Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ziyalıları Abbas Lisaniyə dəstək verdi

Güneyli fəalın həbs edilməsi xəbərinə təpkilər artır

Xəbər verdiyimiz kimi, fevralın 6-da Ərdəbildə tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini təhlükəsizlik qüvvələri saxlayıb. Milli fəalın saxlanılması Cənubi Azərbaycanla yanaşı Azərbaycan Rrespublikasında da birmənalı qarşılanmayıb.

Bir çox ictimai-siyasi fəallar, siyasətçilər Abbas Lisaninin azad olunması ilə bağlı müəyyən fikirlər səsləndirib, bəyanatlar yayıblar. Bizimyol.info məsələ ilə bağlı bir neçə ziyalının fikrini öyrənib.

Bu barədə danışan BDU-nun professoru, siyasi şərhçi Qulu Məhərrəmli deyib ki, İran hökumətinin ana dilində danışmaq haqqı olan insanlara qarşı repressiyası heç də alqışlanan addım deyil və tez bir zamanda Abbas Lisani həbsdən azad edilməlidir:

"Abbas Lisani güneyli soydaşımızdır, hazırda orada yüksəlməkdə olan xalq hərakatının nümayəndələrindən biridir. Bu hərakatın da əsas məqsədi Güneyda yaşayan türklərin, azərbaycanlıların ana dilində təhsil alması, ana dilinin işlənməsi, məktəblərin açılması, türk dilinə qarşı olan sayğısızlığın aradan qaldırmaqdır. Ona görə də İran rejimi bu cür çıxış edən insanlara qarşı repressiya aparmamalıdır. Bu cəmiyyətin üzvlərinin öz ana dillərində təhsil alması, kitab oxuması, ana dilində danışması haqqı var. Onların dövlət bütövlüyünə zərər gətirəcək heç bir əməlləri yoxdur. Sadəcə olaraq bu rejimin mahiyyətindən irəli gəlir ki, milyonlarla sayı olan bir toplumu bu vəziyyətdə saxlayır, soydaşlarımızın öz dilində təhsil almağına, öz dilini inkişaf etdirməyə, öz mədəni muxtariyyətini inkişaf etdirməyə imkan vermir. Düşünürəm ki, bu insan haqqlarına zidd bir məsələdir. Düşünürəm ki, İran hökuməti Abbas Lisaninin həbsdən çıxmasına tez bir zamanda şərait yaratmalıdır. Milyonların səsi eşidilməli, Lisani azadlığa buraxılmalıdır".

Həmçinin Qulu Məhərrəmli bu məsələnin iki ölkə arasındakı münasibətlərə təsirindən də danışıb. Qeyd edib ki, bu hökumətin müdaxilə edəcəyi məsələ olmasa da siyasi partiyalar, siyasi fəallar, ictimai təşkilatlar məsələyə biganə yanaşmamalı və mövqe bildirməlidirlər:

"Əslində bu hökumətlə bağlı məsələ deyil. Bu, vətəndaş cəmiyyətinin məsələsidir. Biz İranla çox yaxın qonşuyuq, əlaqələrimiz var, biz bu əlaqələrin daha da yaxşı olmasının tərəfindəyik. Ancaq burda incə məsələ ondan ibarətdir ki, sən bir etnik kökə mənsub olan insanların ana dilində təhsil almasına imkan vermirsən, ana dilin işlənməyinə imkan vermirsən. Məsələ sırf bununla bağlıdır, siyasi motivi yoxdur. İranda bu məsələ uzun illərdir ki, həll olunmamış qalır. Bir çox dini liderlər də belə vədlər versə də yerinə yetirilməyib. Bu sadəcə olaraq insan haqqlarına hörmətdir. İnsan haqqları ilə bağlı məsələ bir ölkənin daxili işi deyil. Düşünürəm ki, ictimai təşkilatlar bu məsələ ilə bağlı addımlar atmalıdır. Artıq Azərbaycan hökuməti işə qarışarsa bu başqa müstəviyə qalxır. Bunu vətəndaş cəmiyyəti, siyasi partiyalar, siyasi təşkilatlar,d igər qurumlar münasibət bildirməlidir. İran hökuməti də hiss etməlidir ki, Azərbaycan cəmiyyəti bu məsələdən narahatdır. Onu hesablayaraq da hökumət o insanların ana dili ilə bağlı olan haqqlarına hörmətlə yanaşmalıdır".

Tarixçi-alim, professor Cəmil Həsənli də Abbas Lisaninin tez bir zamanda azadlığa buraxılmasının tərəfdarı olduğunu və Milli Şura olaraq da məsələni müzakirə olunacağını bildirib:

"Biz Abbas Lisaninin tez bir müddətdə azadlığa buraxılmasının tərəfdarıyıq. Hesab edirəm ki, Abbas Lisani milli haqlar, dil, mədəniyyət və milli varlıq uğrunda mübarizə aparan şəxsdir. Onun həbsinin heç bir əsası yoxdur. Abbas Lisani milli fəallardan biridir və öz millətinin haqqları uğrunda mübarizə aparır. Dil haqqı hər bir toplumun əsas haqqlarından biridir, Abbas Lisani də bunun uğrunda mübarizə aparan güneyli fəallardan biridir. Onun tezliklə azadlığa buraxılması vacibdir və hakimiyyət orqanları bunu bilməlidir. Biz Milli Şura olaraq məsələni müzakirə edib ondan sonra şura adından mövqeyimizi ifadə edəcəyik".

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, yazıçı-pulisist Sabir Rüstəmxanlı da bəyanat yayaraq Abbas Lisaniyə öz dəstəyini ifadə edib: "Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türklərinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə yenidən 10 ay həbs cəzasına məhkum edilib. Aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir. İndiyə qədər İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə zindanda ən çətin şəraitdə saxlanan, işgəncələrə məruz qalan mübariz və dönməz azərbaycanlı Abbas Lisaninin sağlıq durumu narahatlıq doğurur. Azərbaycan türklərinin dilini, mədəniyyətini əlindən alıb, uşaqlarına ana dilində ad qoymağı yasaqlayır, tarixini saxtalaşdırır, sərvətlərini talayır və duzlaşdırırlar. Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib və bu, rejimi qorxuya salıb. Dini rejim öz hüquqlarını müdafiə edən millətə qarşı orta əsrlərin cəhalət zülmündən fərqlənməyən şəkildə divan tutur. Milli fəalların daş-qalaq edilməsi, asılması, min cür cismani təhqirlərə, təqiblərə məruz qalması göstərir ki, bu rejim hələ 21-ci əsrə gəlib çatmayıb. Amma hər gecənin bir səhəri, hər zülmün bir sonu var. İran rejimi də istisna olmayacaq.

Bu gün Vətənin Güneyində baş verənlər dünyaya səpələnmiş bütün azərbaycanlıları narahat edir. Biz Abbas Lisani və onunla birgə haqsız yerə həbs olunanların dərhal azadlığa buraxılmasını, Azərbaycan türklərinin milli, siyasi və iqtisadi tələblərinin yerinə yetirilməsini istəyirik. Dünya ictimaiyyətini və beynəlxalq təşkilatları da rejimin qeyri-insani siyasətinə etiraz etməyə çağırırıq”.

“Bizim Yol” qəzetinin və bizimyol.info portalının baş redaktoru, publisist Bahəddin Həziyev də Abbas Lisaninin həbs olunması və işgəncələrə məruz qalması ilə bağlı xəbərlərə münasibət bildirib: “Biz bu xəbərləri alan kimi İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etdik. Həm də dəfələrlə. Ancaq bu günə qədər bizim sorğumuza cavab verilməyib. İstər İranda, istər başqa ölkədə, o cümlədən, öz ölkəmizdə olsun, – jurnalistin, ictimai fəalın əsassız olaraq həbs edilməsini və həbsdə saxlanmasını mənfi hal sayıram. Hesab edirəm ki, Abbas Lisani də heç bir cinayətə yol verməyib, İranda yaşayan türklərin – bizim qardaşlarımızın öz dillərində təhsil almasını, milli-mədəni haqları müdafiə edib. Mən də onun azad olunması ilə bağlı çağırışlara dəstək verirəm. 21-ci əsrdə insanları dediyi haqq sözə görə hıbs etmək, işgəncə vermək qəbuledilməzdir, utancvericidir. Güneyli qardaşımızın tezliklı azadlığa buraxılmasını istəyirik və gözləyirik.

Bizimyol.info

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »