Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış vəkil ittiham etdi, Vəkillər Kollegiyası cavab verdi

“ADİSAD” hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılov Vəkillər Kollegiyası Rəyasət Heyəti barəsində coxsaylı şayiələr yarandığı barədə açıqlama verib.

Bizimyol.info xəbər verir ki, o, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hazırda istifadə etdiyi ofisin kollegiyanın sədri Anar Bağırovun şəxsi mülkiyyəti olması, VK-nın oranın icarəsi üçün hər ay 10.000 ( on min) manat ödədiyi barədə şayiələr yayıldığını yazıb.

“İndi qalan şaiyələri də hörmətli Anar müəllimin diqqətinə çatdırıram və xahiş edirəm ki,imkanı olanda onlara da aydınlıq gətirsin ki, söz-söhbət də yığışsın. Keçim “şaiyələrə”

1. Deyirlər ki, rəhmətlik Azər Tağıyev sədrlikdən gedəndə 1.000.000 (bir milyon) manata kimi miras qoyubmuş, yeni rəhbərlik həmin pulların başına daş salıb;

2. Deyirlər ki, Anar müəllimin keçmiş patronu Fariz Məmmədov 12 saylı hüquq məsləhətxanasına müdir təyin edildikdən sonra orada VK-nın vəsaiti hesabına super təmir aparılıb və indi oranı özəlləşdirmək istəyirlər;

3. Deyirlər ki, Anar müəllim yenə də VK-nın vəsaiti hesabına müxtəlif vəkil bürolarını təmir etdirir. Bu təmir üçün həm də vəkillərdən pul yığılmaqla yanaşı, dövlət başçısının sərəncamı ilə vəkilliyin inkişafı üçün ayrılmış vəsait də silinir.

Başqa əhəmiyyətsiz və az əhəmiyyətli şaiyələr də var ki, bunların üzərində durmaq istəmirəm. Yəqin razılaşarsınız ki, bu səslənənlər VK üçün çox ağır ittihamlardır, özünü ictimaiyyət üçün açıq, fəaliyyətinin şəffaf olmasını elan edən, vəzifəsi vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərmək olan bir təşkilat bu ittihamlara reaksiya verməyə borcludur. Əgər Anar müəllim, bu məsələnin ictimailəşməsinin əleyhinədirsə onu başa düşmək olar. Amma bu halda da ən azından rəhbəri olduğu VK-nın üzvlərinə bir illik fəaliyyəti dövründə VK-nın gəlirləri və xərcləri barədə hesabat vermək onun vəzifəsidir.

Hörmət və sayğılarla. Ümidvaram ki Anar müəllimin reaksiyası gecikməyəcək, ona peşə fəaliyyətində və tutduğu vəzifədə uğurlar arzu edirəm”.

Adil İsmayılov sonda məsələnin şəxsi müstəviyə keçirməməyi də xahiş edib.

Bizimyol.info məsələ ilə bağlı Vəkillər Kollegiyasına sorğu ilə müraciət edib.

Sorğuya əsasən, aşağıdakı cavab verilib:

“Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin rəhbərliyi barəsində hər hansı faktiki əsası olmayan, yalan, böhtan və təhqir xarakterli məlumatlar yayılmışdır. Xüsusilə, həmin xəbərlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin icarəyə götürülmüş hazırki inzibati binasının Kollegiyanın sədrinin şəxsi mülki olması, Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyi dövründə 1 milyon manatlıq vəsaitin yığılması və həmin vəsaitə münasibətdə bu gün qanunsuz istifadə hallarının mövcudluğu, yerli vəkil qurumlarında həmin qurumların hesabına deyil, Kollegiyanın hesabına müəmmalı təmir işlərinin aparılması və sair böhtan xarakterli, həqiqətə uyğun olmayan və ictimai fikrə mənfi təsir göstərən məlumatlar qeyd olunmuşdur. Bununla əlaqədar, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Bu gün Vəkillər Kollegiyası öz fəaliyyətində ictimaiyyətə açıqlıq, şəffaflıq, vəsaitlərə qənaət prinsiplərini rəhbər tutaraq, ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi, xüsusilə əhalinin peşəkar hüquqi yardıma olan ehtiyaclarının lazımi həddə ödənilməsi üzrə çoxşaxəli işlər həyata keçirməkdədir. 07.12.2017-ci il tarixdə Vəkillər Kollegiyası üzvlərinin sonuncu hesabat konfransında Kollegiyanın vəsaitləri və onların hansı məqsədlər üçün istifadə edilməsi barədə Kollegiya üzvlərinə hesabat da verilmişdir. Eyni zamanda, hazırda da Kollegiya öz üzvlərinə Kollegiyanın gəlir və xərcləri barədə onları maraqlandıran məlumatları verməkdə hər hansı maneənin olmadığını bildirir.

Bildiririk ki, yuxarıda adları çəkilən böhtan və yalan xarakterli məlumatlar həqiqəti əks etdirmir və Vəkillər Kollegiyasının rəhbərliyinə ləkə yaxmaqla ictimaiyyətin Kollegiyaya olan etimadını və vəkil peşəsinin nüfuzunu sarsıtmağa hesablanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyəti yoxlanılmamış və ictimaiyyətin çaşdırılmasına səbəb olan məlumatları publik şəkildə yayan şəxslərdən ən qısa zamanda təkzib vermələrini tələb edir. Əks təqdirdə, Rəyasət Heyəti qanuna uyğun olaraq, həmin şəxslərə qarşı ölçü götürülməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »