Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmkarlarından deputatın fikirlərinə fərqli münasibət

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev “Hüriyyət” qəzetində ötən gün dərc olunan müsahibəsində onunla Naxçıvan Muxtar Respublika rəsmiləri arasında son vaxtlar soyuq yellərin əsməsi və Naxçıvandakı əhalinin vəziyyəti ilə bağlı suallara cavab verib.

Deputat bildirib ki, Naxçıvan əhalisinin öz yurd-yuvasını tərk etməməsi üçün bu bölgəyə ciddi investisiya cəlb olunmalıdır, müəssisələr yaradılmalıdır. Həmçinin, rəsmi statistik məlumatlara əsaslanaraq Naxçıvan iqtisadiyyatının 83 milyon manat vergi ödəmək gücündə olduğunu vurğulayıb.

O, qeyd edib ki, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir. Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısı ilə, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil.

Deputat müsahibəsində bu açıqlamalardan sonra Muxtar Respublikanın rəsmilərilə konfiliktin yarandığını təsdiq edib.

Deputat Qüdrət Həsənquliyevin müsahibəsində qeyd etdiyi məsələlərlə bağlı bizimyol.info-nun əməkdaşı açıqlama almaq üçün həmkarı Fazil Mustafa və Siyavuş Novruzovla əlaqə saxlayıb.

Deputat Fazil Mustafa bildirib ki, Naxçıvanın MR-in büdcəsinə ayrılan dotasiya artırılmalıdır: “İnvestisiyaların qoyulması üçün dövlət tərəfindən bağlanan beynəlxalq ticarət əməkdaşlığı müqavilələrində müəyyən bəndləq qeyd olunmalıdır. Naxçıvan blokada şəraitində olduğundan müəyyən obyektiv çətinliklər yarandığına görə bu bölgəyə xüsusi diqqət ayrımağımız vacibdir. Dövlət olaraq bu ərazilərin qorunmasına xüsusi diqət yetirilməlidir. Son vaxtlar Naxçıvanla bağlı Ermənistanda ritorikanın güclənməsi məcbur edir ki, sonradan hansısa problemin yaşanmaması üçün bura həm hərbi, həm də iqtisadi cəhətdən güclü bölgəyə çevrilsin”.

F.Mustafa deyib ki, sovet dövründə mövcud olan zavod və fabrik infrastrukturunun indi dircəldilməsi rentabelli olmaya bilər: “Bu məsələni mütəxəssislər araşdırıb baxmalıdır ki Naxçıvan üçün hansı sahələrdə müəssisələrin yaradılması əlverişlidir. Hazırda Naxçıvan üçün əlverişli olan iki bazar var: Türkiyə və İran bazarı. İstehsal və emal olunan malların bura yönləndirilməsi mümkündür. Odur ki bu sahədə araşdırma aparmaq lazımdır. Bəlkə daha yeni infrastruktur qurulmalıdır. İş yerlərinin açılması və infrastruktur layihələrinin genişlənməsi əhalinin məşğulluq problemini də həll etmiş olacaq ki, nəticədə bölgədə məskunlaşmanı daha da artıracaq”.

Fazil Mustafa bildirib ki, Naxçıvanın muxtariyyəti daha çox siyasi muxtariyyətdir: “Ona görə də, burada hansı məsələ qoyulursa, öncə siyasi tərəf önə cəkilməlidir. Naxçıvanın muxtariyyəti bu bölgə blokada da qaldığı müddətdə daha da güclü olmalıdır, çünki bu muxtariyyət modeli həm də beynəlxalq məsələdir. Təminatı, qarantı olan ölkələrin də Naxçıvanın taleyi ilə bağlı məsələlərdə reaksiya verməsini təmin edir. Ola bilsin hansısa məqamlar uyğun gəlməyə bilər, amma siyasi model olaraq Naxçıvanın bu formada qorunub saxlanması əsas vəzifələrdən biri olmalıdır”.

Deputat Siyavuş Novruzov isə həmkarı Qüdrət Həsənqauliyevin verdiyi müsahibədən yaranan suallara cavab verməkdən imtina edib: “Ona mən nə deyim ki? Hər deputatın öz fikri var. Kimsə nə danışırsa, mən ona münasibət bildirmirəm. Ağsaqqal adamam, saçım-saqqalım ağarıb. Mən dövlət və beynəlxalq məsələlərlə bağlı açıqlama verirəm”.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »