Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çuxurun dibində və üzərində dayananlar

2002-ci ilin yağışlı qış günü idi. Redaksiyaya qısa yolla getmək üçün dəmiryolu vağzalının ətrafından keçməli oldum. Relislərin üzərindən qarşı tərəfə keçirdim, diqqətimi qatar olmayan yoldan qalxan tüstü cəlb etdi. Orada beş-altı (bəlkə çox) adam oturub ciddi cəhdlə nəsə edirdilər. Vedrədə yandırdıqları ocaq isə simvolik xarakterli idi. Yəqin ki həmin ocağın istisindən bir nəfər faydalanırdı, o da vedrəyə ən yaxın olan.

Maraq güc gəldi, yaxınlaşdım. Onlar qumar oynayırdılar. Dayanıb onları müşahidə edirdim ki, bir-birinə işarə etdiklərini gördüm və onlardan biri soruşdu ki, “nə lazımdır”.

- Heç baxıram, olmaz?

- Olar. Niyə olmur ki, ayaq üstə dayanma, kənardan görünür. Otur nə qədər baxırsan bax. İstəsən sənə də paylayaq.

Əlindəki karta işarə edir.

- Yox, baxıram.

Bəlkə xeli dayanıb onları seyr edəcəkdim, orada dayandığım 3-4 dəqiqədə “zarafatları” məni, sözün hər mənasında çuxurda olan bu adamlardan diksindirdi. Aralanmaq yox, qaçmaq istədim oradan.

Bəlkə bir, bəlkə bir neçə həftə sonra onlardan ikisini Rəşid Behbudov adına Mahnı Teatrının yanında, o vaxtlar çox qələbəlik olan “fəhlə bazarı”nda gördüm. Biri səki daşının üzərində oturmuşdu, ikincisi isə parket yonan qurğuya söykənib siqaret çəkir və üçüncü biri ilə söhbət edirdi. Yanlarından keçəndə ilk dəfə gördüyüm o üçüncü adamın haradasa “bərk içib” kimi isə söydüyünü şövqlə danışdığını eşitdim. “Köhnə tanışlarım” isə onun bu şit sözlərinə elə onun kimi şit gülüşlə reaksiya verirdilər.

Bir vaxtlar siqaret çəkmək vərdişim olsada, heç vaxt spirtli içki həvəskarı olmamışam. İçkiyə münasibətim isə şəxsə görə dəyişir. Bilirəm ki, dinimiz düşüncəni məhdudlaşdıran hər nəsnəni yasaq (haram) edir. Amma adamlar var ki, cəmiyyətdə çox ciddi, bəzən “qaraqabaq” kimi tanınsa da, şən ovqatlı məclislərdə bir az da içkinin təsiri altinda son dərəcə səmimi, şən, sadədil görünürlər. Bu halda hiss edirsən ki, sular durulur, buzlar əriyir, yeni münasibət, yeni yanaşma formalaşır. Sanki səmimiyyətin, səxavətin tilsimi o şüşədə gizlənirmiş ki, “açıb buraxıblar” məclisə.

Bəzən isə, bəlkədə əksər hallarda əks effek müşahidə edilir. Sakit xasiyyətli, ədəb-ərkan gözləyən birinin içkinin təsirindən tamamilə fərqli xasiyyət sahibi olduğu üzə çıxır. İnsanın daxilindəki bütün aqresiya çılpaqlığı ilə ortada olur.

İkinci halın daha çox baş verdiyini nəzərə alaraq qəti olaraq spirtli işkidən uzaq olmaq, onu qəbul edənlərə isə birinci halı nəzərə alaraq fərdi yanaşma prinsipim var.

Kişilər arasında içki və əsgərlik söhbətləri bitməz. Amma birisi "içib" qarşısındakı insanı təhqir edir, hətta davaya qədər gətirir və bunu sonralar fəxrlə danışırsa, mütləq onun insani keyfiyyətlərində problem var. İndi bu adam qəbahət, bəlkə cinayət sayılacaq işini elə həvəslə danışır, ətrafındakılar da onu elə həvəslə dinləyirdilər, sanki bu, insan həyatı xilas edib, qəhrəmanlıq göstərib. Ətrafında onu həvəslə dinləyənləri gördükcə, o daha da ilhamlanırdı. Küçənin tinini dönənə qədər bu şit gülüşlər qulağımda cingildəyirdi.

Həmişə fəhlə bazarında duranlara daimi iş yeri olan fəhlələrdən da artıq acımışam. Düşünürdüm ki, insanlar ailələrini dolandırmaq üçün nə əzablara qatlaşırlar. Yağış, soyuq demədən günlərlə iş arzusu ilə orada dayanırlar. Eşitdiyimə görə bəzən iş sahibləri onları işdən yarımçıq qovur, əməkhaqlarını vermirlər. Bu barədə söhbət əsnasında bir yaxınıma fikirlərimi bildirdim. O isə tamımilə əks arumentlərlə düşüncələrimi alt-üst etdi.

- Evdə bir xeyli iş vardı, mənimsə zamanım az idi. Bildim ki tək çatdırmayacam, bir fəhlə gətirib birlikdə işləri görmək qərarına gəldim. Fəhlə bazarına getdim. Kənarda dayanıb baxdım ki, üç-üç, beş-beş dayanıb söhbətləşir, zarafatlaşırlar. Bir nəfər isə divara söykənib qəzet oxuyur. Əslində bu bütöv qəzet də deyildi, qəzetin bir hissəsi idi. Yaxınlaşıb mənə kömək etməsini, iki günlük iş üçün nə qədər məvacib istəyəcəyini soruşdum. O da, “gedək işə baxım, indi sizə nə deyim ki”, - deyə cavab verdi.

Kənardan bizim iş barədə danışdığımızı eşidə kimi, o məzlum görkəmi insanlar üzərimizə gələrək o qədər əcaib hərəkətlər etdilər ki, onlara qarşı fikirlərim tamamən dəyişdi. Danışdığım adamı kənara itələyib məni dövrəyə aldılar. O adamın heç bir iş bacarmadığını, özlərinin isə hər sənəti mükəmməl bildiklərini deyir və bir-birlərinə imkan vermədən danışırdılar.

Aralarından çıxıb əvvəlki yerində dayanmış həmin adama “gəl gedək” dedim.

Biz aralananda da arxamızca qışqırır, onun zibil daşımaqdan başqa bir işə yaramayacağı, yenə oraya qayıdacağım barədə nələrsə deyirdilər.

-Nə iş bacarırsan, -deyə siruşdum. Əslində cavabında "hər iş" deyəcəyini gözləyirdim. O isə “mən rəssamam” dedi. Rəngsazlıq, suvaq vurmağı, parket vurmaq ...

Cümləsinin axırını gətirmədi. Mən də daha heç nə soruşmadım. “Rəssamam”ı elə tonda dedi ki, artıq nəsə soruşmağa ehtiyac qalmadı.

- Hə, çatdıq. Gəl bir stəkan çay içək və işə başlayaq, - dedim. Razılaşmadı.

- Yox, əvvəl mənə işimi göstərin, danışaq, razılaşsaq mən işimə başlayım.

İlk olaraq adamın qətiyyəti xoşuma gəldi. İşini göstərdim,  qiyməti razılaşdıq və bir xahişi oldu ki, onu tələsdirməyim. Bütün işləri yüksək keyfiyyətlə, səliqə ilə və nəzərdə tutduğumdanda tez görüb qurtardı. İki gün vaxt ayırdığım işlər bir gün yarımda artıq başa çatmışdı.

Rəmzi əlinin rəngini təmizləyirdi: “Yadınızdadır, məndən nə iş bacardığımı soruşmuşdunuz, indi gəlin işləri təhvil alın, bəyənməsəniz, zəhmətimi sizə halal edəcəm”, -dedi.

- Siz onların dediklərinə görə mənin sənətkarlığımdan şübhələndiyinizi düşünürdüm. Mən də özümü tərifləmədim ki, görüm peşimansınızsa işə başlamamış çıxıb gedim. Görəcəyim işləri bacaracağımdan əmin idim. Siz o işləri elə ərkiyanalıqla göstərdiniz, anladım ki, sizin də mənə qarşı şübhəniz yoxdur.

- "Rəssamam" demişdin axı. Rəmzi, belə bacarığın var, nə əcəb orada?..

- Bilirəm nə deyəcəksiz. Rəssamlıqla ailəmi dolandıra bilmədim, əsəblərim dözmədi, əlimdə problem oldu. Uşaqlar böyüyür, qayğılar çoxalıb. Amma elə baxmayın, burada da işləyib ailəni dolandırmaq olur.

- Bəs, deyirlər ki, orada iş gözləyənlər günlərlə bir manat da qazanmır?

- Düzdür bəzən günlərlə, həftələrlə iş olmur amma iş olanda da gərək qazandığını hara gəldi dağıtmayasan. Onların çoxu əlinə pul gələn kimi axmaq yollara dağıdırlar. Heç kim də sübut edə bilməz ki, kim burada nə qazanır. Ailələrini aldadanlar var. Bu gün mənimlə eyni məbləğdə pul alıb, sabah borc axtaranlar da var. Demirəm mən orada işləməklə yüksək səviyyədə dolanıram. Yox, elə deyil. Amma elə edirəm ki, nəsə olsa, bir-iki həftə işləməsəm ailəm möhtac olmasın. İş tapana qədər heç kimə əl açmayım. Buna görə də qazandığımı qəpiyinə qədər evimə aparıram.

Oranın adı pisdir. Deyəndə fəhlə bazarı, deyirlər “hə, qul bazarını deyirsən”. Qulun nə qazandığını kim soruşacaq ki, adı üstündədir “qul”. Amma bəzən yaxşı iş düşür, aylarla işləyirik. İş olanda gərək elə tədarük edəsən ki, olmayanda da ac qalmayasan. Bax bu gün sizdən aldığımla ailəni ən az üç həftə dolandımaq olar və başqa xərclərim də var, onun üçün də bir az qalacaq.

- Niyə üç həftə?

- Artıq ayın bir həftəsi keçib, öndə üç həftə var. Əvvəldən belə tənzimləyirəm. Qazandığım məbləği əsas xərcləri nəzərə almaqla günlərə bölürəm və həmişə bir miqdar da evimin təmirinə ayırıram.

- Bəs tək orada necə dözürsüz?

- Tək deyiləm. Biz üç nəfərik, sizdən bir gün əvvəl iş çıxdı ikisi getdi.

- Nə əcəb sizi aparmadılar?

- İki nəfər istədilər. Həm onların yaşadığı səmtdə idi, həm də mən ondan bir gün əvvəl işdən dönmüşdüm. Yaxşı insan tapmaq çətindir, bir-birimizi gərək başa düşək. Onlarla münasibətim alınıb, xasiyyətlərimiz də uyğundur.

Tanışım Rəmzinin orada baş verən, təsəvvürüm belə olmayan hallar barədə, danışdıqlarını təkrarladıqca yağışlı havada relislərin arasında qumar oynayan, sonradan fəhlə bazarında gördüyüm adamlar yadıma düşürdü.

Nədən bu adamlar əzabla qazandıqlarını içkiyə, qumara və başqa yazmaq istəmədiyimiz nəsnələrə verir, başqalarının gözündə isə özlərini “qul” görkəminə salırlar? Fəhləliklə ailə dolandırmağın çətinliyini anlamamış, görməmiş deyilik. Çətindir. Bu çətinliklərə bir də özlərinin ani bir həzz üçün yaratdıqları problemləri də əlavə edirlər. Bunu anlaya bilmirəm. Nə üçün işləyəcək qədər düşüncəsi olan insan qışda donaraq, yayda istidən qovrularaq, min bir əzabla qazandığını qumara, ya da əxlaqsız bir qadına xərcləsin, əvəzində ailə yanında “qul” obrazı yaratsın?

Qiyabi tanıdığım Rəmzinin bütün vəzifələrin üzərində, şərəfli, zəhmətkeş və peşəkar bir sənatkar obrazı xəyalımda canlanırdı. Ona qul yox, xarakterli insan demək lazımdır.

Vəzifə, peşə, sənət, bilik dünya görüşünü dəyişə bilər, xarakter isə insanın obrazıdır.

Obraz cilalanar, dəyişə bilməz.

Qadir MUSAOĞLU

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »