Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beş dəqiqəlik yol

Çinarə Omray

Xalamgil illərdi eyni evdə yaşayır...

Uşaqlıqdan onlara gedəndə sarı yekə binanın yanında düşürdük, ordan gedirdik. Belə yadımda qalıb.

Bir də xalamı ancaq toydan toya, yasdan yasa görməyim.

Uşaq vaxtı daha çox görürdüm. Bizim evdən məktəbə getmək üçün tranvaya minib 7-8 dayanacaqdan sonra düşməli idik. Məktəbim düz xalamgilin evinə yaxın idi. Elə xalam oğluyla da bir sinifdə oxuyurdum.

Onda anam, bacım və mən var idik...Anam da məni həmişə bir saat tez yola salırdı. İkinci növbə idi dərsimiz. Mən gəlirdim xalamgilə...Özdə anam necə vaxtında yola salırdısa düz yemək vaxtı çatırdım. Yeməyi yeyib xalam oğlu ilə dərsə gedirdik. Orda oxuduğum müddət xalamın dadlı yeməkləri ilə böyüdüm. Hərdən çaşırdım bazar günləri də eyni vaxtda xalam gilə getməyim gəlirdi.

Sonra hamı böyüdü...Hərənin işi, evi, öz evində günorta yeməyi...

Sonra hamımız böyüdük...Daha evdən bir saat tez çıxıb bir saat gec qayıtmağımın səbəbi günorta yeməyinə çata bilmək yox, onu qazana bilmək olmuşdu.

Bir gecə iki titrək dodaqda xərçəng xəbəri döyər qapınızı.

Əvvəl ağlayarsınız, bir anlıq donar bütün həyat. Qəbul edə bilməzsiniz. Sonra o adamın xatirələrindən danışarlar sanki ölmüş kimi. Yenə ağlayarlar. Birdən bir kişi səsi ucalar:

- Toxtax olmaq lazımdır!

Hamı bu sözə bəndimiş kimi...

Sonra indidən sonra necə davranmaq lazım olduğunu planlaşdırarlar. Biri deyər:

- Özünə bildirməyin.

Biri:

- Yanında daha çox danışıb gülək.

Digəri:

- Deyərik ki, soyuqdəymədi, ya da qaraciyərin.

- Qəti özü bilməsin.

... və beləcə bayaq dodaqlarda titrəyən xərçəng boğaza, ürəyə düşər. Dodaqlar gülümsəməyə məcbur olar. Və beləcə bir nəfər xərçəngdən, qalan bütün doğmalar yalandan gülməkdən hər gün bir az ölər...

Anamla xalamın yanına gedirik. Mən sürücüyə:

- Sarı binanın qabağında saxlayarsınız.

Anam:

- Yox, burda saxlayın.

Düşürük.

- Burda niyə düşdük?

- Hesablamışam buraynan gedəndə 5 dəqiqə tez çatırsan.

...Və demək hər birimizin bir-birimizə çata bilməsi üçün hər zaman 5 dəqiqə tez kəsə bir yolu var. O yolu tapın. Gözləməyin kimsə xərçəng olsun.

Son xəbərlər
Bütün xəbərlər »