Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İş adamı əyri yolla pul qazanmır, əyri yolla yalnız məmurlar qazanır" - Sabiq nazir

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a müsahibə verib. Deputat müsahibəsində xaricdə gizlədilən pulların ölkəyə qaytarılması məsələsinə də toxunub.

O qeyd edib ki, düz vəyaxud əyri yolla qazanılmasından asılı olmayaraq ölkədən çıxarılan kapitala amnistiya tətbiq edilməlidir:

"Bunlar ciddi məsələlərdir, elə də asan deyil. Məsələn, İngiltərədə qərar qəbul olunub və kimin orda əmlakı varsa, araşdırmalar gedir. İndi də Rusiya ilə bağlı araşdırmalar aparılır. Heç qaytarmaq söhbəti də getmir. Amma biz bir neçə dəfə demişik ki, Azərbaycanda kapitala amnistiya vermək lazımdır. Mən demirəm onlar düz, ya əyri yolla qazanıblar, axır ki, qazanıblar. Elə isə böyük miqdarda vəsaiti niyə aparıb xaricdə qoymalıdırlar? Biz onlara amnistiya verməliyik, deməliyik ki, sən o vəsaiti Azərbaycana gətirirsən, zavod, fabrik tikirsən, yol çəkirsən... Bunun üçün də xüsusi bir qanun qəbul olunmalıdır. Bir sıra dövlətlərdə belə bir qanun qəbul edilib, yəqin gec-tez biz də qəbul edəcəyik. Çünki insanlar xaricə çox vəsait çıxarıblar. Söhbət milyardlardan gedir. Düzdür, bizim 45 milyard vəsaitimiz var, neftin qiyməti də yüksəkdir, maliyyə problemimiz yoxdur. Amma pulların hamısını xərcləyə bilmərik, gələcək nəsillərə saxlamaq lazımdır".

Vahid Əhmədov və Fikrət Yusifov

Bununla bağlı Bizimyol.info-ya danışan Azərbaycan Respublikasının keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə deputatın fikirləri ilə razılaşmadığını bildirib:

"Vahid Əhmədova böyük hörmətim var amma mən onun fikirləri ilə razı deyiləm. Müstəqilliyimizin ilk illərində belə bir qanun işləyib tərtib etmişdik və həmin qanun layihəsini parlamentə də təqdim etmişdik. O qanunun müəlliflərindən biri də mən idim ki, Sovet dönəmində qazanılan kapitala amnistiya verilsin. Çünki bir zamanlar başqa dövlətin tərkibində idik ona görə də o quruluşda qazanılan vəsaitə görə kimsədən hesab sormaq mümkün deyildi. Artıq müstəqil dövlətdə yaşadığımız üçün amnisytiya verilməsini təklif etmişdik. Həmin dövrlər Vahid Əhmədov da baş nazirin müavini idi, o qanundan xəbəri var idi.

İndi isə iş adamı əyri yolla pul qazanmır, əyri yolla yalnız məmurlar pul qazanır. Mən hesab etmirəm ki, məmur əgər dövlətin büdcəsindən oğurluq edibsə, xəzinədən pul talan edib onu xaricə çıxardıbsa ona amnistiya vermək lazımdır. Qətiyyən bu fikirlə razılaşmıram. Əksinə, mən hesab edirəm ki, hansısa məmur oğurluq edibsə, oğurluğu sübut olunursa bütün vasitələr hesabına onun əlindəki vəsait alınmalı və dövlət büdcəsinə qaytarılmalıdır. İstər daxildə olsun, istərsə də xaricdə, mən bu amnistiyaya heç cür haqq qazandıra bilmərəm. Oğurluq edibsə bu adam cinayət törədib, cinayəti necə amnistiya etmək olar? Bəlkə də Vahid müəllimin başqa fikirləri var, başqa bir təbəqə haqqında o fikirdədir? Amma əgər söhbət məmurlardan gedirsə ona amnistiya vermək olmaz".

Mətbuatda rast gəlirik, vəzifəsindən çıxarılan, hətta qovulan məmurların mülklərinin siyahısı, malikanələri, milyonları üzə çıxır lakin bir dəfə də olsun rast gəlmirik ki, həmin milyonlar müsadirə edilərək dövlət büdcəsinə geri qaytarılıb. Bu haqda nə deyə bilərsiniz?

Sabiq nazir açıqlamasında qeyd edib ki, bu sahədə ciddi işlər görülür və məmurların heç biri də sərbəstləşməsinlər ki, büdcədən pul oğurlayıb sakitçə çıxıb gedəcəklər:

"Xeyr, mən deməzdim ki, geri qaytarılmır. Bu sahədə ciddi işlər gedir. Bütün cəmiyyətə də bəyan olsun ki, o sahədə həqiqətən də ciddi işlər görülür, aiddiyyatı hüquq-mühafizə orqanları bu istiqamətdə işlər görür. Biz Azərbaycan dövlətində yaşayırıq və bu dövlətdə dövlətə xəyanət edənlər bağışlanmır və bağışlanmayacaq. Mən bu kursu ikiəlli dəstəkləyirəm. Əgər görülən işlər bəyan olunmursa bu o demək deyil ki, iş getmir. Gedir, məndə olan məlumatlara görə isə bu sahədə ciddi araşdırmalar gedir. Məmurlar heç də sərbəstləşməsinlər ki, filankəs oğurladı çıxdı getdi və məsələ bitdi. Proseslər getdiyi üçün məlumatlar hələ ki, yayılmır, proses bitdikdən sonra çox güman ki, məlumat yayılacaq".

Rövşən Əsədov / Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »