Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Evimi Sahib İbrahimov satıb, mənzilimi tələb edirəm”

Dələduzluqda təqsirləndirilən iş adamının məhkəməsində zərərçəkənlər ifadə verib

“Mənim Adil Hüseynovdan aldığım ev sonradan başqasına satılıb. Evi Ayxan adlı şəxsə Sahib İbrahimov satıb. Məhkəməyə müraciət etdim. Ali Məhkəmə onun xeyrinə qərar çıxardı. Evimi tələb edirəm".

Bizimyol.info xəbər verir ki, iş adamı Sahib İbrahimovun məhkəməsində zərərçəkən Nazim Sadıqov deyib.

Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır. O külli-miqdarda dələduzluq, mənimsəmə və s. əməllərdə ittiham edilir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahevrdiyevanın sədrliyi ilə baxılır.

Prosesdə zərərçəkmişin ifadəsinə münasibət bildirən S.İbrahimov isə Ayxan adlı şəxsi tanımadığını deyib. O bildirib ki, Adil Hüseynov qondarma şirkət yaradaraq vətəndaşlara mənzili saxta sənədlə satıb: “Hazırda onun barəsində Baş Prokurorluqda araşdırma aparılır".

Zərərçəkmiş İlqar Hüseynov isə bildirib ki, Sahib İbrahimovun şirkətindən 126 min manata üçotaqlı mənzil alıb. “Həmin ev başqa iki nəfərə satıldığı da məlum oldu. Amma sonra problem həll olundu, mənə mağaza verildi”.

O, hazırda şikayətçi olmadığını bildirib.

Digər zərərçəkmiş Heydər Məmmədov bildirib ki, 2008-ci ildə S.İbrahimovdan 101 800 manata mənzil alıb. Sonra evin başqa şəxslərə satıldığını bilib, hazırda isə problem aradan qaldırılıb.

Pproses fevralın 20-də davam edəcək.

İttiham aktına əsasən, “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İ.Nehrəmliyə məxsus “Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.

O müxtlif şəxslərdən fərqli məbləğlərdə pul alaraq, mənzil verəcəyini vəd edib. Sonradan bu vədinə əməl etməyib.

Cinayət işində 52 zərərçəkmiş var.Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

O həmçinin vergidən yayınma və qanunsuz sahibkarlıqda da təqsirləndirilir.

Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

S.İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »