Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan bankları vasitəsilə xaricə 5.5 milyard manat çıxarılıb - Təfərrüat

"Təqsirləndirilən şəxs: “Ayda 700 manat maaş alırdım”

Cinayət yolu ilə əldə edilmiş pullar bir neçə şirkətin adına köçürülür, daha sonra isə xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb...

5 milyard 500 milyon manat pulu Azərbaycan bankları vasitəsilə leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, M.Əliyev R.Vəliyevi “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət görüşdə özünü bir neçə şirkətin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini deyib. Külli miqdarda dövriyyələri olacağı vədi ilə bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

Bundan sonra, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu bir neçə şirkətin adına köçürüblər. Daha sonra isə xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Ötən prosesdə Rüfət Vəliyev sərbəst ifadəsində deyib ki, taksi sürücüsü kimi fəliyyət göstərən zaman, Türkiyə vətəndaşı olan Əli Cn adlı müştəri razılaşaraq, sürücüsü kimi işləməyə başlayıb. 700 manat məbləğində məvaciblə razılaşıb. Əli Can iş adamı kimi “Kargo" işlədirdi və ona müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırıb. O isə bu işin həyata keçirilməsini Malik Əliyevə təklif edib.

Fevralın 13-də keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib. O bildirib ki, Malik Əliyev 2013-cü ildə onlarla çalışıb, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi.

R.Vəliyev “Azəriqazbank” ASC müşahidə şurasının üzvü Azər Mövsümov, bankın filial müdiri Oqtay Havıyev, Kənan Məcidov və bankın rəhbəri ilə danışıqlarda iştirak etmədiyini bildirib. Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsi ilə xarici şirkətlərin hesabına köçürüb. Həmçinin R.Vəliyevlə "Azəriqazbank” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şurasının üzvü Azər Mövsümov arasında telefon danışıqları olub.

Digər təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev də 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib. Rüfət ona deyib ki, Türkiyə vətəndaşının yanında çalışır. “Onun mal dövriyyəsinin geniş olduğunu bildirdi, mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum və əvvəl 300 manat maaş alırdım”.

M.Əliyev Azər Mövsümova bankda yer verilməsi üçün müraciət edtiyini etiraf edib. “O da Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasında iştirak etmirdim, kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm".

Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb, xaricə köçürüb.

“Royalbank”ın keçmiş əməkdaşı Ülkər Nəbiyeva şahid qismində ifadə verib. 2013-cü ildə M.Əliyev tərəfindən ona iş təklif olunduğunu deyən şahid bildirib ki, R.Vəliyevlə iş görüşməsini "Azəriqazbank"ın Xətai filialının ofisində edib: "Mən işə kərgüzar kimi qəbul olundum. Elə iş yerimiz də bankın ofisi idi. Şirkətə banın filialında ofis ayrılmışdı. Bir neçə işçi orada çalışırdıq. Mən müqavilə sənədlərinə baxırdım".

Ü.Nəbiyeva söyləyib ki, R.Vəliyev və başqa tanımadığı şəxslər banka pulları nağd şəkildə gətirir, pullar orada sayılır, sonra sənədləşmə aparılırdı.

Proses fevralın 20-da davam edəcək.

İttihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »