Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Binaya trasfarmator qoyulmasına 39 milyon xərclənib”
4.7 milyardlıq mənimsəmə ittihamı olan “Beynəlxalq Bank işi”ndə təqsirləndirilənlər ifadə verib: “600 manat maaş alırdım”

Sabiq deputat, iş adamı Dünyamin Xəlilovun yaratdığı MMC-lərdən biri olan "City Delorat" şirkətinə Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün 59 milyon pul ayrılıb.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank” işi üzrə məhkəmədə bunu dövlət ittihamçısı elan edib.

D.Xəlilov isə söyləyib ki, "City Delorat" şirkəti Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün layihələr həyata keçirib: "Həmin ərazi tamamiliə boşaldılıb, sakinlər oradan köçürülüb. Yaşayış binası tikiləndən sonra isə transformatorla təmin edilib. Beynəlxalq Bankdan ayrılan pulalrdan 39 milyon manatı elektrik enerjisi ilə bağlı layihəyə, digər 10 milyon manat isə digər layihələrə xərclənilib”.

Dünyamin Xəlilov ifadəsində bildirmişdi ki, Beynəlxalq Bankın idarə heyətinin sədri olmuş Cahangir Hacıyev tərəfindən “General Consalting” şirkətinin direktoru vəzifəsinə təyin edilib, iki il orada çalışıb. “2005-ci ilin əvvəllərindən isə xarici şirkətlərdə layihələr həyata keçirməyə başladığı üçün biznes fəaliyyəti genişlənib və yeni MMC-lər yaradıb. Xəlilov deyib ki, bir neçə şəxsi də həmin şirkətin direktoru vəzifəsinə təyin edib. “Qanuna əsasən, Beynəlxalq Bank xarici şirkətləri maliyyələşdirə bilməzdi. Ona görə də xarici şirkətlərə pul köçürmələri həmin MMC-lər vasitəsi həyata keçirmişik”.

D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, yaratdığı MMC-lərin maliyyə təsərüfatı ilə bağlı audit yoxlamaları aparılıb, heç bir qanun pozuntuları aşkarlanmayıb.

600 manat maaş alan şirkət direktorunun 9 milyonluq krediti

Prosesdə təqsirləndirilən Samir Hacıyev də dindirilib. O, D.Xəlilovla tanış olduğunu və onun "General Consalting" şirkətində İT mütəxəssisi kimi çalışdığını bildirib. S.Hacıyevin bildirdiyinə görə, Dünyamin Xəlilov deputat seçiləndən sonra şirkətin hüquqşünası ona bir sənədə qol çəkdirib. “Mən də harasa tələsirdim deyə sənədə imza atdım. Sonra Dünyamin müəllim bizi otağına dəvət edib, məni "Sigma line" şirkətinə direktoru təyin etdiyini söylədi. Düzdü, mən də sevindim. Bir qədər keçəndən sonra dəhlizdə olan zaman mühasibatçı sənəd gətirdi. Dedi ki, Dünyamin Xəlilov ona qol çəkməyimi istəyir. Mən də sənədə baxmamış qol çəkdim. Sonra sənədlərlə maraqlandım. Bildirdilər ki, Gürcüstanda çoxmərtəbəli binanın tikilişi üçün bankdam kredit götürülməlidir".

2008-ci ildə ona başqa iş təklifi gəlib, şirkətdən ayrılmaq üçün D.Xəlilova müraciət edib: "Mən şirkətdə 600 manat maaş alırdım. Dünyamin müəllim mənə işdən çıxmağa icazə vermədi, şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi dedi. Mən də gedib, qol çəkib, pulları ona verdim".

Təqsirləndirilən suallara cavab olaraq deyib ki hazırda da adı şirkət direktoru vəzifəsində qalıb və işdən ayrılmaq üçün kimə müraciət edəcəyini bilmir.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxsin dəhlizdə imzaladığı kredit sənədi 9 milyon manatlıq olub: "Digər kredit sənədi isə 3 milyon manatdan çox olub".

“Cahangir Hacıyevi yalnız televizorda görmüşəm”

Prosesdə ifadə verən təqsirləndirilən Sərxam Rəsulov da D.Xəlilovun şirkətində rəhbər vəzifədə çalışıb. O da Beynəlxalq Bankdan 40 min manat kredit götürməkdə ittiham olunur. Təqsirləndirilən isə bildirir ki, sadəcə banka mühasiblə gedib, sənədlərə qol çəkib.

“Dünyamin Xəlilov rəhbərimiz olub. O, dövlət və sosial layihələri həyata keçirirdi. Ona bir rəhbər kimi inanmışam. Amma götürülən pulların nəyə xərcləndiyini bilmirdim. Dünyamin Xəlilovun göstərişlərini həyata keçirirdim. Sonra biz əmlak satıb, banka 610 min manat nəğd şəkildə ödəmişik".

S.Rəsulov deyib ki, D.Xəlilovun şirkətində direktor kimi çalışan zaman 600 manat maaş alıb.

O suallara cavablandıran zaman deyib ki, C.Hacıyevi yalnız televizorda görüb.

Kuryerlikdən şirkət rəhbərinə qədər yüksəliş və 17 milyonluq kredit

Təqsirləndirilən Təbriz Əbdülhəmidov D.Xəlilovun şirkətində əvvəl kuryer kimi çalışdığını, tikinti mütəxəssisi vəzifəsinə təyin edildiyini bildirib. 2007-ci ildə isə D.Xəlilov ona "Pərvanə" MMC-nin rəhbəri olmağı təklif edib. “Dünyamin Xəlilovun nufuzlu şəxs olduğunu bildiyim üçün şirkət direktoru olmağıma razılıq verdim. Mən tikinti mütəxəssisi olduğum üçün həmişə ərazidə olurdum. Sənədləri də həmişə ora gətirirdilər və mən də qol çəkirdim. Vergilər Nazirliyi yoxlama aparan zaman bildim ki, "Cargill"ə bağlı müqaviləyə imza atmışam. Əmək haqqım isə 450-500 manat olub".

D.Xəlilov 2010-cu ilədə onu "Pərvanə" MMC-nin rəhbəri vəzifəsindən kənərlaşdırıb, sonra işini "General Consalting" şirkətində tikinti mütəxəssisi kimi davam etdirib: ""General Consalting" şirkətində direktor olmaq adiləşmişdi. Mən Zaqatala, Qusar, Şəki, Qazaxda Olimpia Kompemlekslərin tikintisinə nəzarət edirdim”.

Təbriz Əbdülhəmidovun Beynəlxalq Bankında ümumilikdə 17 milyon manat kreditin götürməsində sənədlərə qol çəkib.

“Direktor olandan sonra isə 2500 manat maaş almışam”

Təqsirləndirilən Adil Mikayılov isə “Xəzər Menecment” in rəhbəri olub. D.Xəlilovla tanış olduqdan sonra Şəki Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ondan təklif alıb: "Çətinliklə işi başa çatdırdıq. Dünyamin müəllim əvvəl mənə 700 manat, sonra 1000 manat maaş verdi. Dünyamin Xəlilovun şirkəti olan "Xəzər Menecment"in direktoru olandan sonra isə 2500 manat maaş almışam. 2009-cu ildə Beynəlxalq Bankın təminatı ilə Almaniya şirkəti ilə müqavilə bağladıq, avadanlıqlar gəldi. Mən də sənədlərə qol çəkmişəm. Bizə nə deyirdilər onu da edirdik. Pulları bankdan götürüb, gətirib kassarə verirdik".

A.Mikayılov isə Beynəlxalq Bankdan 1 milyon 14 min manatlıq kredit götürməkdə ittiham olunur.

Sualları cavablandıran A.Mikayılov deyib ki, Beynəlxaq Bankdan götürdüyü krediti şirkətin kassiri Əli Muradova verib: "Bizim şirkətin 5 işçisi var idi. Heç bilmirdim ki, onlar nə qədər maaş alıb. Bankdan pulları hissə-hissə götürmüşəm. Ən çox bankdan 14 min pul çıxartmışam. Pulların nəyə xərcləndiyini isə bilmirdim. Mən pulları gətirib, ayda maaşımı alırdım. Ofisimiz "Globus plaza"da yerləşirdi. Bütün şirkətləri Dünyamin Xəlilov idarə edirdi".

"Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə

Təqsirləndirilən Erxan Cavad "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri olub. O, "Buta Kithen" MMC-nin kənardan idarəçisi olduğunu söylib. Bildirib ki, "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsulları alınıb: "Burada Beynəlxalq Bankının rolu isə zamin durub, yəni aktivlər açıb. "Cargill" vasitsilə Azərbaycana qarğıdalı gətiriləcəkdi. Bir müddətdən sonra qarğıdalı satıldı. Faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürdü. 30 milyon bəri başdan Azərbaycana göndərildi, qalan 100 milyon isə şirkətin səhimdarı Nəsib Piriyevin başqa şirkətinə borc kimi köçürüldü. Amma həmin pulun taleyi barədə məlumatım olmadı, çünki mən 2015-ci ildə həbs edildim".

Təqsirləndirilən C.Hacıyev deyib ki, "Cargill" şirkətinin "Buta Kitchen"in hesabına köçürdüyü pullardan 30 milyon manat Beynəlxalq Bankın depozit hesabındadır.

Məhkəmədə elan olunub ki, E.Cavad 2015-ci ildə həbs olunub, 1 ildən artıq həbs olub. O, azadlığa buraxılmaq üçün deyib ki, dəymiş ziyanı ödəmək istiqamətindədir.

Hakim bildirib ki, E.Cavad Nəsib Piriyevlə birgə 249 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur.

Nəsib Piriyevin barəsində axtarış elan olunub, cinayət işi ayrıca icraata ayrılıb.

Proses fevralın 18-də davam edəcək.

Cinayət işi üzrə Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb. Dəymiş ümumi ziyan 4.7 milyard hesablanıb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »