olub ki, F.Baştürk barəsində rüşvət verməyə görə cinayət təqibinə xitam verilib.

Digər şahid Elvin Manafov Ağa Məmmədovu 2 ilə yaxındır tanıyır, F.Baştürkün problemin həlli üçün onunla tanış edib. Onun sözlərinə görə, A.Məmmədova pul veriləndən sonra Vergilər Nazirliyində kadr dəyişikliyi olub və buna görə də iş alınmayıb: "Nazir dəyişdi, bəzi adamları işdən çıxardılar. Ağa da demişdi ki, pulu rəisinə verəcək. Bu dəyişiklikdə sonra iş alınmadı. Ağa özü mənə dedi ki, dəyişikliklər olduğu üçün işlərdə problem var".

Elvin Manafov özü ilə bağlı epizodu üzrə də ifadə verib. Şirniyyat mağazası işlətdiyini deyən şahid vergiyə olan 5700 borc məsələsini həll etmək üçün də Ağa Məmmədova müraciət edib. O, Ağa Məmmədova 1500 manat ödəniş edərək vergiyə olan 5700 manat borcunu sildirmək istəyib. Lakin hər iki iş alınmayıb.

Proses martın 4-də davam edəcək.

A.Məmmədov barəsində Cinayət Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »