Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır”

Tez-tez verdiyi açıqlamalar, yazdığı statuslarla mübahisələr yaradan yazıçı Kəramət Böyükçöl yenidən gündəmdədir.

Belə ki, yazıçı bu dəfə sazı təhqir edərək, onu məntiqsiz musiqi aləti adlandırıb: “Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın. Kimsə saz istəyər, aşıq gələr, o da məcbur olub qulaq asar, o ayrı məsələdir. Amma tutaq ki, sizcə, sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldır. Məhəllidir. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir. Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nano texnologiyaların tibdə tətbiqini araşdırır. Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdur. Çünki beyinin gücü çatmır. Çünki saz cahillik alətidir, təxminən, meyxana kimi bir şeydir. Şəxsən saz mənə yumor təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm. Dərki bir az da dərin olan adamlar isə bu dınqıltının qarşısında heç gülə də bilmir. Sadəcə, donub qalır. Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdur ki, a kişi qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən?”

Kəramətin sözləri birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Yazıçı fikirlərinə görə tənqid edilib.

Musavat.com məsələ ilə bağlı aşıqların, söz adamlarının fikrini öyrənib.

Ustad aşıq Ədalət Dəlidağlı bildirib ki, yazıçını milli dəyərlərə dil uzatdığı üçün məhkəməyə vermək lazımdır: “O, şəxsiyyətsiz adamdır, bizim millətdən deyil, kimdirsə qanı qarışıqdır. Bu millətin qanından olsaydı, belə danışmazdı. Lənət olsun. Kəraməti məhkəməyə vermək lazımdır, milli dəyərlərimizə dil uzadıb. Bizim dərdimiz, sevincimiz sazla olub. Koroğlu düşmənin üstə sazla gedib. İndi o adamın belə danışması yersizdir”.

Aşıq Toğrul Ayrımelli vurğulayıb ki, sazı təhqir edən bir kəs bizdən deyildir: “Sazı biz türklər neçə min illər milli musiqi alətimiz və totemimiz olaraq bu günə qədər qoruyub gətirmişik. Sazı təhqir edən bir kəs bizdən deyildir, tumu qatqısız olan bir Azərbaycan türkü saza hədyan deyə bilməz zatən. Sazın öz məclisi, öz dövranı var. Saz məclisinə hər adam layiq deyil ki. Unutmayın ki, eşşək başı zər fincana sığışmaz!”

Aşıq Namiq Fərhadoğlu isə deyib ki, yazıçının azərbaycanlı olmasına şübhə edir: “Sazı başa düşən elə danışmaz. Azərbaycanlı olması şübhəlidir. Saz Dədə Qorquddan bizə miras qalıb. O yazıçının belə danışmağa haqqı yoxdur. İllər, qənirələrlə saz qorunub. İndi necə demək olar ki, sazı Avropaya necə aparaq? Ar olsun o şəxsə. Əslində Kəramətə cavab vermək düzgün deyil. Sadəcə olaraq ar olsun, ona...”

Son xəbərlər
Bütün xəbərlər »