Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Pul təklif elədi, “hansı obyekti istəsən, barmağını qoy” dedi” – iş adamının xilas planı

İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən şəxslərin məhkəməsi keçirilib. Məhkəmədə ilginc məqamlar üzə çıxıb. Həbs edilənlərdən biri günahsız olduğunu deyir. O da məlum olub ki, həbs edilənlərdən biri iş adamıdır və adının hallanmaması üçün obyekt və külli miqdrada pul təklifi edibmiş...

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən Nuri Rauf Məlikşah oğlu və İsgəndərov Arif Zərqulu oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Rauf Nuri ifadə verib.

Rauf Nuri deyib ki, İrana dəfələrlə səfər edib. O, həm müalicə, həm də ticarət məqsədi ilə İrana getdiyini söyləyib. Qeyd edib ki, sonuncu səfərində illərdir, tanıdığı Hüseyn adlı şəxs ona içərisində pay olan selofan verib: "Şəffaf selofan idi. İçində qaymaq və şirniyyat var idi. Dedi ki, yolda yeyərsiniz. Mən də oteldə Arifin qaldığı otağa gəldim. Selofanı otağa qoyanda Arifə içərisində şirniyyat olduğunu dedim. O da istəmədiyini bildirdi. Axşam Azərbaycana qayıdacaqdıq. Arif avtobusla gedəcəyini deyirdi. Mən də ona təyyarəyə bilet aldım. Bakıya gələndə mən öndə idim. Çölə çıxanda gördüm ki, Arif yoxdu. Ona zəng edəndə dedi ki, saxlanılıb. Mən də oradan qaçdım”.

Suallara cavab verən Rauf Nuri selofanın içərisində narkotik olmasından xəbərsiz olduğunu deyib. Qeyd edib ki, həmin narkotikin nə məqəsdlə ona verilməsini də bilmir.

Rauf Nuri hava limanında yol yoldaşı olan Arif İsgəndərovu qoyub qaçması ilə bağlı suala belə cavab verib: “Mən bildim ki, Arifi tutublar. Əgər içəri getsə idim, məni də tutacaqdılar. Həmin selofandan Arifin xəbəri yoxdur. Mən gedib bunu desəydim, yenə də ikimizi tutacaqdılar. Mən indi də deyirəm ki, Arifin bu işdən xəbəri yoxdur. Həmin gün gedib demədim, amma istintaqda dedim ki, Arif günahsızdır. Nə dəyişdi? Arifi buraxdılar?”

Məhkəmədə daha sonra Arif İsgəndərov ifadə verib. Əvvəlcə Rauf Nuridən daha əvvəl etdiyi hərəkətlərə görə narazı olduğunu deyən İsgəndərov qeyd edib ki, Rauf Nurinin indi məhkəmədə dedikləri doğrudur.

Arif İsgəndərov İrana müayinə məqsədi ilə getdiyini, buna görə də yoldaşlıq üçün Rauf Nuriyə müraciət etdiyini qeyd edib: “Rauf yoldaşı ilə gedirdi. Mən də onlara qoşulub getdim. İrandan qayıdanda biz bir oteldə idik. Çıxmağımıza az qalmışdı ki, Rauf əlində bir selofan gətirdi. Mən öz otağımda idim. Mən avtobusla gedəcəkdim, onlar isə təyyarə ilə. Mən gecə yola çıxmalı idi, Raufgil isə günorta. Amma getmədilər. Raufdan soruşanda dedi ki, təyyarəyə gecikiblər deyə getməyiblər. O, bileti axşama dəyişdirdiyini dedi. Mənim də onlarla getməyimi istədi. Razılaşdıq və yola düşdük. Mənim heç bir əşyam, çatam yox idi. Bir insan kimi ona dedim ki, yüklərinə kömək edim. Rauf da həmin selofanı mənə verdi. Bakıya çatanda təyyarədən Raufgil öndə getdi. Mən də onlardan arxada idim. Hava limanında məndən selofanda nə olduğunu soruşdular. Şirniyyat olduğunu, amma çantanın sahibinin mən olmadığımı dedim. Dedim ki, Raufundur. Amma axtardıq, Raufu tapa bilmədik. Baxanda oradan narkotik maddə çıxdı. Mən Raufa zəng elədim. Tutulmuşam deyəndə telefonu söndürdü”.

Arif İsgəndərov günahsız olaraq 11 aydır həbsxanada olduğunu deyib. Göz yaşlarını saxlaya bilməyən İsgəndərov məhkəmə zalında olan oğlunu göstərərək deyib: “Əgər dediklərimdə bircə söz belə, yalandırsa, övladımı görmək mənə qismət olmasın”.

Məhkəmə iclasında Arif İsgəndərovun xanımı Gülnar İsgəndərova şahid qismində ifadə verib. Gülnar İsgəndərovanın dedikləri bir çox ilginc məqamların üstünü açıb.

Gülnar İsgəndərova hadisə baş verən gün bildiklərini belə nəql edib: “Axşam tərəfi Arif zəng elədi ki, onu saxlayıblar. Amma günahsız olduğunu, çantanın özünün yox, Raufun olduğunu dedi. Bildirdi ki, Rauf gəlib hər şeyi etiraf edəcək və onu buraxacaqlar. Biz də gözlədik. Gecə saatlarında qapımız döyüldü. Açanda gördüm ki, bir nəfər eynəkli şəxs və yanında sürücüsü gəlib. Bizimlə vacib məsələni danışmaq istədiyini dedi. Adının Rauf olduğunu bildirdi. Biz də onu dinlədik. Dedi ki, bu işdə adı çəkilməsin. Nə kömək lazım olsa, edəcəyini dedi. Söylədi ki, bu işdə Arif də, özü də günahsızdır. Mən də nə edəcəyimi bilmirdim. Fikirləşdim ki, daha işdir olub, necə olsa, bunu yoluna qoymaq lazımdır. Ondan sonra bir neçə gündə Rauf bizə zəng edirdi, maraqlanırdı. Deyirdi ki, artıq hər işi həll edib, mətbuat işini də həll edib və Arifi efirə çıxarmayacaqlar. Bir neçə günə də bu məsələ tam həll olacaq və Arifi buraxacaqlar. Həmin gün də bizə 100 dollar vermişdi. Amma iki gün sonra Arifi televizorda narkobaron kimi göstərdilər. Onda elə bil ki, başıma daş düşdü. Bildim ki, işi Arifin boynuna yıxdılar. Raufun evinə getdim, anasını, ailəsini gördüm. Dedilər, xahiş elədilər ki, işi həll edəcəklər. Mən də çarəsiz qalıb gözlədim. Çünki ilk dəfə idi belə halla rastlaşırdım və qohum-əqrabadan da utanırdım. İki oğlum var və onların üzünə baxa bilmirdim. Bir neçə gün də gözlədim. Rauf deyirdi ki, nə qədər istəsə pul verəcək, 500 min təklif edirdi, deyirdi ki, obyektləri var. Hansına barmağımı qoysam, bizə verəcək”.

Gülnar İsgəndərova deyib ki, bir neçə gün də gözləyib, amma həyat yoldaşının azadlığa buraxılmadığını görüb və bundan sonra şikayət etmək qərarına gəlib: “Artıq gördüm ki, iş belə getməyəcək. Hüquq-mühafizə orqanlarına müraciət elədim. Dedim ki, Rauf edib və bizə susmaq üçün pul təklif edir. Mən Raufa zəng edib 3 min manat istədim. Dedim ki, Arif həbsdədir və onun yanına getmək istəyirəm. O da pulu götürüb bizə gəldi. Pulu verəndə onu tutdular. İkimizi də idarəyə gətirdilər. Orada Raufu kortej, adamları qarşıladı. Mən isə yetim kimi kənarda qaldım. Fikirləşdim ki, Arifi buraxacaqlar. Amma yenə də buraxmadılar. Mənim iki oğlum var. Biri əsgər gedir. Hörmətli məhkəmə, sizdən xahiş edirəm ki, bizi, ailəmizi bədbəxtlikdən qurtarın”.

Daha sonra Gülnar isgəndərova üzünü Rauf Nuriyə tutaraq deyib: “Rauf, dediklərimdə bircə cümlə səhv varsa, söylə. Bizi, ailəmizi bədbəxt eləmə”.

Rauf Nuri deyilənlərin yalan olmadığını deyib. Sadəcə qeyd edib ki, 500 min verməyib. Şahid Gülnar İsgəndərova isə bu fikrə düzəliş edib: “Mən 500 min vermisən demədim. Dedim ki, 500 min təklif edib”.

Məhkəmə iclası martın 1-də davam etdiriləcək.

Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısının alınması ilə bağlı məlumat yaymışdı.

Gömrük Komitəsindən verilən məlumata görə, Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.

Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə, qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir. Bu hadisədən 7 gün sonra isə Rauf Nuri saxlanılıb.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »