Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sirab” qabı ilə izolyasiya edilmiş təhlükəli elektrik xətləri – Foto, Video

Əhmədli qəsəbəsi, General Şıxlınski 19/29 ünvanında 80-dən artıq məcburi köçkün ailəsi neçə illərdir işıq problemi ilə yaşayırlar. “Azərişıq”ın apardığı təmir-bərpa işləri nədənsə onlara aid edilmir.

Əvvəllər bağça, daha sonra sanatoriya olmuş bu qəzalı vəziyyətdə olan binanın sahibsizlikdən viran qalıb dağıdılmış otaqlarını hərə bacardığı səviyyədə təmir edərək mənzillərə çevirib. 1996-cı ildən, əsasən Ağdam, Füzuli və Cəbrayıl rayonlarından köçkünlər, elə elektrik xətlərini də “tapdıqları” hər nön naqillə ümumi xəttə birləşdirməklə “işıqlandırdıqları” mənzillərdə yaşayırlar.

Amma necə yaşayırlar?!

Bina uşaq bağçası kimi tikildiyi üçün burada təbii qazın istifadəsi nəzərdə tutulmayıb, binaya təbii qaz verilmir. İstilik sistemi xətləri isə çürüyüb yararsız hala düşüb. Buna görə də köçkünlər otaqların qızdırılmasında və mətbəxdə elektrik sobalarından istifadə edirlər. Amma bu da onlara asan başa gəlmir. Xətlərdə yüklənmə nəzərdə tutulduğundan artıq olduğu üçün tez-tez qısa qapanmalar baş verir. İşıqlar sönəndə burada sanki, həyat dayanır. Körpə uşağı və xəstəsi olan ailələr belə vəziyyətdə daha dözülməz çətinliklərlə üz-üzə qalırlar.

Sakinlər deyir ki, bəzən gün ərzində iki-üç dəfə “Azərişıq” Xətai rayon Enerji satışı və səchizatı idarəsindən qəza xidməti briqadası çağırmaq məcburiyyətində qalırıq. Xətlərimiz bərbad vəziyyətdədir. Hər gün enerji kəsilir. Dəfələrlə zəng edirik. Gəlib bağlayıb gedirlər, çox keçmir ki, yenə qəza yaranır. Əvvəllər çox yerə şikayət etdik, səsimizi eşidən olmadığından neçə illərdir bu problemi yaşayırıq.

Şikayətlə bağlı getdiyimiz ərazidə “Azərişıq” ötürücü stansiyasından 20-25 metr aralı qarşılaşdığımız görüntü bizi heyrətləndirdi. Gərginlik xətləri birləşdirilib və lentlərlə sarınaraq yol kənarında açıq şəraitdə buraxılıb. Nəzərə alsaq ki, həmin yolun sonunda iki məktəb və bir bağça var, bu da o deməkdir ki, buradan hər gün yüzlərlə azyaşlı keçir. Qırmızı lentlə sarınaraq torpaq üzərinə buraxılmış bu xətlər yaxşı ki hələ azyaşlıların diqqətini cəlb etməyib. Yoxsa, faciənin təsəvvür etmək istəməzdik.

Aidiyyatı qurumlar mütləq tədbir görməli, xətti ya basdırmalı, ya da əl çatmayacaq qədər hündürlükdən çəkməlidirlər. Diqqətimi çəkən daha bir amil isə “Azərişıq”ın işçilərinin yeni izolyasiya vasitəsi oldu. Plasmas su qabını yamadıqları xəttin üzərinə keçiriblər. Sanki uşaqlar üçün cəlbedici əyləncə görüntüsü yaratmağa çalışıblar.

Beləcə, bu yamanmış xətlərlə köçkünlərin məskunlaşdığı “Uşaq- böyrək sanatoriyası” kimi tanınan binaya elektrik cərəyanı ötürülür. Binanın elektrik paylanan hissəsində isə vəziyyət təsəvvür edilməyəcək qədər acınacaqlıdır.

Əvvəla, bir nəfərin belə sərbəst hərəkət edə bilməyəcəyi qədər dar, filmlərdə gördüyümüz konslager dəhlizlərini xatırladan, natəmizliyi ilə ondan da vahiməli “tunellə” getməli olursan. Paylanma yerinə çatdıqda isə vəziyyət daha da çətinləşir. Qarşını elektrik xətlərindən düzəlmiş, gərginlik daşıyıcısı olan “tor” kəsir. Bacarıb bu “tordan” da keçə bilsən, ayağının altından və başının üzərindən keçən xətlərə diqqət etməlisən. Yoxsa...

“Azərişıq”ın mütəxəssisləri burada da “özünəməxsusluq” göstəriblər. Ümumi xətdən mənzillərə çəkilmiş onlarla naqili, keçid yaratmaq üçün büküb-toplayıb bağlayıblar. Bu da naqillərin yüklənmədən yaranan istilikdən əriyərək qısaqapanma yaranmasına səbəb olur.

Sakinlər yarızarafat, yarıgerçək deyirlər ki, artıq elektrik işçiləri ilə tanış kimi görüşürük, hətta bir-birimizin məişət problemlərindən xəbərdarıq. Çünki hər gün qarşılaşırıq.

Xatırladırıq ki, təhlükə yaradacaq elektrik xəttinin buraxıldığı yol 87 saylı MİS-in yerləşdiyi binanın yolundadır.

Qadir MUSAOĞLU / Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »