Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Söz xiridarı Əliağa Vahiddən sevgini vəsf edən 10 qəzəl
"Şikəstə Vahidə olmaz təbiblərdən əlac,

Qalıbdır indi sənin bircə çarə gözlərinə"

Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və digər ədiblərin qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Biz də bu gün sizə görkəmli qəzəlxanımızdan 10 bir-birindən gözəl qəzəl təqdim edirik. Oxuyun, zövq alın.

1. Dəlidir

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir

Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə

Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm

Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.

Sarılır çiğninə gah qoynuna, gah qamətinə

Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.

Bir vəfasız gül üçün naləsi dünyanı tutur

Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur

Vadiyi eşqdə Varmiq dəli, Əzra delidir

Əl götürməz bu qara gözlülərin zülfündən

Hər yetən zənn eləyir Vahidi guya dəlidir.

2. Gözəldir

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm

Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,

Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?

Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi

Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,

Əhsən elə bir şairə əşarı gözəldir.

3. Bəs nə deyim?

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?

Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,

Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?

Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,

Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,

Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!

Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,

Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

4. Dindir məni hərdən, gözəlim.

Dindir məni hərdən, gözəlim, fürsət olanda,

Vəslin bizə bir an, nə olar, qismət olanda?

Bax, gör, məni zülfün ne perişanliğa saldı

Bir gün açaram dərdimi cəmiyyət olanda.

Yüzlərlə cəfa etsən, unutmaz seni könlüm

Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda

Biganə əgər olmasa, tez vəslə yetərdik

Kim xeyr görüb düşməni kəmfürsət olanda?

Zülfün ki, tutub ruyini, çox qorxuram ondan

Aləm toxunar bir-birinə zülmət olanda

Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun

Bülbül dayanarmı gülünə həsrət olanda?

Vahid,hələ qarşında böyük bir gələcək var

Dünya bizə ləzzət verəcək cənnət olanda!

5. Nə dedin bəs?

Məndən, könül , o nazlı nigarə nə dedin bəs?

Çəkdin o güləndamı kenarə,nə dedin bəs?

Əvvəl bunu bildim ki,dedin aşiqin öldü

Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı gorəntək,

Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,

Ziynət vərən ol baği-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,

Göstərdimi bimarinə çarə,nə dedin bəs?

Dami-qəmi-hicranə nəhayət verəcəkmi,

Bu barədə ol laləuzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu,

Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?

6. Yalvarma

Könül, vəfasız olan nazlı yarə yalvarma!

Nə e’tibar ona, bi’etibarə, yalvarma!

Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,

Bu beş gün ömrə görə ruzgarə yalvarma!

Sənin də bir gün olar novbaharın, ey bülbül,

Xəzan cəfasına səbr eylə, xarə yalvarma!

Faqirə, aciz, məzlumə ehtiram eylə,

Əduyə, qaniçənə, zülmkarə yalvarma!

Vətən uğrunda ölüm mərd üçün səadətdir,

Həyat üçün fələki-kəcmədarə yalvarma!

Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,

“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!

Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,

Nə təcdarə, nə bir şəhriyarə yalvarma!

7. Olsa

Ölməzdim əgər sən kimi bir dilbərim olsa,

Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,

Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,

Ahuləri Məçnun eləyən gözlərim olsa.

Kuyində mənə qoy nə bilir eyləsin əqyar,

Əlbəttə, çəzasın cəkər ALLAH kərim olsa.

Biganəyə mən bir belə minnətmi edərdim,

Könlüm kimi bir yari-vəfapərvərim olsa.

Vahid demərəm dərdimi mən başqa nigarə,

Yarım bilir eşgində nə dərdi-sərim olsa.

8. Olmasa da

Yanında dilbərimin etibarım olmasa da,

Yenə qəmin çəkərəm, qəmküsarım olmasa da.

Bədəndə yarı canım qalmayıb, gedib yarım ,

Gərək dözəm qəmi – hicranə, yarım olmasa da.

Günüm ki, tar olub o zülf əlindən, ey tari,

Tərənnüm eylə, səni tari, tarım olmasa da.

Üzün xəyali bəsimdir behişti – kuyində,

Yüz il xəyalıma gəlməz, baharım olmasa da.

Ləbinlə məst gözün hər düşəndə xatirimə,

Şərabə rəğbətim artır, xumarım olmasa da.

Mənim bir ahim ilə şəmlər yanır gecələr,

Toxunma, şöleyi – eşqəm, şərarım olmasa da.

Kəməndi – zülfilə, Vahid, özüm şikar oldum,

Mənim o ahu baxışlı şikarım olmasa da.

9. Gözlərinə

İcazə ver, baxım ey gül, o qarə gözlərinə,

Vurulmuşam, nə edim , aşikarə gözlərinə.

Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,

Baxanda bir də dirilləm, dübarə gözlərinə.

Camalın açma, gülüm, qorxuram görüb üzünü,

Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.

Olaydı qismət öpəydim o nazik əllərini,

Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.

Kəməndi – ah ilə səyyadlar dalınca düşər,

Bu naz ilə əgər etsən işarə gözlərinə.

Gözüm götürməyir əğyarlar baxanda sənə,

Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .

Şikəstə Vahidə olmaz təbiblərdən əlac,

Qalıbdır indi sənin bircə çarə gözlərinə

10. Olacaq

Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq,

Aşikar eyləməyincə ürəyim qan olacaq?

Nə qədər gül üzünün həsrətin aşiq çəksin,

Nə zaman vəslinə bəs yetməyə imkan olacaq?

Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül

Nə qədər bəs o fəğirin işi əfğan olacaq?

Eşqdən başqa nə dərd olsa yenə çarəsi var,

Ayrılıq dərdinə, bilməm necə dərman olacaq?

Öz xoşumla o qarə zülfə əsir oldum özüm,

Bilmədim, xatirim eşqində pərişan olacaq.

Sən götürt məscidi zahid , bizə meyxanəni ver,

Kim bu işdə görək axırda peşiman olacaq?

Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül,

Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »