Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərdən kağız dəsmal da alın!

Bu gün metrodan işə gələnə qədər iki nəfərlə rastlaşdım ki, ətrafdan keçən adamlardan ona kömək etməsini istəyirdi. Onlar bildiyimiz dilənçi deyildilər. Onlar sadəcə çarəsiz qalanlardan idi.

Birinci, yaşı 55-i keçmiş kişi idi. Görünüşündən kasıblığı aydın bilinən ağ saçlı, ağ saqqallı bu adam yaxınlaşıb saxladığına görə üzr istəyib: “Həyat doldaşım və iki qızım evdə acdır. Mənə kömək edin. Ən ucuz toyuq ala bilərsiniz”, -dedi.

Dəfələrlə belə insanlar tərəfindən aldanmışam, hər dəfəsində də bilə-bilə ki məni aldadırlar, bacardığım qədər kömək etməyə şalışmışam. Amma bu adam fərqli idi. Pul istəmirdi. Ona ən ucuz ərzağın alınmasını istəyirdi.

Yaxınlıqdakı marketə girdik. O, alınanları tənbəl matket işçisinin torbaya yıgmasını gözləyirdi, mən artıq hesablaşıb, marketdən çıxıb xeyli uzaqlaşmışdım.

Bir də adamın səsini eşidib arxaya döndüm. Adam qarşımda dayanıb eləcə gözlərimin içinə baxır, heç nə demirdi. Əslində, baxışları ilə hər şeyi deyirdi. Gözlərinin dolduğunu, dodağının səyridiyini və cöhrəsində qəribə ifadə canlandığını gördüm. Sözlə anladılmayacaq ifadə idi.

"Get, səni gözləyirlər",- deyib uzaqlaşdım. Doğrusu mən də kövrəlmişdim.

Düşünürdüm ölkənin bir tərəfində hər naharından onlarla insanı doyuracaq qədər artıq qalan ərzağı zibilə atanlar, başqa tərəfdə həmin ərzağın onda birinə həftələrlə həsrət qalanlar toplusu. Bir tərəfdə harınlar, digər tərəfdə çarəsizlər.

Əvvəki vaxt olasaydı, yəqin bu adam pensiya alar, bəlkə əlavə də haradasa gözətçi işləyərdi və tanımadığı insanların qarşısında bu qədər “sınmazdı”. Dilənməyi özünə sığışdırmayan bu ağ saçlı qoca, yeyəcək dərdindən özünün də, onu bu halda görənlərin də ömrünü “yeməzdi”.

O, 55-60 yaş arasında olan kişi indi harada işləsin ki, ailəsini quru çorəklə təmin etsin? Kim onu işə götürər və ümumiyyətlə, o iş yeri varmı? Axı insan niyə ac qalmaq təhlükəsi yaşamalıdır, kifayət qədər maliyyə resursları olan bir ölkədə?

Ona görə ki, o, hüququnu bilmir? Ona görə ki, o, savadsızdır? Ona görə ki, onun Hadı kimi deputatı var? Ona görə ki, onun dərdini deyəcək, səsini eşidəcək bir qurum yoxdur? Ona görə ki,..

- Qurban olum dayı, “salfetka” al da, nə olar.

Bunu deyən isə 11-12 yaşlarında kiçik, arıq, məsum qızcığaz idi. O, “salfetka” satırdı. Amma məqsədi kağız dəsmal satmaq deyildi. Hamımızın bildiyimiz çörəkpulu qazanmaq cəhdi idi.

Artıq nə düşünəcəyimi belə anlamırdım. “İnsanları bu hala gətirənlərin vicdanını təmizləməyə o qızcığazın satdığı “salfetka”lar yetməz, amma yenə də hərdən “salfetka” almaqları məsləhətdir”, - fikri keçdi ağlımdan.

O qız hələ də orada kağız dəsmal satır. Ya da yoldan keçənlərə yalvarıb-yaxararaq satmağa çalışır. Alın! Alın ki, bir insan, bəlkə bir ailə çörək ala bilsin.

Qadir MUSAOĞLU

Son xəbərlər
Bütün xəbərlər »