Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“4-cü qrupda 600-dən yüksək bal toplayanlar çaş-baş qalıb”

Mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılıb, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev müsahibəsində verib. O bildirib ki, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib.

İxtisas qrupları üzrə dəyişikliklər aşağıdakı kimidir:

Təhsil ixtisasları qrupunda olan 22 ixtisasdan biri (Rəqs müəllimliyi) çıxarılıb, iki ixtisasın isə adında dəyişiklik edilib. Humanitar və sosial ixtisaslar qrupunda olan 17 ixtisasdan biri(Antropologiya)çıxarılıb, iki ixtisas (Kitabşünaslıq və Kitabxanaçılıq və informasiya) isə bir ad altında birləşdirilib. Mədəniyyət və incəsənət ixtisasları qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, Solo oxuma, Estrada sənəti,Kinoşünaslıq, Teatrşünaslıq və s.) bu ixtisaslar bir ad altında birləşdirilib və onlara“sahələr üzrə” sözləri əlavə edilib.

İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 3-ü (Dünya iqtisadiyyatı və İqtisadiyyat, Biznesin idarə edilməsi və Kommersiya) digər uyğun ixtisaslarla, demək olar ki, eyni məzmun təşkil etdiyindən birləşdirilib. Mühasibat uçotu və audit ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib.

Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda da ciddi dəyişikliklər edilib. Mövcud 9 ixtisasdan 3-ü (həkim yardımçısı, bədən tərbiyəsi və idman və turizm və otelçilik) çıxarılıb.

Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada yeni Hərbi tibb, İctimai səhiyyə və Tibb ixtisasları yaradılıb.

Təhsil üzrə ekspert kamran Əsədov “Qafqazinfo”ya bildirib ki, 41 ixtisasın ləğv olunması 4 mindən çox plan yerinin ləğv olunması deməkdir:

“Memarlıq və inşaat universiteti, Texniki universitetdə olan ixtisasların çoxu ləğv olunub və yaxud birləşdirilib. Bu, o deməkdir ki, artıq az sayda tələbə qəbul ediləcək və bu da universitetlərin müqəddəratını həll edəcək. Hətta universitetlərin bağlanma təhlükəsi belə var. Bununla bağlı rəsmi qurumların açıqlamaları hələ də səthidir. Bir neçə ixtisas var ki, onları ali təhsil səviyyəsində keçməyə ehtiyac yoxdur. Məsələn, turizm bələdçisi peşə təhsilində hazırlanacaq kadrdır, tibb bacısı olmaq üçün 6 il oxumağa ehtiyac yoxdur. Dövr mobillik, çeviklik tələb edir. Halbuki bu il səhiyyəmizdə ciddi şəkildə kadr çatışmazlığı var.

Maraqlısı budur ki, yeni qanun ali məktəblərə 2019-2020-ci qəbul ilində tətbiq olunacaq. Müalicə işi ixtisası ləğv olunub, əvəzində tibb yaranıb, indi abituriyentlərə qaranlıq qalıb ki, bu tibb nədir? İxtisasların təsnifatı verilib, açıqlaması yoxdur. Bu dəqiqə dördüncü qrupda 600-dən yüksək bal toplayanlar çaş-baş qalıb.

Maliyyə naziri Samir Şərifov bu il ali məktəblərə plan yerinin 10% artırılacağını demişdi. Axı hazırki vəziyyətə görə 6 minə yaxın plan yeri ləğv olunub. Birinci qrupdan 40-a yaxın ixtisas ləğv olunub. Bu, kifayət qədər ciddi fəsadlar yaradır”.

Son xəbərlər
Bütün xəbərlər »