Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır

Birləşmiş Ştatlar Venesuelaya yardım məqsədi ilə qonşu Kolumbiyaya daha bir təyyarə ərzaq məhsulları və dava-dərman göndərib.

Hərbi-nəqliyyat təyyarəsi Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərinə enib. Bu, son vaxtlar ABŞ-ın Venesuelaya göndərdiyi ikinci humanitar yükdür. Amma Venesuelada prezidentliyini qorumağa çalışan Nikolas Maduro hökumətu bu yükləri ölkəyə buraxmır.

Müxalifət lideri, parlamentin sədri Xuan Quaydo, fevralın 23-dək humanitar yardımların ölkəyə çatdırılmasına çalışır. O, paytaxt Karakasda tərəfdarları qarşısında çıxış edərkən deyib ki, öz planının detallarını fevralın 18-də açıqlayacaq.

Quaydonun hazırda Kolumbiyada olan nümayəndəsi Lester Toledo bildirib ki, müxalifət tərəfdarları hərbçilərlə söhbət etmək, onları sərhədi açmağa inandırmaq üçün sərhədə toplaşacaqlar. Quaydo bu arada bir daha hərbçiləri Maduronun əmrlərinə tabe olmamağa çağırıb.

ABŞ-ın yaxın vaxtlarda Venesuelaya daha 3 təyyarə humanitar yük göndərəcəyi gözlənir. Venesuelada humanitar vəziyyət son illər pisləşib, ölkədə ərzaq və dava-dərman qıtlığı yaranıb.

“Azadlıq radiosu” xatırladır ki, müxalifət lideri və parlamentin sədri Xuan Quaydo ötən ay özünü müvəqqəti ölkə başçısı elan edib və bundan sonra ABŞ, Kanada, bir sıra Iatın Amerikası və Avropa Birliyi ölkələri onun legitimliyini qəbul ediblər.

Rusiya isə Venesuela böhranında Maduronun tərəfini saxlayır və Birləşmiş Ştatları bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »