Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşar Nurinin 3 məşhur aktyor fəndi
Azərbaycan xalqının ən sevimli aktyorlarından biri olan Yaşar Nuri artıq bu həyatda olmasa da, özündən sonra çox böyük bir sərvət, məktəb qoyub getmişdir. Onun özünəməxsus aktyor fəndləri el arasında da olduqca məşhurdur. Gəlin sevimli aktyorumuzun həmin fəndləri ilə daha yaxından tanış olaq.

1. Səhnəyə gəlişini əvvəlcədən-səhnə arxasından tamaşaçılara xəbər vermək.

Bu, milli dramaturgiyamızda ən məşhur fənddir. Azərbaycan milli teatrı peşəkarlaşandan sonra aktyor teatrı olub. Seyrçi teatra ilk növbədə aktyora baxmağa gəlir. Bunu yaxşı bilən, bütün hüceyrələri ilə hiss edən aktyor da oynadığı epizodun səhnəyə çıxma vaxtı yetişəndə qabaqcadan seyrçilərini xəbərdar eləyir ki, bəs, arxayın olun, bu gün mən sizinləyəm. Aktyor tam əmin olmalıdır ki, tamaşaçı səsini eşitcək məhz onu-sevimli və istəkli sənətçisini anların intizarıyla gözləyir. Və ona olan sevgisini, rəğbətini sürəkli alqışlarla izhar edəcək. Əks təqdirdə… Yox, hər özündən məmnun və müştəbeh artist cəsarət edib bu fəndə əl atmaz.

Yaşar Nuri bu fənddən çox böyük ustalıqla istifadı edirdi. Epizodun vaxtı yetişəndə aktyor həməncə səhnəyə çıxmır, bir-iki saniyə ləngiyir (pauza verir). Elə həmin məqamda isə səhnə arxasından həssaslıqla salonu dinləyir. Yalnız özünə bəlli olan hüdudacan gözləyir. Sonra ilk replikasını(sözünü) uca deyir və yenə bir neçə saniyə salonu dinləyir. Həm də salonun psixoloji reaksiyasını bütün oynaqları il duyurdu. Tamaşaçılar arasındakı canlanma qulağına, hisslərinə çatar-çatmaz sözün əsl mənasında səhnəyə şığıyıb yerində “donur”. Sürəkli alqışlar! Seyrçilər rəğbətlə, sevimli aktyorunu salamlayırdı. O isə “obrazdan çıxmadan” donmağıyla pərəstişkarlarının salamlarını alırdı.

2. Alqış “qoparıb” sonra səhnədən getmək

Açığını desək, bu, ən çətin fəndlərdən biridir. İlkin səbəbinə baxaq. Bir çox pyeslərdə, ələlxüsus çağdaş komediya və dramlarda müəlliflər daha çox ansamblın hərəkət quruluşuna fikir yönəldirlər. Səhnədən gediş üçün öncədən personaja vurğulu, nidalı, mənalı, partlayıcı qüvvəyə malik kəlmə (yaxud ifadə, cümlə) vermirlər. Daha doğrusu, heç bu təmənnada olmurlar da. Yaşar Nuri isə bu “əngəl”i asanlıqla aşır, bu “maneə”ni ustalıqla adlayırdı. Həmin işdə onun dadına parlaq improvizə qabiliyyəti yetişir. Yaşarın rol üzərindəki iş prosesi məşqlərdə bitmir. Bəzi “bombalar” tamaşa zamanı bədahətən partlayırdı, bəziləri isə vəziyyətə cavab olaraq.

3. Pauzanı saxlamaq

İlk baxışdan bu fənd son dərəcə asan görünə bilər. Axı susmaqdan rahat nə ola bilər?

Yaşar pauzadan(mənalı gərgin sükutdan) bir tamaşada çox istifadə etmir, onun dəyərini qoruyur. Çünki bir dəfə, özü də obrazın hadisələrlə bağlı ən gərgin epizod yerində istifadə edilən sükut tamaşaçıya uzun-uzadı monoloqlardan daha çox şey “deyir”. Yaşar Nurinin ustadı Tofiq Kazımov tamaşalarını (xüsusilə də, İlyas Əfəndiyevin lirik-psixoloji dramları əsasında qoyulanları…) bu cür “çoxdanışan sükutlarla” özünəməxsus ifadəliklə zənginləşdirirdi. Yaşar Nuri də ustadının həmin fəndini məharətlə mənimsəyib, bundan səmərəlicəsinə faydalanıb və ona öz şəxsi “rəngini” verib.

Seyrçilərlə ünsiyyətə arxalanaraq Yaşar Nuri bu fəndi (“mənalı sükutu”) qarşılıqlı dialoqun əməli vasitəsinə çevirir. Bu, vasitəyə xüsusi ilıqlıq, istilik verən həmsöhbətlərinin zövqünə inam və birgə yaradıcılığına çağırışdır. Tamaşanın ilk anlarından qəhrəmanını birmənalı təqdim eləyən Yaşar xüsusi dəqiqliklə onun (personajının) xasiyyətnaməsini səhnəyə hər yeni gəlişində təsdiqləyir, rəngarəngləşdirir və tamaşanın təxminən ortasında obrazı seyrçilərin “köhnə tanışına” çevirir.

Bildiyimiz kimi, hər bir səhnə əsərində həmin tamaşanın, həm də ayrı-ayrı personajın kulminasiya (ən yüksək gərginlik) nöqtəsi olur. Yaşar Nuri personajın seyrçiyə tanış(doğma, yaxın, anlamlı…) etdikdən sonra bir növ onu da, özünü də tamaşanın “əsas sualına”, kulminasiya sualına hazırlaşdırmağa başlayırdı. Onun məqamı yetişəndə isə pauzaya, gərgin mənalı sükuta əl atırdı. Hər hansı tamaşanın hər hansı epizodunda səhnədə Yaşar Nurinin oynadığı obraza sual veriləndə O bir anlığa donurdu. İlkin məqsədi budur ki, qoy seyrçi də sualı tam dərk eləsin…

Sonra sanki özünə varır, susurdu. Bununla seyrçiyə cavabı “proqnozlaşdırmağa” imkan verirdi. Cavabı “tapır”(hərçənd bir aktyor kimi onu öncədən rolunun mətnində bilirdi!..), yöndaşına cavab verməyə hazırlaşır. Hətta deməyə də başlayır, amma… Amma birdən sözünü kəsir. Bu yerdə salona dönür, sanki camaatı özünə şahid tutur. Nəfəsini saxlayan seyrçinin “səbri tükənməyə” bir an qalanda xüsusi vurğuyla cavabını deyir. Bundan sonra bir neçə dəqiqə səhnədə heç nə baş vermir, yöndaşları yerlərindəcə donub gülüş(və ya alqış) tufanının səngiməsini gözləyirdilər. Yaşar Nurinin özü isə bu zaman ifadəli pozada “donub” ağıllı nəzərlərlə seyrçisinə baxırdı ki, bəs, gördünüz də, biz sizinlə eyni “dalğada” düşünüb eyni qənaətə gəlirik. “Pauzanı saxlamaq” fəndinin konkret zaman ölçüsünü bir kimsə təyin edə bilməz. Yalnız və yalnız aktyorun özü fitri duyğusuna arxalanıb sükutun uzunluğunu təyin, təmin və davam etdirə bilir.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »