Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirin qızının oğurlanmasında Şimali Koreyadan şübhələnirlər

Uzun müddət Şimali Koreyanın Romadakı səfiri vəzifəsini icra etmiş Ço Son Gilin qızının oğurlanmasında onun öz ölkəsinin səlahiyyətliləri şübhəli bilinir. İtaliyanın hüquq-mühafizə orqanları diplomatın övladının Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən oğurlanması versiyasını araşdırır. Bu barədə ANSA agentliyi məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, 17 yaşlı məktəbli qızın oğurlanıb öz ölkəsinə göndərilməsi barədə məlumatları hüquq-mühafizə orqanlarıyla yanaşı, İtaliyanın Xarici İşlər Nazirliyi də araşdırır. Nazir müavini Manlio Di Stefano bildirib ki, əgər bu versiya təsdiqlənsə, bu, görünməmiş ciddi hadisə olacaq.

Səfirin qızının zorla Pxenyana göndərilməsi xəbərini “Yonhap” agentliyi yaymışdı. Xəbərdə deyilirdi ki, bu hadisə Ço Son Gilin özünün yoxa çıxdığı ərəfədə baş verib. Belə iddialar da var ki, Ço Son Gil Cənubi Koreyadan sığınacaq istəyərək gizlənib. Məsələni həll edəndən sonra Romada qalan övladını da gətirəcəkdi.

Şimali Koreyadan olan keçmiş diplomat, 2016-cı ildə Cənubi Koreyaya qaçmış Txe Yon Xo bu haqda danışıb: “Mən dəqiq bilmirəm ki, Çonun neçə övladı var. İtaliyada qalan uşaq Şimali Koreyaya qaytarılıb. Ço isə hazırda həyat yoldaşı ilə birlikdədir”.

Ço Son Gil 2015-ci ilin mayından Şimali Koreyanın İtaliyadakı səfirliyində işləyib. 2017-ci ilin payızından isə diplomatik nümayəndəliyə rəhbərlik edib. Həmin ərəfədə Şimali Koreyanın nüvə proqramı çərçivəsində raketləri yenidən sınaqdan çıxarması ilə əlaqədar bu ölkənin Romadakı səfiri geri göndərilmişdi.

Bir qədər əvvəl haqqında bəhs olunan diplomat Txe Yon Xo da 2016-cı ildə Londondakı səfirlikdə missiyasının başa çatmasına və Şimali Koreyaya geri qayıtmasına az qalmış itkin düşmüşdü. Az sonra məlum oldu ki, o, həyat yoldaşı və uşaqlarıyla birlikdə Cənubi Koreyaya qaçıb. Cənubi Koreya hökuməti onun ailəsi nəzarətinə götürərək, müdafiə etdi.

Şimali Koreya isə onu dövlət sirrini yaymaqda, başqasının əmlakını ələ keçirməkdə ittiham edirdi.

Son xəbərlər
Bütün xəbərlər »