Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergi müfəttişlərinə qarşı 1000 manat rüşvət ittihamı
İtihama görə aksizsiz siqarüetlərin dəyərinin azaldılması və satıcının cinayət məsuliyyətinə cəlb olunmaması qarşılığında rüşvət alıblar

"Cinayət işində mötəbər sübutlar yoxdur. Bu şəxslər bir şahidin şikayəti əsasında həbs olunublar, həmin şəxsin isə təqsirləndirilənlərə qarşı qərəzli olduğu görünür”.

Bunu rüşvət almağa görə mühakimə olunan vergi əməkdaşı Ziyad Lətifovun vəkili Bəylər Məmişov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə deyib.

O, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin günahı yoxdur, özünü təqsirli bilmir.

Bizimyol.info xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiya vəsatəti təmin etməyib və conayət işi baxışa təyin edilib.

Proses fevralın 21-də keçiriləcək.

Cinayət işi üzrə Vergilər Nazirliyinin iki vəzifəli şəxsi təqsirləndirilir. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifov sahibkardan rüşvət almaqda ittiham edilirlər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Adıçəkiləm vergi müfəttişləri Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı qanunazidd əmələ yol veriblər. Belə ki, onlar marketin satıcısı Hüseynəli Kərimlidən 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.

Bunun qarşılığında isə aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması, həmçinin satıcının cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına qərar veriblər.

Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdiriblər. Rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər.

Növbəti gün isə müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »