Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda "BakıKart" problemi - BNA-nın müdaxiləsi lazımdır - Açıqlama
İctimai nəqliyyat vasitələrində ödənişlərin kart sistemi, nağdsız formada həyata keçirilməsi üçün ciddi işlər aparılır. Hətta dövlət rəsmiləri çıxışlarında yaxın gələcək üçün prosesin tamamilə yekunlaşdırılması və bütün sistemlərə nağdsız ödənişlərin tətbiq edilməsindən də söz açırlar. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, artıq əsası qoyulan nağdsız ödənişlər üçün əlverişli şərait və infrastruktur varmı?

Bakı Nəqliyyat Agentliyindən yaxın zamanlarda avtobusların bir çoxunda xüsusi avadanlıqların quraşdırılacağı və mərhələli şəkildə bütün avtobuslarda kartla ödəmə sisteminə keçid olacağı ilə bağlı məlumatlar da mütəmadi yayımlanır. Lakin dayanacaqların bir çoxsunda, hətta hərəkətin intensiv olan prospekt və küçələrində quraşdırılan terminallar hələ də nasaz və baxımsız vəziyyətdədir. Aidiyyatı qurum olan "MilliÖn" və "BakıKart" şirkətləri isə vətəndaşların haqlı narazılıqlarına məhəl qoymur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbədi Mais Ağayev isə açıqlamasında bildirib ki, terminalların fəaliyyəti ilə bağlı sərnişin şikayətləri bir çox hallarda BNA-ya daxil olur ki, həmin şikayətlər aidiyyatı üzrə "MilliÖn" şirkətinə yönləndirilir.

Artıq sosial məkanda baş qaldıran müzakirələrdə terminallarla bağlı məsələlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi fikirləri də səsləndirilməkdədir.

Bununla bağlı Bizimyol.info-ya danışan yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, sərnişinlərin "BakıKart"la bağlı problemləri uzun zamandır ki, var və bu haqlı narazılıqlardır. O, əlavə edib ki, Bakı Nəqliyyat Agentliyinin məsələyə müdaxiləsi zəruridir:

""Bakıkart"la bağlı problem xeyli zamandır var, sərnişinlər uzun müddətdir terminalların olmamasından, azlığından narazılıq edirlər və mən düşünürəm ki, bu haqlı narazılıqdır. Hesab edirəm ki, Bakı şəhərində bu sahədə xeyli çatışmazlıqlar var. Düşünürəm ki, bu məsələyə Bakı Nəqliyyat Agentliyinin müdaxiləsi lazımdır. Çünki sərnişinlər terminal tapıb gedişhaqqı yükləmək imkanı əldə edə bilmirlər, sürücüdən, sərnişinlərdən xahiş etməli olurlar ki, onları kimsə avtobuslara mindirsin. Bir yandan deyirik ki, kart sisteminə keçiad edək, avtobusların hamısı kartla ödəniş sisteminə keçsin, digər yandan isə terminallarla bağlı problemlər yaşayırıq. Düşünürəm ki, bu problemin həlli yolu var. Hətta elə respublikalar var ki, orada vahid kart sistemi tətbiq edilibdir, bankomat kartlarından gedişhaqqı ödəmək üçün istifadə edən ölkələr də var. Ona görə də gələcəkdə bu praktikaları nəzərə almaq olar. Sərnişinlərə geniş imkanlar yaradılmalıdır. Hətta mobil telefonlara xüsusi tətbiqlər yükləyərək də gedişhaqqı ödəmək imkanları yaratmaq mümkündür. Turizm sahəsində inkişafdan danışırıqsa bu şəraiti yaratmalıyıq, çünki turistlər də hazırki çatışmazlıqlardan əziyyət çəkirlər. Ödəmə məntəqələri az olduğuna görə onlar da həddindən artıq narazı qalırlar ölkəmizdən və haqlı narazılıqlar edirlər. Nəzərə almaq lazımdır ki, turistlər də milyonçu deyillər ki, bütün günü kirayə maşında, yaxud taksidə gəzsinlər. Bir çoxları ictimai nəqliyyatdan istifadə edir ki, burada da vəziyyət qeyd etdiyimiz kimidir. Bu məsələyə artıq ciddi yanaşmanın tam zamanıdır. Digər avtobuslar da kartla ödəniş sisteminə keçdiyi üçün bu terminal məsələsinə xüsusi diqqət ayırılmalıdır, terminalların sayı artırılmalı və sazlığına mütəmadi nəzarət edilməlidir. Hətta kameralar quraşdırılmalıdır ki, sərnişinlər avadanlığa zərər vuran zaman müvafiq tədbirlər görülsün. Bildiyim qədərilə BNA-nın bu məsələ ilə bağlı planları genişdir, yəqin ki, yaxın vaxtlarda yeni sistemlərin tətbiqinə şahid olacağıq".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »